"Ali-İmran” surəsi (63-64)
63. فَإِن تَوَلَّوْاْ فَإِنَّ اللّهَ عَلِيمٌ بِالْمُفْسِدِينَ
"Əgər haqdan üz döndərdilər, həqiqətən, Allah fəsad əhlindən xəbərdardır.”
Dildən-dilə gəzən dastanlar üç növdür:
1.Təxəyyül məhsulu olan qeyri-həqiqi romanlar, əfsanələr və əsatirlər.
2. Bəzən həqiqi, bəzən isə yalan qatılmış tarixi əhvalatlar.
3. Vəhy dili ilə bizə çatmış, haqqa əsaslanan hadisələr. Qurandakı bütün əhvalatlar bu qəbildəndir. Bu dastanlarda təxəyyül, yalan və yanlışlığa yer yoxdur.
1. Əgər Quran olmasaydı, həzrət İsanın çöhrəsi xurafat qarışıqlarından təmizlənməzdi.
2. Tövhid şüarının təkrarı və xurafatla mübarizə zəruridir.
3. Peyğəmbərlər haqqındakı dastanlar tövhid prinsipi ilə uyğun gəlmirsə, saxta və yalandır.
4. İnsanın haqdan üz döndərməsi onun azad olduğunu göstərir.
5. Haqdan üz döndərilməsi fəsad nümunəsidir. Üz döndərən şəxs isə fəsad əhlidir.
6. Allahın fəsad əhlinin işlərini bilməsi ən böyük xəbərdarlıqdır.
64. قُلْ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْاْ إِلَى كَلَمَةٍ سَوَاء بَيْنَنَا وَبَيْنَكُمْ أَلاَّ نَعْبُدَ إِلاَّ اللّهَ وَلاَ نُشْرِكَ بِهِ شَيْئًا وَلاَ يَتَّخِذَ بَعْضُنَا بَعْضاً أَرْبَابًا مِّن دُونِ اللّهِ فَإِن تَوَلَّوْاْ فَقُولُواْ اشْهَدُواْ بِأَنَّا مُسْلِمُونَ
"De ki, ey kitab əhli, aramızdakı müştərək sözə doğru gəlin. Allahdan qeyrisinə pərəstiş etməyək, Ona şərik qərar verməyək, bəzilərimiz bəzilərini Allahın yerinə Rəbb götürməyək. Əgər (bu təklifdən) üz döndərsələr, deyin: Şahid olun ki, biz müsəlmanıq (və Allaha təslimik).”
İstər dəlil, istər mübahilə, istərsə də müştərək sözlərə üz tutmaq yolu ilə tövhid və haqqa çağırış zəruridir.
"Təfsire-Məraği”də nəql olunur: Udəyy ibn Hatəm İslamı qəbul etdikdən sonra peyğəmbərə belə ərz etdi: "Biz məsihi olduğumuz vaxt heç vaxt bir-birimizi özümüzə Rəbb qərar verməmişik. Bəs bu cümlənin mənası nədir?”
Həzrət Peyğəmbər (s) buyurdu: "Məgər sizin alimləriniz Allahın hökmünü dəyişmirdilərmi?” İbn Hatəm bunu təsdiq etdi. Həzrət buyurdu: "Allahın qanununu dəyişən alimə itaət bir növ ona bəndəlikdir.”
1. Müsəlmanlar müştərək məsələlərdə kitab əhli ilə razılığa gəlməlidirlər.
2. Vəhdətə dəvətdə öncül olmaq lazımdır.
3. Əgər bütün haqq məqsədlərə çatmaq mümkün olmadısa, bu məqsədlərdən bəzilərinə çatmaq üçün öz səyinizi əsirgəməyin.
4. Təbliğ mərhələlərindən biri müştərək məsələlərə dəvətdir. Müştərək məsələlərə dəvətdə Quran yaxşı bir mehvər ola bilər. Çünki Quranda həm peyğəmbərlərin tarixi var, həm də o, təhriflərdən uzaqdır.
5. Təbliğ zamanı qarşı tərəfin haqq əqidələrinə və müqəddəsliklərinə ehtiram göstərmək lazımdır.
6. Bir Allaha sitayiş və şirkdən uzaqlıq bütün səmavi dinlərin müştərək cəhətləridir.
7. Tövhid insanın ucalıq səbəbidir. "Təaləv” sözü ucalığa dəvət zamanı işlədilir.
8. Başqalarına sorğu-sualsız itaət onları Rəbb kimi qəbul etmək nişanəsidir. Halbuki bütün insanlar bir-birləri ilə bərabərdirlər.
9. Azad düşüncə və müstəqil şəxsiyyət Quran şüarıdır.
10. Müxaliflərin etirazı bizim iradə və imanımıza təsir göstərməməlidir.
11. Hər bir təbliğatçı əvvəlcədən xalqın etirazını ehtimal etməlidir ki, bu etirazla rastlaşdıqda məyus olmasın.
12. Yetərli dəlillərdən sonra mübahisəni kəsin.
13. Allaha bəndəlik, şirkin və qeyri-ilahi hakimlərin rədd edilməsi həqiqi müsəlmanlıq xüsusiyyətlərindəndir.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti