Günlərin bir günü yoxsul bir şeyx gözləri tutulmuş ahıl dərvişin evində "Quran” gördü. İyul ayı idi. Bu qocanın evində bir neçə gün qonaq qalan şeyx bir gün özü-özünə: "Quran” bu kişinin nəyinə gərəkmiş? O ki görmür?” deyə sual verdi. Bu düşüncə beynini xeyli məşğul etdi: "Evdə bu dərvişdən başqa birisi yaşamırsa, divardan asılan bu "Quran”dan kim yararlanır? Hərçənd bunun səbəbini ev sahibinə sormam da hər halda mənasız və axmaq bir iş olar. Görən soruşummu bunu?Yox, sussam yaxşıdır, səbr etməklə də muradıma çataram.” Qonaq bu maraq və sıxıntı içində bir neçə gün dözdü və ən sonda məsələ aydınlığa qovuşdu,çünki səbr - fərəh (rahatlıq) və nəşənin açarıdır. Kor bir qocanın evinin divarında "Quran”ın asılma səbəbiylə maraqlanan qonaq da səbr eylədi və o gizli sualına cavab tapdı.
Bir gecə yarısı o, "Quran” oxuyan səs eşitdi, sıçrayıb yatağından qalxdı və onu karıxdıracaq bir mənzərə ilə qarşılaşdı: Gözləri tutulan ev sahibi yanlışa yol vermədən "Quran” oxuyurdu. Qonaq artıq səbrini basa bilmədi və bununla bağlı kor qocadan xəbər aldı: "Gözlərin görmədiyi halda sən necə "Quran” oxuya bilirsən? O sətirləri və hərfləri necə ayırd edirsən? Üstəlik, əyilib oxuduğun sətiri izləyir, barmağını ayətin uyğun hərfləri üzərində gəzdirirsən? Əlin sətirlər üzərində var-gəl etdiyindən belə çıxır ki, sən onları görürsən?”
Kor qoca qonağı olan şeyxə bildirdi ki: "Ey insan bədəninin necə böyük sənət əsəri olduğundan xəbərsiz insan! Bu möcüzəni Allahın yaradıcı gücü və qüdrəti üçün çox qəliz bir şey saydığına görəmi belə karıxırsan?! Mən Allaha yalvardım ki: "Ey yardımların qaynağı Rəbbim! Bir insan öz canına nə dərəcədə düşkündürsə, mən də "Quran” oxumağa o qədər həvəsliyəm. Hafiz (="Qurani-Kərim”i əzbər bilən adam) olmadığım üçün "Quran” oxuyacağım zamanlarda gözlərimə fasiləsiz bir nur bəxş eylə! Rəbbim! "Quran”ı əlimə aldığım zaman gözlərimi təkrar mənə qaytar ki, ayətləri tam dəqiq, aramsız və aşkar oxuya bilim!”
Allahdan mənə bir səs, bir nida gəldi: "Ey "Quran” aşiqi! Ey ibadət edən, savab işlər görən, insanlara yararlı olan! Ey hər zəhmətdə, dərddə bizdən ümidini üzməyən qulum! Sənin gözəl bir zənnin və xoş ümidin var ki, onlar sənə hər an "Daha da yüksəl! Daha da ucal!” deməkdədirlər.
Bir müsəlman Allahla bağlı gözəl bir zənndə olmalı, Ondan heç ümid kəsməməlidir. Yəni Ondan istədiyini verəcəyini və günahlarını əfv edəcəyini ummaq lazımdır, çünki bir mübarək hədisdə buyurulur ki: "Mən qulumun zənninə görəyəm: mənə dair nə zənn edərsə, onu yerinə yetirərəm. Ey üstün varlıq, nə zaman "Quran” oxumaq istəsən, yaxud könlündən dinlə bağlı kitablar oxumaq keçsə, kitabı əlinə alınca onu rahat oxuman üçün gözlərini, yəni görmə qabiliyyətini sənə geri verəcəyəm!”
O, dediyi kimi də elədi. Oxumaq üçün "Quran”ı açdığım zaman hər şeyi bilən, heç bir işdən qafil olmayan o böyük varlıq, o ulu padişah, o misli, bərabəri olmayan sultan görmə hissimi mənə qaytarır. O zaman mən gecənin zülmətini yaran bir çıraq kimi oluram.”
Məhz bu üzdəndir ki, vəli Haqqa təqdir buyurduğu bir şey üçün etirazda bulunmaz, çünki Allah nə alarsa, onun əvəzində mütləq bir ehsanda bulunar. Bağını xəzana verərsə, sənə o bağ dolusu bol üzüm bəxş edər, batdığın o yası toya, düyünə çevirər. İtirdiyimiz böyük və dəyərli bir şey olsa belə, madam ki, O bizə bunun qarşılığında ehsanlar göndərir, o halda buna etiraz etmək heç yaramaz. Madam ki, qızdırmam olmadan hərarətim yüksəlir, o halda atəşimi söndürməsinə də etiraz etmərəm. Yəni madam ki, Haqq mənə səbəbsiz lütflər göstərir, bu səbəbin əldən çıxmasına da razıyam. Çıraqsız, şamsız aydınlıq qazana bilirsənsə, onda çırağın, şamın sönməsindən dolayı niyə fəryad eləməlisən?!