GƏLƏCƏYİN TƏMİNİ ADI İLƏ HƏRİSLİK
Hamı "gələcəyin fikrində olmaq (sabahı fikirləşmək), gələcəyi təmin etmək lazımdır”, deyir. Çox ağıllı sözdür, amma yerində başa düşülüb, yerində işlənmir. Gələcəyi təmin etmək, banka pul qoymaqdırmı?! Görəsən, 50-60 illik ömrü (bu da ehtimaldır, yə”qin deyil), belə əziz bir vaxtı sərvət toplayıb, sonra da dünyada qoyub getməyə dəyərmi?! Bütün bunlar cəhalətdəndir. Axı kim üçün qarşıda aclıq təhlükəsi var ki, hərislik etsin?! Siz öz həyatınızda neçə nəfərin aclıqdan öldüyünə şahid olmusunuz?
Bəli, əgər qıtlıq olarsa, bu da ölümün vasitələrindəndir ki, müəyyən olunub və elə bir dövrdə varlılıq da kara gəlmir. Əgər bir ömür də olsa, gələcək üçün xətər yoxdur. Allah-Taala zəmanət verib, hətta and içib ki, hər bir canlının ruzisini yetirəcək. (51-ci surə, 23-cü ayə və 11-ci surə, 8-ci ayə). Lakin axirət üçün əmr edib, təkid edib, qorxudub ki, fikirləşək, çalışaq və məbada məhşərə gəda kimi əliboş daxil olaq.
"Allah kərimdir”, deyirik, düzdür. Amma əgər Allahı doğrudan da kərim (kərəm, səxavət sahibi) biliriksə, nə üçün dünya işlərində Onu kərim hesab etmirik?! Məlum olur ki, dediyimiz sözlər səmimi deyil.
Əgər doğrudan da, öz gələcəyinizi təmin etmək istəyirsinizsə, Allah yanındakı əmanət sandığında özünüz üçün hesab açın. Sizin ibadətiniz və verdiyiniz sədəqələr həmin hesabdakı əmanətləriniz, sədəqələrinizdir. Bilin ki, Allah bu əmanəti yaxşıca hifz edər, Qiyamətin günü, bəlkə də həmin dünyada əvəzini qaytarar. (73-cü surə, 20-ci ayə)
Quranda Rəbbimiz Öz Peyğəmbərinə əmr edir ki, onları sonrakı əzablarla qorxut. İndi özünüz bilin: qarşıda çətin bir gün var.
İSRAFİL SURU ÜFÜRÜR
Quranda dəfələrlə xəbər verilmişdir ki, Qiyamət qoparkən ən ilkin, sur üfürüləcəkdir. Ayə və hədislərdən belə məlum olur ki, sur iki dəfə üfürüləcəkdir: 1-ci öldürən, 2-ci dirildəndir.
"Zümər” surəsi, 68-ci ayə: "Elə ki, sur çalındı, Allahın istədiyi kimsələrdən savayı göylərdə və yerdə kim varsa, hamısı yıxılıb ölər. Bir daha çalınanda isə bütün ölənlər ayağa qaxıb olacağı gözləyərlər.”