«Hamam, daha vacib idi»
Ağa Rəzəvi buyurur: Bir dəfə rəhmətlik Bidabadi (Şeyx Məhəmməd Cavad) Mədinəyə getmək qəsdi ilə Buşehr yolu ilə Şiraza gəlir və iki aya yaxın orada qalır. Şirazda Əli Əkbər Məcarənin evində qonaq qalan Şeyxin gədiyini eşidən şəhərin elm adamları, onun elm xəzinəsindən bəhrələnmək üçün günün üç vaxtı camaat namazına gəlib onun başına toplaşardılar.
Bir dəfə mənə cənabət qüsulu vacib oldu. Sübh azanından sonra hamam qəsdi ilə evdən çölə çıxdım. Yolda Şeyxul-islam Məhəmməd Baqirlə rastlaşdım.O, sübh namazına Bidabadinin yanına gedirdi. Mənə dedi:
Gəl birlikdə gedək. Utandığımdan bir söz deməyib, ona qoşularaq yola düzəldim. Öz-özümə dedim: Hələ vaxt çoxdur, Bidabadi ilə əlüstü salaməleyk edib sonra hamama gedərəm.
Bidabadilə görüşərkən əvvəl Şeyxül-islam hal-əhval tutub bir kənarda oturdu. Sonra isə mən salaməleyk dedim. Əl tutub görüşəndə, yavaşca məni sinəsinə sıxıb qulağıma belə pıçıldadı:
"Hamam, daha vacib idi!” Onun bu sözündən bədənim əsdi. Qızarıb, başımı aşağı salaraq çölə çıxdım. Şeyxül-islam dedi:
Ağa Bidabadi, Rəzəvi hara gedir? Bidabadi astaca buyurdu:
İşiniz olmasın, onun daha vacib işi var.
«Fitnədən xəbər»
Ağa Rəzəvi buyurur:
Rəhmətlik Bidabadi Şirazda qaldığı vaxtlar "məşrutə”nin qızğın çağlarına təsadüf edirdi. O zaman camaat arasında ikitirəlik yaranmışdı; bəziləri məşrutəni dəstəkləyir, bəziləri də istibdadın qalmasını istəyirdi. Bidabadi münaqişəli tərəflər arasında sülh yaratmaq, təfriqə və fəsadın qarşısını almağa çox ciddi yanaşırdı. O, bu hadisələrdə də ixtilafı aradan qaldırmaq üçün çox çalışdı, hətta şəxsən məşrutə tərəfdarlarından olan əllamə Məhəmməd Baqir İstehbanatinin evinə gedib bu məsələni yoluna qoymaq üçün nə qədər səy etsə də faydası olmadı.
Bu hadisədən sonra gözlənilmədən Şirazı tərk etmək üçün səfərə hazırlaşdı. Biz nə qədər ondan qalmasını israr etsək də, razı olmayıb, dedi:
Tezliklə bu şəhərdə fitnə alovu baş qaldıracaq və bu fitnə atəşində çoxlu qanlar töküləcək, evlər yıxılacaqdır.
O, yola çıxarkən neçə nəfər yaxın adamlardan, o cümlədən Dəllal ləqəbi ilə məşhur olan Seyyid Abbas və Mirzə Məhəmməd Mehdi Həsənpur (hər ikisi "Came” məscidinə get-gəl edirdi) ona qoşulurlar. O iki nəfərin dediyinə görə "Ərjən” çölünə çatanda Bidabadi bizə dedi:
Artıq Şirazda fitnə atəşi şölələnmişdir. Şeyx Məhəmməd Baqir İstehbanati və bir çoxları öldürülmüşdür, evdə ailələriniz çox nigarandır, gərək qayıdasınız.
Bu xəbərdən sonra biz ikimiz və başqa neçə nəfər Şiraza qayıtdıq və o böyük şəxsin sözlərinin doğruluğunun şahidi olduq.
Mənbə: "Alimlərin kəramətləri haqqında maraqlı əhvalatlar" kitabı