Əli (ə) ailəsi, ziyalı, yoxsa xalq?
Doğrudanmı, Əli xanədanı cəmiyyətin tərəqqisində təsirsizdir? Yoxsa, ziyalıların araşdırmaları əsassızdır? Bəlkə, dindar xalq özü süstlük göstərir?
Əlinin (ə) müqayisəsiz həqiqət, mütərəqqi məktəb olmasına heç bir şübhə yoxdur. Əli (ə) əfsanəvi həqiqətdir. İnsan necə olmalıdırsa, Əli (ə) elədir!
Onun həyat yoldaşı Fatimə ideal qadın nümunəsi olaraq, heç bir zaman və məkanda öz aktuallığını itirmir. Övladları Hüseyn və Zeynəb öz inqilabları ilə istibdadı bəşər tarixində əbədi rüsvay edənlərdir.
Fatimə "evi”, İbrahimin öz varisləri ilə məskunlaşdığı Kəbədir. Əlbəttə ki, burada "Kəbə” bir işarədir. O Kəbə daşlardan qurulmuşdusa, bu Kəbə insanlardan ucalmışdır. O Kəbə yalnız müsəlmanlar üçün idisə, bu Kəbə bütün məzlum aşiqlərin sığınacağıdır.
Digər bir tərəfdən tarix həmişə şahları və sarayları din, mədəniyyət, elm və bilik mərkəzi kimi tanıtdırmışsa da, agah insanlar bu göyçək sözlərə inanmamış, əsl mərifət ocağını özləri təyin etmişlər. Bu gün də səmimi ürəklər Fatimə evinə məhəbbətlə doludur. Onlar Əhli-beyt (ə) müsibətlərinə ağlayır, ilahi həqiqətlər yolunda canlarından keçirlər. Bu vəqfləri, nəzirləri, ehsanları hesablayın. Bu gün maddiyyat önə çıxıb məzhəb zəifləsə də, həqiqi aşiqlər bir tikə çörəyə möhtac olduqları halda belə imanlarına sədaqət göstərir, Məsumların (ə) xatirəsinə milyonlarla məclislər qururlar. Bu məclislərdə 150 minədək alim və vaiz, yetmiş min rövzəxan iştirak edir. Hüseyniyyələrin inşasına, heyətlərin təşkilinə xərclənən pulları, imanlı müsəlmanların ödədikləri xüms və zəkatı hesablayıb qurtarmaq mümkün deyil. Onu da nəzərə alın ki, bütün bu işlər iqtisadi cəhətdən geri qalmış, əsas sərmayəsi bir neçə min kapitalistin əlində toplanmış ölkələrdə baş verir. Bu yeni təbəqə qərb havasında mədəniyyətbazlıq edir və həqiqi məzhəbi tanımaq istəmir. Bu burjua təbəqəsi arasında üç-beş nəfər özünü dindar göstərən varsa da, bu dindarlıq formal xarakter daşıyır. Seyyid Qütb demişkən, belələri yalnız "amerikan islamı”nı bəyənirlər. Bu "dindar”ların övladları vaxtını Avropa otellərində, çimərliklərdə keçirir, atalarının səxavəti hesabına rəqqasələrin başına pul səpir, arabir də aclıq çəkən ölkələrə qəpik-quruş humanitar yardım göstərirlər. Bir növ sağılıb qurtardıqdan sonra, öz millətlərini sağmaq üçün geri qayıdırlar. Belələri nəinki öz çirkin əməllərindən xəcalət çəkmir, hətta özlərini «mədəniyyət fədailəri» hesab edirlər.
Eyni vaxtda müqəddəs Kərbəla, müqəddəs Kəbə evinin ziyarəti eşqi ilə yaşayan, əqidəsini, dünyagörüşünü artırmaq istəyən, dini vəzifələrini yerinə yetirmək arzusunda olan bir müsəlman cəmi 50 min tümən pul götürüb, "Bismillah” deyərək yola çıxır. (İlahi, nələr deyirlər bu adam haqqında! Millətə, mədəniyyətə xərclənəsi pullar havaya sovruldu! Daha deyən yoxdur ki, adı müsəlman olan bir kapitalistin ərköyün oğlu öz aşnaları ilə Paris otellərində bircə gecədə on
qat bundan artıq pulu havaya sovurur! Özü də xalqın damarından sorulmuş pulu!)
Bunu da qeyd etməliyik ki, özünü əksəriyyət təşkil edən təbəqədən ayırıb "modern” göstərən yalnız bir hissə varlı tacirdir. Varlıların böyük bir hissəsi mədəni, məzhəbi cəhətdən kasıb xalqla çox yaxındır. Onlar din və məzhəb yolunda elə böyük pullar xərcləyirlər ki, bu səxavət yalnız imandan doğa bilər.
Burada bir sual yaranır: Bir tərəfdən İslam bizim dinimizdir. Eləcə də, İslam bəşər tarixinin son dinidir. Ən təkmil olan bu din insanlara yaşamağı, şəxsiyyətli olmağı, mədəniyyət və qanunçuluğu, ilahi və ictimai tövhidi və hər fərdə şəhadətə hazır cəmiyyət qurmağı öyrədir.
Digər tərəfdən, şiə məzhəbi "imamət” və "ədalət” məzhəbidir. Şiələr Əli (ə) və onun övladlarının (ə) ardıcıllarıdır. Tarix bu şəxslərin cihad, müqavimət, azadlıq mübarizəsinə, zülm önündə boyun əyməməsinə şahiddir. Onlar hər zaman zalım və ya istismarçı və müstəmləkəçilərlə yaxınlıqdan kənar olmuşlar.
Əli, Hüseyn və Zeynəbə inam, məsum rəhbərə itaət, elmi ictihad və əməli cihad, şəhadət və hazırlıq, sonuncu İmamın (ə) zühurunun intizarı kimi həqiqətlər hər an diridir.
Bizim xalq eşq əhli olaraq bu ailədən ilham alır. Müqəddəs adlar insanlara ruh verir, onların zikri qanları cuşa gətirir.
Bu xalq həmin müqəddəslər yolunda qanından keçməyə hazırdır. Bu xalq nalə çəkir, qəm içində üzülür, hər il o qanlı hadisəni xatırlayaraq, əzadarlıq edir və hətta eşqin şiddətindən özlərini qana bulayırlar.
Digər bir tərəfdən, bizim ziyalılar, dünyadan xəbərdar və agah gənc nəsil imana möhtac olduğu halda, azadlıq və inqilablar haqqında düşünür, öz xalqının bərabərliyi və ayıqlığı üçün çalışır. Bu günkü ziyalı qərbə uyub, öz xalqına biganə qalan ziyalı deyil. Maraqlıdır ki, o, artıq öz ana dilini unutmur. O, öz adət-ənənəsinə sadiq milləti ilə fəxr edir. Bir vaxt framasonların "saç ayırıcımızdan ayaq dırnağımızadək mədəni olmalıyıq” şüarı şərqdə əkildi və qanla, neftlə suvarılıb cücərdildi. İstismarçılar üçün gözəl otlaq yaradıldı. Bu gün artıq İslam mədəniyyətinin yox, qərbpərəstliyin cəmiyyətdən rədd edilməsi haqqında danışılır. Artıq bizim ziyalı öz ictimai məsuliyyətini gözəl dərk edir.
Bəs nə üçün İslama uyğun dəyişikliklər səmərə vermir? Hər yerdə din də var, məzhəb də, ziyalı da, xalq da. Amma islami dirçəliş yoxdur! Nə üçün dini dəyərlər yolunda göz yaşı axıdan mömin bir millət özünə qayıda bilmir? Din qurtuluş, məzhəb—ədalət, ziyalı—məsul, xalq—mömindirsə, günahkar kimdir? Bu sualın bir cavabı var: alim!
Çünki millətin sevdiyi dini şüurlu şəkildə qəbul edə bilməməsinin səbəbi əsl dini tanımamasıdır. Məhəbbət var, amma mərifət yox! Əgər insanlara həyat vermək üçün gəlmiş bir dində həyat tapa bilmiriksə, demək, bu dini yetərincə tanımırıq. Bəs, bütün bu incəlikləri xalqa kim öyrətməlidir? Əlbəttə ki, alim!
Xalqa Əli şəxsiyyətini alimlər tanıtdırmalıdır. Alim anbar dolu biliyi olan deyil. Bu elm nə vergidir, nə də fizika, kimya. Məlumat ayrı məfhumdur həyat yolunu işıqlandıran məfhum. Allahın elmi nurdur, qaranlıqları işıqlandıran nur! Elm coğrafiya, tarix deyil, iman və əqidədir! Quranda bu elm "fiqh” adlandırılmışdır. Bu gün isə həmin elm «şəri əhkam», «fəri» adlandırılır. Alim qaranlıqda və qaranlıqla işləmir. O, qaranlığı yarıb, doğru yol göstərir. O, sadəcə həkim, ustad deyil, xalqın müəllimidir. Onun elmi Əflatun nəzəriyyəsi yox, risalət elmidir. Məhz belə alimlər "peyğəmbər varisləri” hesab olunmuşlar. Bu elmlər hidayət nurudur.
Hidayət nur aləmi, alim isə ziyalıdır. Bu ziyalı əqidəsi və xalqı qarşısında cavabdehdir.
Şiə aliminin məsuliyyəti daha aydındır. O, "naebi-imam”, yəni imamın xidmətçisidir. Bu alimlər imamət məsuliyyətini öhdələrinə götürmüşlər. İmamət isə peyğəmbərlik məsuliyyətidir. Şiə alimi imamın vəzifəsini icra edir və onun haqqını, payını alır. O, ən azı xalqa imamı tanıtdırmalıdır. Xalq bilməlidir ki, imamlar kim olub, nə düşünüblər, nə danışıblar, nə ediblər? Alimlər imamların həyatını, tarixdə rolunu, əqidəsini, mövqeyini, mübarizəsini bəyan etməlidirlər. Xalq imamət qarşısında hansı vəzifə daşıdığını bilməlidir. Əgər kitab mağazalarında avropalı bir müğənnini təbliğ edən kitab olduğu halda, şiə alimlərini tanıtdıran kitab yoxdursa, demək, alim müqəssirdir. Əgər təhsilli bir gənc öz ana dilində əxlaqsız lent yazıları əldə edib "Nəhcül-bəlağə”ni tapa bilmirsə, müqəssir alimdir. Əgər xalq yalnız imamların doğum və vəfat günlərindən xəbər tutursa, yenə də alim günahkardır.
Əli (ə) azadlıq carçısıdır, xalq isə ona aşiqdir. Xalq əsirdirsə, demək Əlini (ə) yaxşı tanımamışdır.
Əsl dəyər tanımaqdır. Tanımadan sevmək dəyərsiz bir bağlılıqdır. Oxunmayan və ya oxunduqda başa düşülməyən Quranla adi kitablar, ağ dəftər arasında heç bir fərq yoxdur. Hətta insanları Qurandan çəkindirmək üçün "Quranın yetmiş batini var” deyir, insanları həvəsdən salırlar. Hətta iddia edirlər ki, Quranı tərcümə, təfsir etdirmək haramdır.
Amma bu qəbil düşmənlərə cavab olaraq Qurani-kərimdə buyurulur: "Quranın ayələrini düşünün...”. Bəziləri Quranın çətin anlaşıldığını iddia edirlər. Allah-təala isə "Biz Quranı asan göndərdik” buyurur.
Əli (ə) öz ardıcıllarını əsarətdən yalnız o zaman azad edəcək ki, onu tanısınlar. Əgər Əli (ə) haqqında bu günə qədər bircə dənə də olsa yetərli bir kitab yoxdursa, yerə-göyə sığmayan təriflərin səmərəsi nədir?!
İnsan yalnız tanıdıqdan sonra, həqiqətən, sevə bilər. Bu sözlər Fatimə (ə) haqqında da deyilə bilər. Bu əzəmətli qadının ilahi şəxsiyyəti hələ də göz yaşları arxasında açıqlanmamış qalır.
Mənbə: "Fatimə Fatimədir" kitabı