Həzrət Əli (ə) Qurani natiqdir
Həzrət Əli (ə) Qurani natiqdir. Qədr gecəsi Allah-təala bizə iki Quranı təqdim edir. Onlardan biri samit Qurandır ki, bu gecə nazil olur. İkinci Quran isə Əlidir. Həzrət Əli (ə) Quranın danışan dilidir. Bu gecə onun vilayəti təyin olur.
Həzrət Peyğəmbər (s) Əliyə (ə) buyurdu: Ya Əli, bilirsənmi qədr gecəsi necə bir gecədir? Əli (ə) dedi: Xeyr, ya Rəsuləllah? Həzrət Peyğəmbər (s) buyurdu: Həqiqətən Allah-təala qiyamətə qədər hər nə baş verəcəksə, hamısını qədr gecəsində təyin edir. Allah-təala Qədr gecəsində sənin və sənin övladlarından olan imamların vilayətini təyin edir. Qədr gecəsi Allahın kitabı olan Quran nazil olur. Lakin bu Quran samitdir. Yəni nə qədər onu oxumasan o səninlə heç bir söz danışmaz. Onu açıb oxumaq və ayələrinə də Allah istədiyi kimi əməl etmək lazımdır. Nəhcül- bəlağədə Həzrət Əli (ə) buyurur: Quranı danışdırın ki, sizinlə danışsın. (Onu danışdırmasanız sizinlə danışmayacaq). İkinci Quran isə natiq Qurandır. Yəni bu Quran insanlarla söhbət edib danışır. İmam Quranın danışan dilidir.
Quranda qaranlıq yer gördükdə həmin yeri açıqlamaq yalnız imamın səlahiyyətindədir. İmamdan başqa hər kəs bu Quranın adından hər nə danışarsa, hamısı cırılıb atılmalıdır. Çünki Quranın mənasını Peyğəmbər, Əli (ə), xanım Zəhra (s.ə), İmam Həsən (ə), imam Hüseyn (ə) və onun on bir ovladı olan imamlar açıqlaya bilər. Bunlar Quranın danışan dilidir. Allah onları Quranın mənasını insanlara başa salmaq üçün təyin etmişdir. Düşmən bilir ki, Quran insanla söhbət etməyəcək. Buna görə də əvvəl Quranın danışan dilini aradan götürür. Əhli-beyti Qurandan ayırdıqdan sonra onu istədikləri yerə yozub mənasını dəyişirlər. Quranın danışan dilini kəsdikdən sonra, Onu müdafiə edən olmadıqda, istədikləri kimi təfsir edib mənasını dəyişə bilirlər. Müaviyə Həzrət Əli (ə) ilə müharibə edərkən məğlub olduğunu gördükdə Quranları nizələrin ucuna taxıb hiyləyə əl atdı. O zamanın dar düşüncəli bəzi müsəlmanları bu hiyləyə aldanıb müharibədən əl götürərək dedilər: Biz Quranla müharibə etməyəcəyik. Həzrət Əli (ə) onları başa saldı ki, onlar Quranı nizələrə taxmaqla hiyləyə əl atırlar. Onlar bunun vasitəsilə canlarını qorumaq istəyirlər. Buna görə də Həzrət buyurdu: Mən sizə deyirəm, ilk öncə vurub o quranları yerə salın. Onlar sadəcə bir parça dərdidir. Mən isə Quranın danışan diliyəm. Qurani natiq mənəm. Lakin həmin insanlar Həzrət Əlinin (ə) sözlərinə məhəl qoymadılar heç, əksinə öz qılınclarını o həzrətə sarı yönəltdilər.
Mənbə: "Qədr gecəsi" kitabı
Müəllif: Ocaq Nejad ağa