"Ali-İmran” surəsi (101-102)
101. وَكَيْفَ تَكْفُرُونَ وَأَنتُمْ تُتْلَى عَلَيْكُمْ آيَاتُ اللّهِ وَفِيكُمْ رَسُولُهُ وَمَن يَعْتَصِم بِاللّهِ فَقَدْ هُدِيَ إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ
"Allahın ayələri sizə oxunduğu və Onun rəsulu aranızda olduğu halda necə küfr edirsiniz?! Allaha (Onun dini və Kitabına) sığınan, şübhəsiz, doğru yola hidayət olmuşdur.”
1. Azğınlıq və küfrün zəminəsi ya yol, ya da rəhbərin olmamasıdır. Amma ilahi kitab və sünnə, eləcə də, ilahi rəhbər olan yerdə azğınlığa yer yoxdur.
2. Küfr və azğınlığın qarşısını təkcə qanunlar ala bilmir. Bu işdə rəhbərin də olması zəruridir.
3. Allaha sığınma və təvəkkül, eləcə də, Ondan yardım diləmə bütün vəsvəsələrdən və azğınlıqlardan amanda qalmaq rəmzidir.
4. Allaha sığınma yolu hər kəsin üzünə açıqdır.
5. Allahdan qeyri istənilən bir şəxsə və ya məqama üz tutmaq çaşqınlıqdır.
6. Hərəkətdən də mühüm olan şey doğru yolun tapılması və həmin yolda hərəkətdir.
7. Hidayət Allaha bağlanmağın qəti nəticəsidir.
8. Allaha bağlanmaq agahanə seçimlə müşayiət olunan ciddi bir hərəkətdir və bu hərəkətin şərti övliyalarla yoldaşlıqdır. ("Cameə-Kəbirə” ziyarətində imam Hadi (ə) buyurmuşdur: "Allahın övliyalarına pənah aparma və təvəssül əslində insanın özünü Allahın himayəsində qərar verməsidir.”)
102. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ حَقَّ تُقَاتِهِ وَلاَ تَمُوتُنَّ إِلاَّ وَأَنتُم مُّسْلِمُونَ
"Ey iman gətirənlər! İlahi təqvaya layiq şəkildə Allahdan çəkinin və yalnız müsəlman olaraq ölün.”
İman, elm, təqva kimi kamilliklərin mərhələləri var. İbtidai, üstün, mütləq kamal mərhələləri mövcuddur. Quranda oxuyuruq: "Pərvərdigara! Mənim biliyimi artır.”("Taha”, 114. ) "Məkarimul-əxlaq” duasında isə belə oxuyuruq: "Pərvərdigara! Mənim imanımı kamala çatdır.” Bu ayədə isə təqvanın ən ali dərəcəsini əxz etmək tövsiyə olunur.
1. Mömin hər gün bir mərtəbə yuxarı qalxmalıdır.
2. Gerçək təqva yaranış və məada iman sayəsində əldə olunur.
3. Təqva xeyir aqibət rəmzidir.
4. İman gətirmək kifayət deyil, imanlı qalmaq lazımdır. İşə başlamaq bir o qədər də mühüm deyil. Ən mühümü işi sona çatdırmaqdır.
5. İslam təkcə necə yaşamağı yox, həm də necə ölməyi bizə öyrədir.
6. İnsanın öz tale və aqibətində rolu var.
7. İslam həm təqvanın keyfiyyətinə əhəmiyyət verir, həm də onun ömrünün sonunadək davamını mühüm sayır.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti