«Fatimənin adı düyün açandır»
Rəhmətlik Ayətullah Qazinin uzun illər Seyyid Murtəza Kəşmiri (vəfatı 1350 q.) ilə yaxın əlaqələri olmuşdur. Seyyid Murtəza Kəşmiri öz dövrünün nadir şəxsiyyətlərindən, zahid və mükaşifə sahiblərindən idi.
Qazi nəql edir ki, bir gün Murtəza Kəşmiri ilə birlikdə İmam Hüseynin (ə) qəbrini ziyarət etmək üçün Nəcəf-Əşrəfdən Kərbəlaya gəldik. Beynəl-Hərəmeynin bazar mədrəsəsində bir hücrə tutduq. Bu hücrə pillələrin qurtaracağında yerləşirdi və buna görə də hər gün o uzunluqda pillələri düşüb-çıxmalı olurduq. Həmin ərəfələrdə bir dəfə Seyyid Murtəza qabaqda, mən də arxasınca hücrəmizə gedirdik. Elə ki, pillələr sona yetdi, gördük hücrənin qapısı bağlıdır. Kəşmiri nəzərini mənə yönəldib dedi:
Deyirlər, hər kəs Həzrət Musanın (ə) anasının adını bağlı qıfıla oxusa, qıfıl açılar. Mənim anam (Həzrət Fatimə (ə.s)) Həzrət Musanın anasından heç də əskik deyil.
Bunu deyib əlini qıfıla uzatdı və dedi: "Ya Fatimə!” Bir anda açıq qıfılı qarşıma qoydu və içəri keçdik.
«Bərəkətli pullar»
Cənab Ələmül-HudaMəlayiri deyir:
Nəcəf-Əşrəfdə dini təhsil aldığım vaxtlar dolanışıq cəhətdən çətinlik çəkirdim. Bir gün iş o yerə çatdı ki, ailəmə çörək almağa bir qəpik pulum qalmadı. Evdən çıxıb pərişan halda bazara yollandım. Neçə dəfə bazarı əvvəldən axıra kimi gedib-gəldim və kimsəyə öz vəziyyətimi bildirmədim. Öz-özümə fikirləşdim, bazarda bu cür gedib-gəlmək yaxşı iş deyil. Bazardan çıxıb küçəyə daxil oldum, hacı Səidin evinin yanına çatanda birdən Seyyid Mürtəza Kəşmirini gördüm. Mənə çatanda əvvəl dedi: Nə olub sənə? Niyə bu haldasan? Cəddin Əmirəlmöminin (ə) arpa çörəyi yeyərdi, elə gün də olurdu heç nə tapmırdı.
Beləcə o həzrətin (əs) çətinliklərindən bir az danışıb mənə ürək-dirək verdi və sonra dedi:
Səbr elə, darıxma, əlbəttə düzələcəkdir. Nəcəfdə gərək zəhmət çəkəsən, əzaba qatlaşasan.
Bunu deyib bir neçə xırda pul cibimə saldı və dedi: Bu pulları heç vaxt sayma və kimsəyə də söyləmə. Nə qədər istəsən ondan xərclə.
Mürtəza Kəşmiri gedəndən sonra bazara girib həmin pula bir az çörək, yavanlıq alıb evə döndüm. Neçə gün bu minvalla həmin pulla alış veriş edirdim. Öz-özümə fikirləşdim ki, bu pullar qurtaran deyil, əlimi cibimə salanda oradan pul çıxır, yaxşısı budur ki, bir az evi-eşiyi sahmana salım. Həmin gün evə ət alıb gətirdim. Arvad əti görüb dedi:
Deyəsən vəziyyətin düzəlibdir, bəxtin gətiribdir? Dedim:
Bəli. Dedi:
Onda don tikdirmək üçün mənə bir az parça alarsan.
Bazara gedib parça satandan arvadın tapşırdığı parçanı kəsdirib bükdürdüm. Əlimi cibimə saldım, bir miqdar pul çıxardıb parça satanın qarşısına qoydum və dedim:
Bax gör parçanın pulunu ödəyirmi? Əskik olsa, üstünü düzəldim.
Pulları sayıb gördü ki, elə o deyən miqdardır. Nə isə, bu minvalla mən düz bir il hər gün özümə lazım olan qədər o pullardan xərcləyirdim və bu barədə kimsəyə bir kəlmə söz demirdim.
Günlərin bir günü paltarımı yumaq üçün dəyişməli oldum və pulları cibimdən çıxarmaq yadımdan çıxdı. Paltarları yumaq üçün verib evdən çölə çıxdım.
Uşaqlardan biri əlini cibimə salıb pulları çölə çıxardır və həmin pullarla o günün alış verişi edilir. Bununla da pullar birdəfəlik qurtarır.
Şəhid Ayətullah Dəstğeyb bu hekayənin nəqlindən sonra buyurur:
Seyyid Mürtəza Kəşmirinin kəramətləri və imam Zaman Həzrətləri (əs) ilə görüşməsini Nəcəf-Əşrəfin əksər elm adamları təsdiq edirdilər.
Mənbə: "Alimlərin kəramətləri haqqında maraqlı əhvalatlar" kitabı