"Ali-İmran” surəsi (181-182)
181. لَّقَدْ سَمِعَ اللّهُ قَوْلَ الَّذِينَ قَالُواْ إِنَّ اللّهَ فَقِيرٌ وَنَحْنُ أَغْنِيَاء سَنَكْتُبُ مَا قَالُواْ وَقَتْلَهُمُ الأَنبِيَاء بِغَيْرِ حَقٍّ وَنَقُولُ ذُوقُواْ عَذَابَ الْحَرِيقِ
"Həqiqətən, Allah "Allah fəqirdir, biz isə imkanlı” deyənlərin sözünü eşitdi. Tezliklə onların bu sözünü, peyğəmbərləri nahaqdan öldürmələrini yazacağıq və onlara deyəcəyik: Dadın yandırıcı atəşin əzabını.”
182. ذَلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ وَأَنَّ اللّهَ لَيْسَ بِظَلاَّمٍ لِّلْعَبِيدِ
"O (əzab) özünüzün əvvəllər əldə etdikləriniz səbəbindəndir. Həqiqətən, Allah bəndələrinə qarşı sitəmkar deyil.”
Təfsirdə oxuyuruq ki, həzrət Peyğəmbər (s) Bəni-Qiynəqa yəhudilərinə bir məktub yazdı və onları imana, namaza, zəkata və infaqa dəvət etdi. Bu məktub Fəthas adlı yəhudi aliminə - onun tədris yerində çatdıqda, üzünü şagirdlərə tutub istehza ilə dedi: "Bu dəvətə əsasən Allah fəqirdir, biz isə varlı. O bizdən borc alır və əlavə qaytarmağı vəd edir.”
Həzrət Peyğəmbər (s) dövründəki yəhudilər babalarının peyğəmbərləri qətlə yetirməsi ilə razı olduqlarından Allah bu qətli həm də onlara aid edir.
İmam Baqir (ə) bu ayə haqqında buyurmuşdur: " İmamı ona verdikləri şeyə görə ehtiyaclı sayanlar "həqiqətən Allah fəqirdir” deyənlərin nümunəsidirlər.”("Təfsire-Nurus-səqəleyn”; "Bihar” , c. 24, səh. 278. )
1. Allah bütün deyilənləri eşidir. Ona görə də hər sözü dilə gətirməyək.
2. Cəhalət və qürurun sonu yoxdur. İnsan nə qədər cahil və qürurlu olmalıdır ki, "Allah fəqirdir, biz isə varlı” desin?!
3. İnsanın özünü varlı və ehtiyacsız hiss etməsi onun ilahi əmrlərdən boyun qaçırması və bu əmrlərə istehza etməsi səbəbidir.
4. Bəzi dar düşüncəli insanlar güman edirlər ki, ilahi göstərişlərin səbəbi Allahın ehtiyaclı olmasıdır.
5. Bütün deyilənlər və əməllər qeyd olunur.
6. Allah haqqında pis danışmağın günahı peyğəmbərləri öldürmək günahı ilə eynidir.
7. İstənilən bir adamın sözünün və əməlinin ölçüsü haqdır. Hətta peyğəmbərlərin öldürülməsi də nahaq olduğu üçün cəzaya məhkumdur.
8. İnsan bir iş görməkdə azaddır. Ona görə də görülən işlər onun özünə aid edilir.
9. İlahi mükafat və cəza ədalətə, insanın azad və agah şəkildə gördüyü işlərə əsaslanır.
10. İlahi cəzalar bəşəriyyətə zülm deyil. Əslində bəşər özü özünə zülm edir.
11. Əgər Allah xəsis fərdləri və peyğəmbərləri qətlə yetirənləri cəzalandırmazsa, fəqirlərə və peyğəmbərlərə zülm etmiş olur.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti