İmam Əlinin (ə) vəsiyyətləri
İmam Əli (ə) ömrünün son anlarında oğlu İmam Həsən (ə) və İmam Hüseynə (ə) belə vəsiyyət etdi.
Sizi təqvalı olmağa və Allahdan qorxmağa çağırıram. Dünya sizə üz tutsa da, siz dünyapərəst olmayın. Əlinizdən çıxan dünya malı üçün təəssüflənməyin. Haqqı deyin, Allah savabına və əcrinə xatir iş görün. Zalımın qatı düşməni, məzlumun isə tərəfdarı olun. Mən sizi və bütün övladlarımı, ailəmi və bu vəsiyyətimi oxuyan hər bir kəsi təqvalı olmağa, Allahdan qorxmağa, işlərində nizamlı olmağa və insanlar arasında sülh yaratmağa çağırıram. Çünki mən sizin cəddiniz Rəsulallah (s)-dən belə eşitmişəm: "İnsanlar arasında sülh və mehribanlıq yaratmaq (bütün nafilə) namaz və orucdan üstündür.” Allah, Allah xatirinə yetimləri qoruyun. Elə etməyin ki, onlar bə‟zən ac, bə‟zən də tox qalsınlar. Elə etməyin ki, onlar sizin biganəliyiniz üzündən qarşınızda məhv olub puça çıxsınlar. Allah, Allah xatirinə qonşularınızı yaddan çıxarmayın. Çünki Peyğəmbəriniz(s) qonşulara yaxşılıq etməyi dəfələrlə tövsiyə etmişdir. O, dəfələrlə qonşular haqda elə tövsiyələr etdi ki, onların da mirasa daxil olacağını düşündük. Allah, Allah xatirinə Qur‟ana riayət edin. Elə etməyin ki, ona əməl etməkdə başqaları sizi qabaqlasın. Allah, Allah xatirinə namazı unutmayın. Çünki namaz dininizin sütunudur. Allah, Allah xatirinə Rəbbinizin evini ziyarət etməyi unutmayın. Nə qədər ki, varsız, onu boş qoymayın. Çünki onu boş qoysanız, sizə möhlət verilməz. (Allahın bəlası sizə nazil olar.) Allah, Allah xatirinə canınızla, malınızla, dilinizlə Allah yolunda mübarizə aparın. (Çünki bütün bunları gərək bu yolda sərf edəsiniz.) Siz gərək həmişə dostluq əlaqələrini genişləndirəsiniz. Bağışlamağı, əta etməyi unutmayın. Bir-birinizdən üz çevirməyin, bir-birinizlə əlaqələrinizi kəsməkdən çəkinin. Əmr be-mə‟ruf və nəhy əz-münkəri tərk etməyin ki, pislər sizə hakim kəsilərlər. Sonra nə qədər dua etsəniz də, müstəcab (xeyri) olmaz. Allah-təala bizləri dünya və axirətdə Əli (ə)-dan ayrı salmasın. Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.
Mənbə: "Qədr gecəsi" kitabı
Müəllif: Ocaq Nejad ağa