Novruz müjdəçisi (ə.f).
QEYD: Bu yazı hədis, ayə, tarix və müəllifin düşüncələri əsasında qələmə alınmışdır.
Bahar gəldi dedilər, bir sübh. Çölə çıxdım sevincək... Bir uşaq kimi boylandım yollara. Amma təkrar yetimlər kimi boynu bükük geri qayıtdım. Bildim ki, onlar bahar fəslini deyirmişlər... Öz-özümə dodağım altda mızıldandım: “Bəs bizim Baharımız (ə.f) nə zaman gələcək?”
Bahar təbiətin cövhəri ana parçasıdır, gizli sirridir. Məgər bizim Baharımız (ə.f) bu aləmin həyat kodu, cövhəri deyilmi?
Baharın gəlişi bayramdır deyirlər – Məgər Onun (ə.f) gəlişi bayram olmaycaqmı?
Bayram günahsız keçən gündür dedilər – Məgər Ona (ə.f) bağlı olan həyatda günahdan söz gedə bilərmi?
Baharın gəlişini qeyd etməyin deyir biganələr – Məgər biz həqiqətin, həqiqətini yad etmirikmi?
Baharda təbiət oyandı deyirlər - Bəs biz?
Baharda ölmüş təbiət yenidən canlandı, həyat tapdı deyirlər – Bəs günahla ölən qəlbimiz nə zaman həyat tapıb, diriləcək?
Bahar yağışı ilə qurumuş torpaqlar yaşıllaşdı deyirlər – Bəs könlümüzə, ruhumuza nə zaman bahar yağışı nazil olacaq? Nə zaman ruhumuz iman toxumunun cücərməsi üçün əkinə hazır olacaq? Ölmüş qəlblərə nə zaman iman, düşüncə və bəsirət yağışı yağacaq? Nə zaman iman nuru qəlbimizdən yaşıl səməni tək, pöhrə vurub cücərəcək? İçində min bir sirrin gizli olduğu bir kəlamdır bahar. İnsan ruhuna ən uyğun fəsil və onu andıran, batini ilahi anılarla dolu olan bir mövsüm...
Baharda hər yan gül çiçəyə büründü deyirlər – Bəs nə zaman zülm, günah altında əzilən insanlıq bahar çiçəkləri kimi ətir saçacaq? Nə zaman onu əhatə edən soyuq qarın (zülmün) əlindən nicat tapacaq?
Səməni baharın müjdəçisidir deyirlər, bəs bizim müjdəçimiz (ə.f) hardadır? Bəs bizim könlümüzə nə zaman bahar gələcək? Nə zaman günaha aludə olduğundan sərtləşən qəlb, buzlar kimi bahar günəşinin hərarəti ilə əriyəcək? O, günəş (ə.f) qəlbimizə, ruhumuza nə zaman işıq saçacaq?
Bəziləri bahar bayramı ilə mübarizə aparır dedilər – Məgər bir gün onlar ömrümüzə gələcək baharı gördükdə həqiqət onlara bəyan olmaycaqmı?
Novruz yeni gündür dedilər – Məgər Onun (ə.f) gəlişi ilə mənəvi həyatımız yenilənməyəcəkmi?
Novruzla bağlı ayənin zahirinə baxıb, “burda Novruz sözü yoxdur” deyirlər – Məgər hər gün Onun (ə.f) zikr olunduğu ayələri oxuyanda Onu (ə.f) görürmü?
Səməni şirkdir deyənlər səmənidəki ilahi dirilişi görə bilmədilər.Təbiətin oyanışını, axirəti, ilahi ayələri görə bilmədilər. Onlar İsa (ə) kimi ölmüş cəsəddə gözəlliyi görə bilmədilər. Çünki, baxışlarını təəssübkeşlik adlı bir düşmən əsir almışdı.
“Novruz yoxdur” dedilər – Amma hər yoxluğu hayqırarkən bir “vardır” yüksəlmədimi?
Yeni il dəyişildikdə dua oxuyurlar deyirlər - Sən gəl ki, təkcə dua ilə yox, sənin bir məshin ilə həyatımız abad olsun, dəyişsin. Ey qəlbləri dəyişən Rəbbim! Niyə dilimiz arzu edir, amma qəlbimiz isə heç dəyişmir?
Dedilər Novruz günü minlərlə insan dirildi – Məgər O (ə.f) gəldikdə də xüsusi insanlar qəbirlərindən baş qaldırıb ona qoşulmayacaqlarmı?
Bir gün cümə günü yenə günəş üzərimizə doğacaq. Amma yeni günəş... Bir gün cümə olacaq, amma yeni, tam və həqiqi cümə. İnsanları Kəbə ətrafına cəm edən cümə...
O gün bütün dünya üçün yeni gün olacaq. Sanki, indiyəcən yaşadıqları həyat və ömür bir yuxu imiş. Sanki yuxudan ayılacaqlar. O gün diriləcəklər, həyat tapacaqlar. Həqiqi həyatın ləzzətini, dadını onda hiss edəcəklər. “Müsəlman”, “mömin” terminləri daha kitablarda izaha ehtiyac duymayacaq, o gün o söz də həyat tapıb, diriləcək. O gün, bütün bəşəriyyət üçün NOVRUZ olacaq, ömrümüz həqiqətən BAHAR olacaq. Ey Allahın Rəsulu (s) sən buyurdun ki, “hər şeyin bir baharı vardır, Quranın da baharı Ramazandır.”
Bəs bu ümmətin baharı nədir (yaxud) kimdir? Niyə danışmırsan peyğəmbərim (s)? Axı hamı (bütün firqə və məzhəblər) bu gün özünü sənə nisbət verir. Axı sən bu ümmət üçün ortaq meyarsan. Nitqə gəl əzizim (s) danış. Mədinədən bütün dünyaya səslən. De ki:
- Sizin baharınız Odur (ə.f).
- Sizin Novruzunuz da Odur (ə.f).
- Sizin yeni gününüz də O (ə.f) gəldiyi gündür.
- Sizin qəlbinizdə iman nurunu səməni tək cücərdəcək də Odur (ə.f).
- Sizi siz edəcək Qüdrət də Odur (ə.f).
- Sizin ruhunuza yağacaq bahar yağışı da Odur (ə.f).
- Sizə nicat verəcək də Odur (ə.f).
- Sizi bir məsh ilə ruhunuzu abad edən də Odur (ə.f)
- O (ə.f) sizsiz, sizdə Osuz . Tək bədəndə bir cansız...
Mahir Şəkərov – İlahiyyatçı araşdırmaçı.