"Ənam” surəsi (63-64)
63. قُلْ مَن يُنَجِّيكُم مِّن ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ تَدْعُونَهُ تَضَرُّعاً وَخُفْيَةً لَّئِنْ أَنجَانَا مِنْ هَـذِهِ لَنَكُونَنَّ مِنَ الشَّاكِرِينَ
"De ki, sizi quraqlıq və dəryanın zülmətindən (çətinliyə düşdüyünüz vaxt) xilas edən kimdir? O vaxt ki, Onu aşkar və gizlində çağırır, (deyirsiniz,) əgər Allah bizi bu zülmətlərdən qurtarsa, şükür edənlərdən olacağıq.”
64. قُلِ اللّهُ يُنَجِّيكُم مِّنْهَا وَمِن كُلِّ كَرْبٍ ثُمَّ أَنتُمْ تُشْرِكُونَ
"De ki, Allah sizə bu zülmətlərdən və hər cür xoşagəlməzliklərdən nicat verər. (Amma) yenə siz şirk edərsiniz.”
"Təzərrö” aşkar dua, "xufyə” gizli dua mənasını bildirir.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Ən üstün dua ahəstə və gizli şəkildə edilən duadır.” Həzrət uca səslə dua edənləri qınamış və buyurmuşdur: "Allah eşidən və yaxındır.”
"Yunus” surəsinin 12-ci ayəsində buyurulur: "İnsan təhlükəyə düşdükdə Allahı yada salır və onu çağırır. Amma elə ki, müşkülləri həll oldu, başını aşağı salıb gedir, sanki qətiyyən Bizi çağırmamışdır.”
Çətinliklər insanda dörd hal yaradır: Ehtiyac hissi, aşkar dua, ixlas və şükür etmək zərurəti. Bəli, çətinliklər və maddi vasitələrin gücdən düşməsi insandakı allahpərəstlik ruhunu dirçəldir və çətinliyə düşmüş insan Allahın qüdrətini görür.
1. Təbliğ və moizə üsullarından biri xalqın vicdanına müraciət edilməsidir.
2. İnsanın çətinlik zamanı duada diqqətinin xalisliyə yönəldilməsi allahşünaslığın ən üstün yollarındandır.
3. İnsan çətinliklər zamanı küfr və şirkdən əl çəkib təkallahçı olur.
4. Hər kəs üçün onun müşkülü daha böyükdür.
5. İnsan Allah qarşısında götürdüyü öhdəliklərə vəfasızdır.
6. Ən böyük naşükürlük şirkdir.
7. Rahatlıq, ehtiyacsızlıq Allahdan xəbərsizlik və şirk zəminəsidir.
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti