
İmam (ə)-ın ictimai xidmətləri
Əli (ə) xilafətdən uzaqlaşdırıldığı dövrdə islam cəmiyyətinin digər məsələlərindən kənara çəkilmədi. Bu dövrdə Imam (ə) misli görünməyən çoxlu elmi və ictimai xidmətlər etməyə müvəffəq oldu. Əli (ə) bəziləri kimi cəmiyyətə və onların ehtiyaclarına xilafət gözü ilə baxanlardan deyildi ki, əgər əlindən alsaydılar, hər cür məsuliyyətdən boyun qaçırmış olsun. O həzrət siyasi rəhbərlikdən uzaqlaşdırılmasına baxmayaraq, özü üçün müxtəlif məsuliyyətlər hiss edirdi, buna görə də digər xidmətləri yerinə yetirməkdən boyun qaçırmadı, həzrət Yəqubun öz övladlarına etdiyi tövsiyəni örnək götürərək müxtəlif yollarla xidmət səhnəsinə daxil oldu. Imam (ə)-ın üç xəlifə dövründə etdiyi xidmətlərin ən mühümləri aşağıdakılardır:
a) Yəhudi və məsihi alimlərinin elmi hücumları qarşısında islamın prinsiplərini və əqidə hüdudlarını müdafiə etmək, onların suallarına düzgün cavab vermək, şübhələrini aradan qaldırmaq.
b) Çətin məsələlərdə, xüsusilə qəzavət işlərində xilafət aparatını hidayət edib ona yol göstərmək.
v) Ictimai xidmətlər (bunları aşağıda qeyd edəcəyik).
1. Yetimlərə və fəqirlərə yardım
Bu barədə yalnız bunu qeyd etmək lazımdır ki ayəsi təfsirçilərin hamısının fikrincə "Bəqərə" surəsinin 274-cü ayəsi Əli (ə)-ın barəsində nazil olmuşdur. ("Öz mallarını gecə-gündüz, gizlində və aşkarda (Allah yolunda) fəqirlərə verənlər) Ayənin onun vəziyyətini Rəsuli-Əkrəm (s)-in dövründə bəyan etməsinə baxmayaraq bu vəziyyət Peyğəmbər (s)-in vəfatından sonra da davam etmişdi. O həzrət həmişə yetimlərə və fəqirlərə kömək edirdi. Onun böyük və mehriban ruhu ömrünün axırına kimi fəqirlərə yardım etməkdən bir an belə, yorulmadı. Bu barədə çoxlu şahidlər qeyd olunmuşdur və biz müxtəsər olsun deyə, onları qeyd etmirik.
2. Qulları azad etmək
Qulları azad etmək islamda çox təkidlə qeyd olunan müstəhəb işlərdəndir. Rəsuli-Əkrəm (s)-dən nəql olunub ki, buyurur: "Hər kəs bir mömin qulu azad etsə, Əziz və Cəbbar olan Allah o bəndənin (qulun) hər bir üzvü əvəzində azad edənin bir üzvünü cəhənnəm odundan azad edəcək."
Əli (ə) digər xidmətləri və fəzilətləri kimi bu sahədə də hamıdan öndə idi, beytül-mal ilə yox, öz qazancı ilə min nəfər qul alıb azad edə bilmişdi. Imam Sadiq (ə) bunu təsdiq edərək buyurdu: "Əli (ə) öz əlinin qazancı ilə min nəfər qul azad etmişdir."
3. Əkinçilik və ağac əkmək
Peyğəmbər (s)-in sağlığında və ondan sonrakı dövrdə Əli (ə)-ın məşğuliyyətlərindən biri əkinçilik və ağac əkmək idi. O həzrət öz xidmətlərinin və qazanclarının çoxunu bu yolla təmin edirdi. Bundan əlavə, öz əli ilə abad etdiyi çoxlu mülkləri vəqf etmişdi. Imam Sadiq (ə) bu barədə buyurmuşdur: "Əmirəl-möminin külüng vurub yerin altında gizlənən nemətləri çıxarırdı." O həzrətdən nəql olunmuşdur ki, "Allah yanında əkinçilikdən gözəl bir iş yoxdur."
Yazırlar ki, bir nəfər həzrət Əli (ə)-ın yanında bir "vəsəq" miqdarında xurma gördü.(Bir "vəsəq" altı "sa", hər "sa" da təqribən bir "mən"-dir ki, bir "mən" də təqribən 3 kilodur. Deməli, bir "vəsəq" 18 kilodur. ) Soruşdu: "Bu qədər xurma dənəsi yığmaqda məqsədiniz nədir?" Buyurdu: "Onların hamısı Allahın izni ilə xurma ağacı olacaq." Ravi deyir ki, Imam (ə) o dənələri əkib, xurma bağı saldı və sonra onu vəqf etdi.
4. Kəhriz qazmaq
Ərəbistan kimi isti və quraqlıq bir ölkədə kəhriz qazmaq çox əhəmiyyətə malikdir. Imam Sadiq (ə) buyurur: "Peyğəmbəri-Əkrəm (s) ənfaldan olan bir bölük torpağı Əli (ə)-ın ixtiyarında qoydu. O həzrət orada kəhriz qazdı, onun suyu dəvə boynu kimi fəvvarə vururdu. Imam (ə) oranın adını "Yənbu" qoydu. Bu kəhrizin bol suyu oranın əhalisinin şad olmasına və gözlərinin işıqlanmasına səbəb oldu. Onlardan biri bu xidmətə müvəffəq olmasına görə Əli (ə)-a müjdə verdi. Həzrət cavabında dedi:–"Bu kəhriz Allah evinin ziyarətçilərinə və buradan keçən yolçulara vəqf olunmuşdur. Heç kəsin onun suyunu satmağa haqqı yoxdur, övladlarım da heç vaxt onu irs apara bilməzlər."
Indi də Məkkə-Mədinə yolu üstündə "Beri-Əli" ("Əli quyusu") adlı bir məntəqə vardır ki, o həzrət orada quyu qazmışdır. Imam Sadiq (ə)-ın sözlərindən aydın olur ki, Əmirəl-möminin Əli (ə) Məkkə-Kufə yolunda da çoxlu quyu qazmışdır.
5. Məscid tikmək
Məscid tikmək və onları təmir etmək Allaha və qiyamətə olan iman nişanələrindəndir. Əmirəl-möminin Əli (ə) çoxlu məscid tikmişdir ki, onların bəzilərinin adı islam tarixində qeyd olunmuşdur. O cümlədən; Mədinədə "Məscidül-fəth", həzrət Həmzənin qəbrinin kənarındakı bir məscid, Miqatda bir məscid, Kufədə bir məscid, Bəsrədə bir məscid o həzrətin tikdiyi məscidlərdəndir.
6. Məkanların və mülklərin vəqf edilməsi
Həzrət Əli (ə)-ın etdiyi çoxlu vəqflərin və vəqfnamələrin adları tarix və hədis kitablarında qeyd olunmuşdur. Bunların əhəmiyyətində onların illik gəlirinin qırx min dinar olmasını qeyd etmək kifayətdir. Bu da bütünlüklə yoxsullara sərf olunurdu. Bu qədər gəlirin olmasına baxmayaraq, həzrət Əmirəl-möminin Əli (ə) öz məişət və yaşayış xərclərini təmin etmək üçün çarəsizlikdən qılıncını satmağa məcbur olurdu. Peyğəmbər (s) buyurmuşdur: "Hər kəs bu dünyadan getsə, ölümündən sonra əvvəllər özündən qoyduğu bu üç yoldan başqa ona bir şey yetişməz: Onun üçün istiğfar edən saleh övlad, camaatın içərisində qoyduğu gözəl ənənə, özündən sonra da qala biləcək yaxşı iş."
Həzrət Əmirəl-möminin Əli (ə)-ın vəqfnamələri islamda vəqf hökmlərinin ilham mənbəyi olmaqla bərabər, həm də o həzrətin ictimai və humanist xidmətlərinə dair möhkəm və parlaq bir sənəd idi. Bu vəqfnamələrdən agah olmaq üçün dəyərli "Vəsailüş-şiə" kitabına (13-cü cild, "Əl-vüquf vəs-sədəqat" bölməsinə) müraciət edin.
Kitabın adı: Vilayət günəşi (birinci cild)
Müəllif: Ayətullah Cəfər Sübhani