«Qızıllara əl vurma»
Vaiz və Əhvaz şəhərinin pişnamazı Hacı Seyyid Tacəddin Dezfuli bir neçə vasitəylə əcdadlarından olan Seyyid Məhəmməd Əlidən belə nəql edir:
Ziyarət niyyətilə Nəcəf-Əşrəfə səfərə getdim. Özümlə götürdüyüm bir miqdar pulum da qurtardı. Hətta bir tanış yox idi ki, ondan borc pul alım. qürurumdan bu haqda alimlərdən biriylə danışmağa razı ola bilmədim. Buna görə də Həzrət Əlinin (ə) hərəminə gedib müşkülümü o həzrətə ərz edərək, dedim:
Əgər hacətim qəbul olmasa, necə olursa-olsun sənin hərəmindəki qızıllardan bir miqdar götürüb xərcləyəcəm. Sonra evə qayıdıb həmin gecə ac-qarına yatdım.
Səhər gördüm ki, kimsə məni çağırır. Özümü ona təqdim etdim. Həmin şəxs dedi: Mən Molla, Şeyx Ənsarinin xidmətçisiyəm. O səni görmək istəyir və dedi ki, səninlə karvansarada filan otaqda görüşə bilərəm. Xidmətçilə birlikdə Şeyxin hüzuruna getdim. Şeyx bir pul kisəsini mənə verib dedi:
Bu otuz tümən İran puludur ki, cəddin Əli (ə) xərclik üçün sənə verib. Pulları götürüb neçə addım uzaqlaşandan sonra məni çağırıb yavaşca dedi:
Daha Həzrət Əlinin (ə) qızıllarına əl vurma.
Onun sözlərindən çox təəccübləndim. Çünki bu, yalnız mənim zehnimdən keçmişdi və mən bunu, o böyük alimin kəramətlərindən hesab etdim.
«İmamət günəşİlə görüş»
Şeyx Ənsarinin şagirdlərindən biri belə nəql edir:
Kərbəlaya müşərrəf olduğum xüsusi ziyarətlərimdən birində, gecə yarısı hamama getmək üçün evdən çölə çıxdım. Küçələr palçıqlı olduğundan özümlə çıraq götürdüm. Uzaqdan Şeyxə bənzər bir şəxs gördüm. Bir az yaxınlaşanda bildim ki, Şeyx özüdür. Öz-özümə dedim ki, bu gecə vaxtı gözü də zəif olan adam palçıqlı yolda hara gedir? Mən fürsəti əldən verməmək üçün yavaşca Şeyxin arxasınca düşdüm. Uçub-dağılmış bir evin qapısına çatdıqda dayandı. Xas bir tərzdə Camiə ziyarətnaməsini oxuyub, evə daxil oldu. Daha heç nə görə bilmədim, amma Şeyxin səsini eşidirdim. Guya kiminləsə danışırdı. Hamama gedəndən sonra hərəmə müşərrəf oldum və Şeyx də orada idi. Səfərdən sonra, Nəcəf-Əşrəfdə Şeyxin hüzuruna gedib, həmin axşam gördüklərim haqda soruşdum. Əvvəl Şeyx inkar etməyə başladı, amma çox israr etdikdən sonra dedi:
Bəzən İmam Zamanın (ə) hüzuruna getmək üçün mənə o Həzrət tərəfindən izin verilir və sənin heç vaxt tapa bilməyəcəyin həmin xaraba evin qapısına gedib "Camiə” ziyarətnaməsini oxuyuram. Yenidən icazə verildikdə İmamın hüzurunda hazır olub bəzi məsələlər haqda o həzrətdən soruşuram.
Sonra Şeyx dedi:
Nə qədər ki, mən sağam bu məsələni gizli saxla və heç kimə danışma.
Mənbə: "Alimlərin kəramətləri haqqında maraqlı əhvalatlar" kitabı