"Ali-İmran” surəsi (157-158)
157. وَلَئِن قُتِلْتُمْ فِي سَبِيلِ اللّهِ أَوْ مُتُّمْ لَمَغْفِرَةٌ مِّنَ اللّهِ وَرَحْمَةٌ خَيْرٌ مِّمَّا يَجْمَعُونَ
"Əgər Allah yolunda öldürülsəniz və ya ölsəniz (ziyan etməmisiniz, çünki) Allahın bağışlaması və rəhməti (ömür boyu) topladıqlarınızdan daha yaxşıdır.”
Allah iki nöqtəni bəyan etməklə münafiqlərin əvvəlki ayədə haqqında danışılan süstləşdirici şayiələrinə cavab verir:
a) Ölüm və həyat Allahın əlindədir. Cəbhəyə getmək uzun ömrü qısaltmır.
b) Allah yolunda qədəm götürən insan ölsə də, şəhid olsa da xeyir tapmışdır. Çünki o öz ömrünü verib Allahın bağışlama və rəhmətini almışdır. Demək, heç nə uduzulmamışdır.
Hər kəs cəbhəyə, təhsil almağa, həccə və ziyarətə, təbliğə və digər müqəddəs hədəflər ardınca gedərkən dünyasını dəyişsə, Allahın rəhmət və bağışlamasını əldə edər.
1. İlahi dünyagörüşündə Allah yolunda ölüm və şəhadət bütün dünya və onda olanlardan üstündür.
2. Əsas məsələ Allah yolunda olmaqdır. Bu yolun şəhadət və ya ölümlə başa çatmasının fərqi yoxdur.
3. Əvvəlcə bağışlanmaq, sonra ilahi rəhməti əldə etmək lazımdır. Ayədə bağışlanma sözü rəhmət sözündən əvvəl gəlmişdir.
4. Bağışlanma və rəhmətin nəticəsi əbədidir. Dünya malının ömrü isə müvəqqəti olur.
158. وَلَئِن مُّتُّمْ أَوْ قُتِلْتُمْ لإِلَى الله تُحْشَرُونَ
"Əgər ölsəniz və ya öldürülsəniz, hökmən Allaha doğru gətirilərsiniz.”
Bu ayədə "fi səbilillah”, yəni "Allahın yolunda” ifadəsi işlədilməmişdir. Söhbət istənilən bir yolda öldürülənlərin və ya ölənlərin Allaha doğru gətiriləcəyindən gedir. Bir halda ki, ölüm hamı üçün qətidir və qiyamət günü hamı Allahın qarşısında duracaq, nə üçün ən gözəl yolu seçməyək? Əgər ölüm və şəhadət Allaha doğru qayıdışdırsa, nə üçün şəhadətdən qorxaq? İmam Hüseyn (ə) buyurmuşdur:
Ölümə gedirsə bütün bu tənlər,
Haqq yolda şəhadət ən gözəl əsər.("Bihar” , c. 44, səh. 374)
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti