"Ali-İmran” surəsi (173-174)
173. الَّذِينَ قَالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُواْ لَكُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَاناً وَقَالُواْ حَسْبُنَا اللّهُ وَنِعْمَ الْوَكِيلُ
"Möminlər o kəslərdir ki, xalq onlara "şəksiz, camaat sizə qarşı hazırlaşıb, onlardan qorxun” - dedikdə onların imanları daha da artdı və dedilər: "Allah bizə bəs edər. O nə yaxşı vəkil və yardımçıdır.”
Bəzi düşmən təbliğatçıları və xalqın sadəlövh, qorxaq bir hissəsi mücahidlərə təlqin edərək deyirdilər ki, düşmən güclüdür və kimsə onunla üz-üzə gələ bilməz. Onlar mücahidləri döyüşdən çəkindirirdilər. Amma həqiqi müsəlmanlar qorxu-hürkü bilmədən, aram bir qəlb və Allaha təvəkküllə onların cavabını verirdilər.
İmam Sadiq (ə) buyurmuşdur: "Təəccüb edirəm o kəslərə ki, nə üçün Allahın "Allah bizə bəs edər, O nə yaxşı vəkil və yardımçıdır.” - buyruğuna pənah aparmayıb qorxurlar!”("Mən la yəhzuruhun-fəqih”, c. 4, səh. 392. )
1. Düşmənin puç təbliğatından çəkinməyin.
2. Cəbhədə sıralarınıza düşmənin nüfuzundan ehtiyat edin.
3. Düşmənin hədələri qarşısında ən güclü sipər Allaha iman və təvəkküldür.
4. Möminlər bəla girdabına düşdükdə Allaha təvəkküllərini və bağlılıqlarını daha da gücləndirirlər.
5. Həm hərəkət və səy, həm də imanla təvəkkül lazımdır.
174. فَانقَلَبُواْ بِنِعْمَةٍ مِّنَ اللّهِ وَفَضْلٍ لَّمْ يَمْسَسْهُمْ سُوءٌ وَاتَّبَعُواْ رِضْوَانَ اللّهِ وَاللّهُ ذُو فَضْلٍ عَظِيمٍ
"(İkinci dəfə döyüşə hazır olan yaralılar) Allahın nemət və fəzli ilə (öz yerlərinə) qayıtdılar. Onlara heç bir zərər toxunmadı və Allahın razılıq yolunu getdilər. Allah böyük fəzl sahibidir.”
Ühüd döyüşünün yaralıları həzrət Peyğəmbərin (s) göstərişi ilə növbəti dəfə səfərbər olub Həmraəl-əsəd məhəllinədək düşmənin ardınca getdikdə, düşmən müsəlmanların hazırlığından ehtiyat edib növbəti hücum fikrindən daşındı. Bu ayə Ühüd döyüşünün yaralı və xalis mücahidləri haqqında xoş sözlər deyir.
1. Allaha təvəkkül etməklə vəzifənin icrası yolunda hərəkət, çətinliklərin asanlığa dönməsi səbəbidir.
2. Allah yolunda təhlükəyə üz tutub sağ-salamat qalan insanlar çoxdur.
3. İlahi insanlar üçün əsas məsələ şəhadət yox, Allahın razılığıdır.
4. Allahın böyük fəzli haqq cəbhədə iştirak edənlərin nəsibidir.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti