"Ali-İmran” surəsi (193-194)
193. رَّبَّنَا إِنَّنَا سَمِعْنَا مُنَادِيًا يُنَادِي لِلإِيمَانِ أَنْ آمِنُواْ بِرَبِّكُمْ فَآمَنَّا رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّئَاتِنَا وَتَوَفَّنَا مَعَ الأبْرَارِ
"Pərvərdigara! Həqiqətən, biz "rəbbinizə iman gətirin” - iman nidasını eşitdik və iman gətirdik, Pərvərdigara! Günahlarımızı bağışla, çirkli işlərimizi pərdələ və bizi yaxşılarla (birgə) öldür.”
Ayədəki "zünub” sözü kəbirə günahlara işarə ola bilər. Mümkündür ki, "səyyiat” sözü səğirə (kiçik) günahlara işarə olsun. Çünki "Nisa” surəsinin 31-ci ayəsində "kəbirə” sözünün qarşısında "səyyiat” sözü işlədilmişdir. "Səyyiat” günah əsərləri də ola bilər.
İman dəvətini qəbul edib "eşitdik” deyən düşüncə sahibləri ilə yanaşı bu dəvətə etinasızlıq göstərib qiyamətdə həsrət çəkənlər də var.("Mulk”, 10. )
1. Düşüncə sahibləri haqqı qəbul etməyə hazırdırlar. Onlar fitrətlərinin, peyğəmbərlərin, alimlərin və şəhidlərin nidasına cavab verirlər.
2. Tövbə və etiraf düşüncə nişanəsidir.
3. Duanın ilahi əfv səbəblərindən olan bir qaydası da ilahi rübubiyyətə diqqətdir.
4. İman bağışlanma səbəbidir.
5. Duada başqalarını da özümüzə şərik edək.
6. Eyibin pərdələnməsi və bağışlama rübubiyyət şəni və tərbiyə üsullarındandır.
7. İnsanın ölümü Allahın iradəsindən asılıdır.
8. Uzaqgörən düşüncə sahibləri yaxşılarla birlikdə ölümü arzulayırlar. Onlar daim xeyir aqibət fikrindədirlər.
9. Düşüncə sahibləri xeyir əməl sahiblərinin məqamını arzulayırlar.
194. رَبَّنَا وَآتِنَا مَا وَعَدتَّنَا عَلَى رُسُلِكَ وَلاَ تُخْزِنَا يَوْمَ الْقِيَامَةِ إِنَّكَ لاَ تُخْلِفُ الْمِيعَادَ
"(Düşüncə sahibləri deyirlər:) «Pərvərdigara! Peyğəmbərlərin vasitəsi ilə bizə verdiyin vədi mərhəmət buyur. Bizi qiyamət günü xar etmə. Əlbəttə ki, sən vədinə xilaf çıxmırsan.»”
Bu bir neçə ayədə Allah-təala düşüncə sahiblərinin inkişaf yolunu belə təsvir edir: Allahın zikri, düşüncə, hikmətə çatma, peyğəmbərlərə təslimçilik, tövbə, yaxşı ölüm, ilahi lütf intizarı, rüsvayçılıq və zəlillikdən qurtuluş.
Əvvəlki ayələrdə düşüncə sahiblərinin Allah və qiyamətə imanından danışıldı. Bu ayədə peyğəmbərliyə iman məsələsi açıqlanır.
Düşüncə sahiblərinin dilində "Rəbbəna” sözünün təkrarı onların ilahi rübubiyyətə heyranlıq nişanıdır.
Düşüncə sahibləri həm dünya, həm də axirət izzəti istəyirlər. "Peyğəmbərlərin vasitəsi ilə vəd etdiyini əta buyur” cümləsi dünyaya aiddir. Allah haqq əhlinə yardım vəd etmişdir.("Qafir”, 51.)"Xar etmə” istəyi isə axirət izzəti ilə bağlıdır.
1. Əhdə vəfa ilahi rübubiyyət şənindəndir.
2. Allah Öz əhdinə vəfa edirsə də, biz dua etməliyik.
3. Düşüncə sahibləri bütün ilahi peyğəmbərlərə və bütün ilahi vədlərə imanlıdırlar.
4. Düşüncə sahiblərinin son arzusu ilahi lütflərə çatmaq, cəhənnəm və qiyamət rüsvayçılığından nicat tapmaqdır.
5. Qorxu və ümid yanaşı olmalıdır.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti