"Ali-İmran” surəsi (197-198)
197. مَتَاعٌ قَلِيلٌ ثُمَّ مَأْوَاهُمْ جَهَنَّمُ وَبِئْسَ الْمِهَادُ
"(Bu get-gəldən onların bəhrəsi) dəyərsiz bir matahdır.” Sonra onların əbədi yeri cəhənnəmdir. Cəhənnəm çox pis bir sığınacaqdır.”
Məkkə müşrikləri və Mədinə yəhudiləri ticarət səfərləri hesabına yaxşı yaşayırdılar. Müsəlmanlar isə Mədinəyə hicrət etdiklərindən, var-dövlətləri Məkkədə qaldığından iqtisadi cəhətdən çətinlik çəkirdilər. Bu ayə onlara təsəlli verir.
Həzrət Əli (ə) bir rəvayətdə buyurur: "Ardınca atəş gələn xeyir və xoşluğun dəyəri yoxdur.”("Bihar” , c. 8, səh. 199. ) Kafirlər üçün qısamüddətli ləzzət və əbədi əzab olduğu halda, möminlər üçün müvəqqəti çətinlik və əbədi rahatlıq var.
1. Peyğəmbərlərin də xəbərdarlığa ehtiyacı var. Bu xəbərdarlıqlar nəticəsində onlar başqalarının təsirindən amanda qalırlar.
2. Düşmənin siyasi, iqtisadi, hərbi heyətlər göndərib məclislər təşkil etməsi və müsahibələri sizi aldatmasın.
3. Maddi ləzzətlər nə qədər olursa olsun, məhdud və dəyərsizdir.
4. Kafirlərin rifah içində yaşaması onların haqq olması və sevilməsinə dəlil deyildir.
198. لَكِنِ الَّذِينَ اتَّقَوْاْ رَبَّهُمْ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا نُزُلاً مِّنْ عِندِ اللّهِ وَمَا عِندَ اللّهِ خَيْرٌ لِّلأَبْرَارِ
"Amma öz Rəblərindən çəkinənlər üçün ağacları altından çaylar axan bağlar var. Onlar daim orada qalarlar. Bu qəbul Allah tərəfindəndir. Amma Allahın yanında olan xeyir, əməl sahibləri üçün daha üstündür.”
Ayənin ərəbcə mətnindəki "nüzul” sözü qonağın qarşılanması üçün olan ilk şeyə aiddir. Şərbət və meyvə buna misal ola bilər. Möminlərə bildirilir ki, kafirlərin ticari gediş-gəlişləri sizi təqva və imandan çıxarmasın. Sizin qəbulunuzun müqəddiməsi behişt bağlarından başlayır.
1. Dünyəvi nemətlər axirət nemətləri ilə müqayisədə heç bir şeydir.
2. Dünyəvi qazanc məqsədi ilə səy və təlaş təqvanın hifzinə və axirət mənafelərinə diqqətə mane olmur.
3. Əbədi behişt nemətlərinə diqqət insanı təqvaya sövq edir və cüzi dünya nemətlərinə aldanışın qarşısını alır.
4. Yaxşıların ("əbrar”) məqamı müttəqilərin məqamından ucadır.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti