Bu vəhşilərə deyin!
Böyük alimlərdən biri bolşeviklərin zamanında Rusiyada olan bir şəxsin dilindən belə nəql edirdi:
"Qafqazda yerləşən üç böyük şəhərə – Bakı, Tiflis və İrəvana get-gəl edirdim. Bir dəfə Tiflis şəhərində olarkən bir qrup məsihi ilə qatara mindim. Elə bu vaxt bir keşiş də onu müşaiyət edənbir-neçə nəfərlə qatara daxil oldu. O vaxtlar hər şəhərdə ancaq iki və ya üç keşiş olardı. Buna baxmayaraq qatarda olan məsihilərin heç biri ona əhəmiyyət vermədi. Elə bu vaxt qalxıb yerimi həmin keşişə verdim. Keşiş dedi:
Nə üçün qalxıb yerini mənə verdin? Dedim: Çünki bizim itaət etdiyimiz peyğəmbər bizə ruhanilərə hörmət etməyi buyurmuşdur.
Keşiş bir müddət başını aşağı saldı və sonra yenə də soruşdu: Xahiş edirəm, niyə qalxıb mənə yer verdiyinizi bir daha təkrar edəsiniz. Dedim ki, biz müsəlmanların peyğəmbəri ruhanilərə hörmət etməyi bizə tövsiyə etmişdir. Keşiş ətrafına göz gəzdirib dedi: "Bunu bu vəhşilərə deyin, bu vəhşilərə deyin! (Bolşevik–yəni dinsiz.)
Buradan məlum olur ki, onlar fəqət islam dini ilə deyil, bütün dinlərlə müxalif idilər.
Nemət bol deyilsə, deməli şükrümüz az olmuşdur
Başımıza gələn bütün bəla və müsibətlər Allahın bizə əta etdiyi nemətlər qarşısında naşükür olmağımızla əlaqədardır. Çünki Allah-təala İbrahim surəsinin 7-ci ayəsində buyurur:
"Yadınıza salın ki, o zaman Rəbbiniz bunu bildirmişdi: Əgər (Mənə) şükür etsəniz, sizə olan nemətimi artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən, şiddətlidir.”
Şükür etmək nemətlərin artmasına və naşükürlük isə onların azalmasına səbəb olur. Əgər Allahın bizə əta etdiyi nemətlərin azaldığını görsək, şübhəsiz ki, bunun əsas səbəbi bizim naşükürlüyümüzdən irəli gəlir.
Şükürün geniş mənası vardır ki, onlardan biri də Allaha itaət deməkdir. Şükür təkcə dildə "əlhəmdülillah” deməklə bitmir. Baxmayaraq ki, bu da Allaha şükür etməyin bir yoludur və itaət deməkdir.
Deməli, Rəbbin bizə lütf etdiyi nemətlərin müqabilində şükür Onun itaətində olmaq və nemətlərin daha artması mənasındadır. Nemətlər qarşısında naşükürlük isə Allaha qarşı üsyan və Onun tərəfindən nazil olacaq əzaba dəlalət edir.
Əgər nə vaxtsa başımıza bir müsibət və ya bəla gələrsə, onun səbəbini ötən günlərdə axtarmalıyıq. Çünki, insan öz yaxşı və pis əməllərinin müqabilində Allah-təala tərəfindən mükafatlandırılır. Yaxşıya yaxşı, pisə isə pis ilə cavab verilir.
Biz nə vaxt hansı bir vacib əməli tərk etmədiyimizə və ya harama mürtəkib olmadığımıza əmin olsaq, gərək sevincdən papağımızı göyə ataq.