"Ali-İmran” surəsi (129-130)
129. وَلِلّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ يَغْفِرُ لِمَن يَشَاء وَيُعَذِّبُ مَن يَشَاء وَاللّهُ غَفُورٌ رَّحِيمٌ
"Göylərdə və yerdə olanlar Onundur. O (öz hikməti əsasında) istədiyini bağışlayır, istədiyinə əzab verir. Allah bağışlayan və mehribandır.”
Bu ayə əfv və ya cəzanın Allahın əlində olmasını bildirən əvvəlki ayəni təsdiqləyir. Çünki bütün varlıq aləminin yaranışı və onun üzərindəki hakimiyyət Allahın əlindədir. Maraqlıdır ki, ayədə əfv olunası və ya cəzalandırılası fərdlər müəyyənləşdirilmir. Beləcə, kimsədə qürur və ya ümüdsizlik yaranmır. Hamı qorxu və ya ümüd arasında qalır. Şübhəsiz ki, əfv və ya əzab ilahi hikmət əsasındadır və insanın özü tərəfdən həyata keçən şərtlərdən asılıdır.
1.Əfv və ya cəza haqqı göylərin və yerin hakimiyyəti əlində olana məxsusdur.
2. İlahi nizamda da əfv və mərhəmət əsas götürülmüşdür və öndə gəlir.
130. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَأْكُلُواْ الرِّبَا أَضْعَافًا مُّضَاعَفَةً وَاتَّقُواْ اللّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ
"Ey iman gətirənlər! Ardıcıl artırmaqla sələm yeməyin. Allahdan çəkinin, bəlkə nicat tapasınız.”
Bu ayə özündən sonrakı səkkiz ayə ilə birlikdə Ühüd döyüşü ayələri arasında yerləşmişdir. Belə bir tərtibin səbəbi müdafiə sistemində əxlaqi və iqtisadi məsələlərin əhəmiyyətinin önə çəkilməsi ola bilər. Fərdləri ixlaslı, fədakar, xeyirxah, rəhbərə itaətçil olan bir cəmiyyət döyüşdə də müvəffəq olur. Pulpərəst, xəsis, itaətsiz, günahkar bir cəmiyyət isə, şübhəsiz, məğlub olacaqdır.
Sələmin qadağa ayələri bir neçə mərhələdə tədrici şəkildə nazil olmuşdur. İlk addımda yəhudilərin sələmçiliyi tənqid olunur.("Nisa”, 161. ) İkinci addımda qat-qat artıq alınan sələm qadağan edilir. Üçüncü addımda isə hətta bir dirhəm sələm haram edilir və Allahla döyüş kimi tanıtdırılır.
1. İlahi göstərişlərə əməlin bünövrəsi imandır.
2. Sələm qadağan olunmamışdan onun çirkin növləri haram buyurulur.
3. İqtisadi məsələlərdə təqvaya riayət etmək zəruridir.
4. Sələmçilik qurtuluş yolu deyil. İnsan təqva yolu ilə nicat tapa bilər.
5. Sələm yeyən həm dünya, həm də axirətdə ziyankarlardandır və nicat tapmaz. (Dünyada təbəqələrarası ixtilafı gücləndirdiyi və axirətdə Allahın qəhr və qəzəbinə düçar olduğu üçün.)
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti