Novruz əhli sünnə hədislərində.
1. Səhih Buxari (vəfatı 256 h.q) özünün “ət-Tarixul Kəbir” kitabının 1-ci cild 414-cü səhifəsində yazır: “Əli (əleyhissalam) üçün faludə (dondurma növü) gətirdilər. Buyurdu: Bu nədir? (nə münasibətlədir?) Dedilər: Bu gün novruzdur. Buyurdu: Hər günü novruz (kimi) edin.”
2. Biruni (vəfatı 440 h.q) özünün “əl-Asarul baqiyə”kitabının 230-cu səhifəsində yazır: “Allahın rəsulu üçün içi halva ilə dolu cam gətirdilər. Buyurdu: Bu nədir? Dedilər: Bu gün novruz günüdür.” Buyurdu: Bəli, bu gündə Allah əskərəni diriltdi. Soruşdular: Ey Allahın peyğəmbəri! Əskərə nədir? Buyurdu: Əskərə, ölümün qorxusunda şəhərlərindən çöllüklərə qaçan mənilərlə adamlardır ki, Allah onlara dedi: Ölün! Onlar da öldülər. Sonra isə Allah yenidən onları diriltdi, belə ki, Allahın buludlara əmri ilə onların üzərinə yağış yağdı. O vaxtdan (novruzda) su səpmək sünnət oldu. Daha sonra Peyğəmbər (s) həmin halvadan yedi və buyurdu: Kaş, hər günümüz novruz olaydı.
Hədisdə deyildiyi kimi, onlara cihad əmri verildiyi halda onlar itaətsizlik etdilər və taun xəstəliyini bəhanə edərək şəhərdən çıxdılar. Onların sayı min, on min yaxud səksən min olduğu qeyd edilir. Allah onları o biyabanlıqda elə o xəstəliyə mübtəla etdi.Bir gün Bəni-İsrail peyğəmbərlərindən Hezqil oradan keçərkən Allahdan istədi ki, onları diriltsin. Allah da onun duasını qəbul etdi və onları diriltdi. Bu hadisə Novru günü baş verdi.
Bu hədisdə işarə edilən hadisə Qurani-kərimin Bəqərə surəsinin 243-cü ayəsini əks etdirir. Həmin ayədə oxuyuruq: “(Ya Rəsulum!) Minlərlə adamın ölüm qorxusu ilə öz yurdlarını tərk edib getdiklərini görmədinmi? Allah onlara: “Ölün!” – dedi və sonra da (yenidən) diriltdi. Həqiqətən, Allah insanlara lütf edəndir, lakin insanların bir çoxu şükür etməzlər!” (Əlavə olaraq bax: Təfsire Qurtubi, Alusi Ruhul-Bəyan)
3. Firuzabadi (729-817 h.q) özünün “əl-Qamus” kitabının 2-ci cild 179-cu səhifəsində yazır: “Əli (əleyhissalam) üçün bir qədər halva gətirdilər. Soruşdu: Bu nədir? Dedilər: Novruza görədir. Buyurdu: Bizim hər günümüz novruzdur.”
Bu hədis fərqli mətnlərlə Beyhəqi əl-Sünən əl-kübra (IX, 392), Səmani “əl-Ənsab” da gəlmişdir.
4. Novruz bayramının adət ənənlərindən biri də insanların bir-birləri ilə görüşməsi və bir-birlərinə hədiyyə verməsidir.
Həzrət Muhəmməd (s) buyurur: “Bacardığınız qədər hər gününüzü novruz edin, yəni Allah yolunda bir birinizə hədiiyə verin və bir-birinizlə görüşün” (Dəaimul İslam 2-ci cild 326-cı səhifə.)
Araşdırdı: Mahir Şəkərov- İlahiyyatçı araşdırmaçı.