57. قُلْ إِنِّي عَلَى بَيِّنَةٍ مِّن رَّبِّي وَكَذَّبْتُم بِهِ مَا عِندِي مَا تَسْتَعْجِلُونَ بِهِ إِنِ الْحُكْمُ إِلاَّ لِلّهِ يَقُصُّ الْحَقَّ وَهُوَ خَيْرُ الْفَاصِلِينَ
"De ki, həqiqətən, mən Rəbbim tərəfindən aşkar bir dəlilə əsaslanıram. Amma siz onu yalan sayırsınız. Sizin (ilahi əzabdan) tələsərək istədiyiniz (cəza) mənim əlimdə deyil. Əmr yalnız Allahın əlindədir, O haqqı bəyan edir və haqqı batildən ən üstün şəkildə ayırd edəndir.”
"Bəyyinə” elə bir dəlilə deyilir ki, kamil və aşkar şəkildə haqqı batildən ayırd etsin. Peyğəmbərlərin dəlilləri və möcüzələri açıq-aşkar idi və inadkarlıq göstərməyən hər bir kəs onları anlayır və qəlbən qəbul edirdi. Ona görə də peyğəmbərlər özlərini "bəyyinə” sahibi kimi tanıtdırmışlar.
Kafirlər dedilər: "Əgər doğru deyirsənsə, nə üçün Allahın qəzəbi bizə nazil olmur? Başqa bir ayədə də oxşar bəyanatla rastlaşırıq: "Əgər bu məsələ doğrudursa, Pərvərdigara, bizə daş yağdır.” Digər qövmlərdə də əzab istəyi müşahidə edilmişdir. Həzrət Hud, Həzrət Saleh və Həzrət Nuhun qövmləri də "əgər doğru deyirsənsə, vəd olunmuş əzabı yubanmadan bizə gətir.”
1. Peyğəmbərlərin dəvəti onların xəyal və kor-koranə təqlidinə yox, "bəyyinəyə” əsaslanır.
2. Peyğəmbərlərə bəyyinə əta olunması Allahın rübubiyyət şölələrindəndir.
3. Peyğəmbərlərin ilahi "bəyyinəsi” olmalıdır. Onlar xalqın meylləri əsasında iş görmürlər. (Quran "bəyyinə”, aşkar dəlil və peyğəmbərin haqlı olması sübutudur.)
4. İslam Peyğəmbəri (s) onun "bəyyinəsi” olan Qurandan kamil şəkildə xəbərdardır. (Ayədəki "əla bəyyinətin” təbiri kimi əhatəni göstərir.)
5. Kafirlər peyğəmbərin bəyyinəsini təkzib etdikləri halda öz nəfs istəklərinin peyğəmbər tərəfindən qəbul olunacağını gözləyirdilər.
6. Bəhanəçi insanlarla qəti şəkildə danışın.
7. Peyğəmbər məntiq və bəyyinə ilə gəlmiş yeganə elçidir. Varlıq nizamı Allahın əlindədir. (Peyğəmbərdən tələsik ilahi əzab istəməklə öz məhvinizi diləməyin.)
8. Ayə həm kafirləri hədələyir, həm də peyğəmbərə təsəlli verir.
58. قُل لَّوْ أَنَّ عِندِي مَا تَسْتَعْجِلُونَ بِهِ لَقُضِيَ الأَمْرُ بَيْنِي وَبَيْنَكُمْ وَاللّهُ أَعْلَمُ بِالظَّالِمِينَ
"De ki, əgər tələsərək istədiyiniz (şey) məndə olsaydı (sizin istəyinizlə əzab nazil edərdim), şübhəsiz, mənimlə sizin aranızda iş bitərdi. Amma Allah sitəmkarların halına daha agahdır (vaxtında cəzalandırır).”
1. Xalqın tələsməsi ilahi hikməti dəyişməz.
2. Cəzalar Allahın əlindədir. Amma O, kafirlərin istəyi əsasında əzab verməyə tələssə, kimsə diri qalmaz.
3. Allah Öz hikmət və sünnəsinə əsasən zalımlara möhlət verir.
4. Allahın əzabının yubanması kafirlərdə belə bir fikir yaratmasın ki, onların küfrü yaddan çıxmışdır.
5. İmandan dönmək və əzaba tələsmək zülmdür.
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti