«O pulla olmaz»
Cənab Razi yazır: Polis idarəsinin işçilərindən biri şah zamanı istefa verib işdən çıxır və azad işlə məşğul olur. O mənimlə tanış idi. Bir gün ondan işdən çıxmasının səbəbini soruşdum. Dedi:
Ayətullah Mərəşinin batini baxışı və bəsirəti bu işə bais oldu. Dedim:
Necə məgər? Dedi:
Bir gün iş rejiminə görə axşam saat 12-dən səhər saat səkkizə qədər Qumun "İrəm” xiyabanında postda durmalı idim. Həmin gecə boynuma qüsul gəlmişdi və hamama getməli idim, amma hamam üçün verməyə pulum yox idi. Təqribən gecə saat ikiyə yaxın İsfəhandan müsafir avtobusu gəlib hərəmin qarşısında saxladı ki, müsafirləri endirsin.
Mən yaxınlaşıb sürücüyə dedim:
Maşını burda niyə saxlamısınız? Sürücü vəsiqənizi göstərin. Sürücü bir beş tümənlik ovcuma basıb üzürxahlıq elədi. Mən də ona tez çıxıb getməsinə göstəriş verib öz-özümə dedim:
"Hamam pulu da düzəldi.”
Gözlədim ki, səhərə yaxın hamam açılsın, gedib qüsul alıb namaz qılam.
Hərəmin qapısı hələ açılmamışdı ki, gördüm Ayətullah Mərəşi həmişəki kimi hərəmə tərəf gedir. Amma həmin gecə yolunu dəyişib xiyabanın bu tərəfinə keçdi və mənim yanıma gəldi.
Çatan kimi salam verib dedi:
"İrəli gəl!” Qabağa getdim. Beş tümən mənə uzadıb dedi:
Bu pulla get qüsul al, o pul qüsul almağa yaramaz. Dedim:
Göz üstə! O gecəki hadisədən sonra bu qərara gəldim ki, polis idarəsindən çıxıb azad bir işlə məşğul olum. Belə də oldu... İndi əlhəmdülillah vəziyyətim çox yaxşıdır, Məkkəyə də getmişəm.
«Gələcəyə səyahət»
Cənab Hüseyni yazır:
Bir gün bir məclisdə Ayətullah seyyid Hüseyn Qazidən eşitdim ki, Ayətullahül-üzma seyyid Əbulqasim Xoyi deyirmiş:
Mən Nəcəfdə dini elmləri öyrəndiyim əyyamlarda dini qayda-qanunlara, vird və zikirlərə çox diqqət yetirirdim.
Hərdən Ayətullah seyyid Əli Qazinin feyzlə dolu məclislərində iştirak edir, onun ilahi nəfəsindən bəhrələnirdim.
Bir gün belə məclislərin birində ona dedim:
Mənə bir şey öyrədin, yerinə yetirmək üçün bir əməli tapşırıq verin.
O mənə əməli bir tapşırıq verib dedi:
Qırx gün bu tapşırığa əməl edərsən.
Mən o gündən həmin əməli yerinə yetirməyə başladım. Elə ki, qırxıncı gün başa çatdı, məndə mükaşifə halı yaranmağa başladı və mən bütün hadisələri, həyatımla bağlı olacaqları, öz gələcəyimi müşahidə etməyə başladım. Gördüm minbərdə oturub dərs deyirəm; öz mənzilimdə oturmuşam və camaat mənim evimə get-gəl edir. Camaat namazı qılmağımı, o camaatın müxtəlif məsələlərə görə mənə müraciətini və özümlə bağlı cürbəcür halları bir aynada görürmüş kimi seyr edirdim. Nəhayət bu tamaşanın bir yerində birdən eşitdim ki, kimsə güldəstənin yuxarı hissəsində uca səslə elan edib deyir: İnna lillah və inna ileyhi raciun! Ey camaat məlumunuz olsun ki, Ayətullah Xoyi dünyadan köçdü.
Mükaşifənin bu yerində həmin haldan çıxıb adi hala qayıtdım.
Kitabın müəllifi əlavə edir:
Yuxarıda nəql olunan əhvalatı mən seyyid Məhəmməd Rza Gülpayqaninin vəfatı ilə bağlı cümə axşamlarından birində olarkən seyyid Abdullah Fatiminiya cənablarının dilindən də eşitmişdim.
Mənbə: "Alimlərin kəramətləri haqqında maraqlı əhvalatlar" kitabı