"Ali-İmran” surəsi (199-200)
199. وَإِنَّ مِنْ أَهْلِ الْكِتَابِ لَمَن يُؤْمِنُ بِاللّهِ وَمَا أُنزِلَ إِلَيْكُمْ وَمَآ أُنزِلَ إِلَيْهِمْ خَاشِعِينَ لِلّهِ لاَ يَشْتَرُونَ بِآيَاتِ اللّهِ ثَمَنًا قَلِيلاً أُوْلَـئِكَ لَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ إِنَّ اللّهَ سَرِيعُ الْحِسَابِ
"Həqiqətən, kitab əhlindən bəziləri Allaha, sizə nazil olana və özlərinə nazil olana mütiliklə iman gətirmiş kəslərdir. Onlar ilahi ayələri ucuz qiymətə dəyişmirlər. Allahın yanında mükafatı olan da onlardır. Həqiqətən, Allah tez hesab çəkəndir.”
Bəzi təfsirçilər bildirirlər ki, bu ayə kitab əhlinin İslamı qəbul edənlərinə aiddir. Onların qırx nəfəri Nəcran əhli, otuz iki nəfəri Həbəşə əhli, səkkiz nəfəri isə Rum əhli idi.("Təfsire-Məcməül-bəyan”; "Təfsire-Kəbire-Fəxr Razi.” ) Amma digər bir qrup təfsirçi bildirir ki, ayə Həbəşə padşahı Nəcaşi haqqındadır. Bu şəxs hicri tarixi ilə doqquzuncu ildə, rəcəb ayında vəfat etmişdir. Onun vəfatından xəbər tutan İslam peyğəmbəri xalqa buyurdu: "Sizin hicazdan xaricdəki bir qardaşınız vəfat etdi. Onun xidmətlərinə görə namaz qılmaq üçün hazır olun.” Bu şəxsin kim olduğu barədə soruşdular. Həzrət buyurdu: "O Nəcaşidir.” Sonra müsəlmanlar İslam peyğəmbəri ilə birlikdə Bəqi qəbristanlığına gedib Nəcaşi üçün namaz qıldılar.("Təfsire-Dürrül-Mənsur”, c. 2, səh. 416. )
Bildirişlər
1. İnsafı gözləmək və kitab əhlinin yaxşılarını dəyərləndirmək lazımdır.
2. Əgər bir qrup iman gətirməyib həqiqəti gizlədirsə, digər bir qrup mütiliklə iman gətirir.
3. Müti şəkildə yerinə yetirilən və əhatəli imanın dəyəri var. İman möhkəm olmalı, maddiyyata görə dəyişməməlidir.
4. Dinini satan kəs əvəzində nə alsa aldanır.
200. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اصْبِرُواْ وَصَابِرُواْ وَرَابِطُواْ وَاتَّقُواْ اللّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ
"Ey iman gətirənlər! (Çətinliklər və nəfs istəkləri qarşısında) səbirli olun, (düşmənlər qarşısında) möhkəm dayanın (başqalarını da səbrə dəvət edin), sərhədləri qoruyun və Allahdan çəkinin. Bəlkə nicat tapasınız.”
Bu ayə müxtəlif hadisələr və müsibətlər qarşısında səbir göstərməyi tövsiyə edir.
İlk mərhələdə şəxsi problemlər və həvəslər qarşısında səbir edin.
İkinci mərhələdə kafirlərin təzyiqlərinə qarşı daha ciddi müqavimət göstərin.
Üçüncü mərhələdə elmi mübahisələr vasitəsi ilə etiqad sərhədlərini qoruyun, qəlbləri də vəsvəsələrin hücumundan hifz etməyə çalışın.
"Rabitu” sözü "ribat” kökündən olub, «bir şeyi bir yerə bağlamaq» mənasını bildirir. Karvansaraya da bu dəlilə əsasən «ribat» deyirlər. Karvanlar həmin yerdə dayanıb, öz ticarət mallarını və miniklərini orada saxlayırlar. Eləcə də, Allahın lütfünə bağlanmış qəlb ribat adlandırılmışdır. "İrtibat”, "mərbut”, "ribat” sözləri eyni kökdəndir.
Rəvayətdə bildirilir ki, "rabitu” sözü namazın intizarında olmaq mənasını bildirir.("Təfsire-Məcməül-bəyan”. ) Müsəlmanlar sanki öz qəlblərini namazda yaranan bağlılıqla möhkəmləndirirlər.
İmam Sadiq (ə) buyurmuşdur: "Vacib vəzifələrin icrasında və çətinliklər müqabilində səbir edin, rəhbərlərinizin müdafiəsinə qalxın.("Kafi”, c. 2, səh. 81. )
Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Gündəlik namazlarınızda möhkəm olun, düşmənlə cihadda fəallıq göstərin, Allah yolunda bir-birinizlə həmahəng olun ki, nicat tapasınız.”("Dürrül-Mənsur”, c. 2, səh. 418. )
1. İman sayəsində kamilliklər əldə edin.
2.Fərdi çətinliklər qarşısında səbir edə bilməsəniz, din düşmənlərinə müqavimət göstərə bilməzsiniz.
3. Düşməndən geri qalmayın. Əgər kafirlər öz küfr yollarınnda müqavimət göstərib, qurban verirlərsə, mallarını xərcləyirlərsə, siz də Allah yolunda canınızla, malınızla möhkəm dayanın.
4. Müsəlmanlar bir-birlərinin müşküllərinə dözməli və bir-birlərini səbrə dəvət etməlidirlər.
5. İslam rabitə dinidir. Xalq, Allah və peyğəmbərlərlə rabitə bu qəbildəndir.
6. Səbir, dözüm və rabitə məqsədli olmalıdır. Təqva və Allahın razılığı yolunda səbir edib rabitə qurun. Başqa yolda kafirlər də bu işləri görür.
7. İslam əhatəli bir dindir. Səbir və təqva sərhədlərə diqqət məsələsi ilə yanaşı bəyan olunmuşdur.
8. Təqva imandan bir mərtəbə yuxarıdır.
9. Səbir səadət və qələbəyə çatmaq zəminəsidir.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti