![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||

Ömərin təşkil etdiyi şuranın təhlil edilib araşdırılması
Bu təhlildə hadisənin həssas nöqtələri üzərində dayanıb cüzi məsələləri nəql etməyəcəyik:
1. Müxtəlif qrupların ikinci xəlifəyə, özü üçün canişin seçməyi təklif etməsi göstərir ki, ümumxalq kütləsi fitri olaraq dərk edirdi ki, müsəlmanların rəisi öz sağlığında islam cəmiyyətinin gələcək rəhbərini seçməlidir, çünki əks halda cəmiyyəti başdan-başa fitnə-fəsad tutması və nahaq qanlar axıdılması mümkündür. Bununla belə, sünnü alimləri hansı əsasa görə "Peyğəmbər (s) canişin təyin etmədən vəfat etdi"–deyə iddia edirlər?!
2. Canişinin xəlifənin öz tərəfindən seçilməsi təklifi göstərir ki, Peyğəmbər (s) vəfat edəndən sonra "Şura hökuməti" əsassız bir tədbir idi və əvvəllər heç vaxt belə bir iş olmayıbdır. Əks halda, Peyğəmbər (s) tərəfindən şura təşkil etmək barədə aşkar əmr verilmiş olsaydı, onda ikinci xəlifəyə hansı dəlilə görə canişin təyin etmək təklifi irəli sürülmüşdü? Şura ilə olan hökumət, Allah tərəfindən Imam təyin olunmasını nəzərə almadıqda bəşərin seçə bildiyi ən ağıllı hökumət üsuludur. Bu növ hökumət hazırkı dövrdə dillər əzbəri olmuşdur və onun tərəfdarları, hay-küy qoparmaqla demək istəyirlər ki, islamda hökumətin əsası mütləq şəkildə və hətta Peyğəmbər (s)-in vəfatından sonra belə, şura növlü hökumətdir. Maraqlıdır ki, belə bir hökumət islam tarixində heç vaxt qurulmamışdır. Görəsən, "Peyğəmbər (s)-in dostları və səhabələrinin hamısı xəta və səhv edərək o həzrətin əmrinə etina etməmişlər" - deyə iddia etmək olarmı?
3. Ömər camaatın tələblərinə verdiyi cavabda dedi:–"Əgər Əbu Übeydə sağ olsaydı, onu özümə canişin seçərdim, çünki Peyğəmbərdən eşitmişəm ki, o bu ümmətin əminidir (əmanətdarıdır) və əgər Əbu Hüzeyfənin qulamı Salim sağ olsaydı, onu özümə canişin seçərdim, çünki, Peyğəmbərdən eşitmişəm ki, o, Allahın dostudur."
O vaxt Ömər dirilərin fikrində olmaqdan daha çox ölülərin fikrində idi, bu da ölüpərəstlikdən əlavə, həm də onun əsrində yaşayan dirilərə qarşı hörmətsizlik idi. Bundan da əlavə, əgər Əbu Übeydə və Salimin seçilməsində Peyğəmbərin onları ümmətin əmini və Allahın dostu adlandırması əsas sayılırdısa, onda Ömər nə üçün Əli (ə) barəsində bir söz demədi, halbuki Peyğəmbər (s) onun barəsində "Əli haqq ilə, haqq da Əli ilədir" - deyə buyurmuşdu.
Ömər Əli (ə)-ın məqamı, onun pak ruhiyyəsi və fəzilətləri, misilsiz qəzavətləri, fədakarlıqları və Kitaba, sünnəyə olan dərin və misilsiz elmindən hamıdan artıq agah olduğu halda, nə üçün Əli (ə)-ın adını dilinə gətirmədi və heç vaxt bir nəfərin kinini və həsədini qaldırmayan ölüləri yada saldı?!
4. Əgər imamət məqamı ilahi bir məqam olaraq peyğəmbərlik vəzifələrinin davamıdırsa, onda gərək imamı tanımaqda ilahi göstərişə əməl olunsun və əgər ictimai bir məqamdırsa, gərək onu tanımaqda ümumxalq rəyi nəzərə alınsın. Amma üzvləri şəxsən xəlifə tərəfindən təyin olunan şura yolu ilə Imam seçmək nə ilahi göstəriş əsasındadır, nə də ümumi rəy sorğusu əsasında. Əgər sonrakı xəlifəni əvvəlki xəlifə təyin edəcəkdirsə, nə üçün işi altı nəfərlik şuraya həvalə edirlər?!
Sünnülərin nəzərinə görə Imam ictimaiyyət tərəfindən, yaxud məşvərət əhlinin rəy birliyi yolu ilə seçilməlidir və keçmiş xəlifənin rəyinin bu işdə azacıq olsa belə, dəyəri yoxdur. Lakin onların bu işə nə üçün haqq donu geyindirib altı nəfərlik şuranın qanununun icrasını vacib hesab etmələri məlum deyil. Əgər imamı seçmək ümmətin haqqıdırsa xəlifə hansı dəlilə görə o haqqı camaatdan alıb üzvlərini özü təyin etdiyi bir şuranın ixtiyarına qoyur?
5. Şuranın üzvlərinin yalnız bu altı nəfərdən təşkil olunmasının səbəbi məlum deyil. Əgər onların seçilməsinin səbəbi Peyğəmbər (s)-in vəfat etdiyi vaxt onlardan razı olması idisə, onda bu razılıq Əmmarın, Hüzeyfə Yəmaninin, Əbu Zərin, Miqdadın, Übeyy ibni Kəbin və s. barəsində də var idi. Məsələn, Peyğəmbər (s) Əmmarın barəsində buyurur: "Əmmar haqq ilə, haqq da onunladır, o, haqqın mehvəridir və haqq onun vücudunda dövr edir."
Əbu Zərin barəsində buyurur: "Yer Əbuzər kimi doğruçu olan bir kəsi ağuşuna almamış və səma ondan doğruçu bir kəsə kölgə salmamışdır."
Bununla belə, görəsən Ömər nə üçün bunları şuraya üzv olmaqdan məhrum etdi və əksəriyyəti Əli (ə)-a qarşı pis münasibətdə olan şəxsləri seçdi?! Onların arasında yalnız Zübeyr o həzrəti istəyirdi, qalan dörd nəfər onun əleyhinə idi. Zübeyrin də rəyi gələcəkdə Əli (ə)-ın zərərinə tamam olurdu. Çünki Zübeyr o günə kimi özünü Əli (ə) ilə bir səviyyədə görmürdü, amma bu işdən sonra onunla bir sırada oldu və Osmanın qətlə yetirilməsindən sonra xilafət iddiasına düşdü.
Əgər şurada üzv olmaqda Bədr, Ühüd döyüşlərində iştirak etmək, yaxud mühacir olmaq əsas sayılırdısa, onda bu xususiyyətlər başqa şəxslərdə də var idi. Nə üçün onların içərisində bu altı nəfər seçildi?
6. Xəlifə iddia edirdi ki, Peyğəmbər (s) vəfat edəndə onlardan razı idi, buna görə də məhz onları şuraya üzv seçmişdir. Halbuki o, şura üzvləri barəsində olan söhbətində Təlhəni başqa cür təqdim etdi və ona dedi: "Hicab ayəsi nazil olanda sən bir söz dedin ki, Peyğəmbər sənə qəzəbləndi, vəfat etdiyi günə kimi sənə qarşı qəzəbli idi."
Görəsən, bu iki nəzərdən hansı biri qəbul olunmalıdır? Xəlifə şura üzvlərini tənqid edəndə elə sözlər dedi ki, onların əksəriyyətinin nəinki xilafət üçün, hətta şura üçün üzv olmaq səlahiyyətini də şübhə altına salırdı. Məsələn, Zübeyrin barəsində dedi: "Sən bir gün insansan, bir gün şeytan!" Görəsən belə bir şəxs xilafət şurasında iştirak edə və ya islam xəlifəsi ola bilərmi?! Əgər o, şura günündə şeytani bir niyyətlə məclisdə iştirak edirdisə, onu şeytani fikirlərdən saxlayan nə idi? Osmanın barəsində dedi: "Sən xəlifə olsan, Bəni-Üməyyəni və Bəni-Əbi Müeyti camaatın çiyninə çıxaracaqsan." və s. Belə bir ruhiyyəyə malik olan və qohumluq təəssübünə görə haqdan dönən bir şəxsin şurada üzv, yaxud xəlifə olmağa ləyaqəti varmı?
7. Xəlifə haradan bilirdi ki, Osman xilafətə seçiləcək və qohum-əqrəbasını camaatın çiyninə mindirəcək, bir gün gələcək ki, camaat onun əleyhinə qiyam edəcək (və sonra ona dedi ki, bu anlarda onu yad eləsin)? Xəlifə bu uzaqgörənliyi, yaxud "qeyb" xəbərlərini haradan bilirdi? Məsələ tamamilə aydındır, çünki o, sadəcə olaraq şura üzvlərini elə seçmişdi ki, Osmanın seçilməsi və Əli (ə)-ın məhrumiyyəti labüd idi.
8. Ömər Əli (ə)-ın barəsində nə qədər çalışdısa, onda bir eyb tapa bilmədi. Yalnız bir söz dedi ki, sonralar Əmr As da onu bəhanə gətirib deyirdi: "Əli çox zarafatcıldır." Ömər Imam (ə)-ın geniş qəlbli, güzəştə gedən olmasını və maddi şeylərə etinasız yanaşmasını zarafatçıl olmaq kimi təsəvvür edirdi. Bir rəhbərin malik olacağı şey ilk növbədə haqqı icra etməkdə ciddi, qətiyyətli və möhkəm, camaatın hüquqlarını qorumaqda isə iradəli olmaqdır. Imam (ə) bu xususiyyətlərə malik olan ən üstün şəxs idi. Hətta ikinci xəlifə bu həqiqəti etiraf edib demişdi: "Əgər sən rəhbərliyi əlinə alsan, camaatı aşkar haqqa və aydın yola doğru rəhbərlik edəcəksən."
9. Nə üçün Ömər Əbdürrəhman ibni Ovfa "veto" haqqı verdi və "rəylər bərabər olan surətdə Əbdürrəhman olan tərəf qələbə çalır" - dedi? Bir kəs deyə bilər ki, xəlifənin bundan başqa çarəsi yox idi. Çünki rəylər bərabər olan halda "bərabərlik" müşkülü həll olunmalı idi, xəlifə də Əbdürrəhmana "veto" haqqı verməklə bu müşkülü aradan qaldırdı. Bunun cavabı aydındır. Çünki Əbdürrəhmana bu üstünlüyün verilməsinin səbəbi Osmanın qələbə qazanma ehtimalını artırmaqdan başqa bir şey deyildi. Əbdürrəhman Osmanın bacısının əri idi və aydındır ki, bu məsələdə qohumluq amilini yaddan çıxarmayacaqdı, hətta pak təbiətli bir şəxs olmasını fərz etsək belə, qohumluq hissi istər-istəməz onun rəyinə təsir edəcəkdi. Bu müşkülü həll etmək üçün Ömər başqa bir qrupun rəyini son qərar kimi qəbul edib deyə bilərdi ki, əgər iki dəstə bərabər şəkildə rəy toplasa, axırıncı rəy Səd Vəqqasın qohumu və Osmanın bacısının əri Əbdürrəhmanla yox, Peyğəmbər (s)-in pak dostlarından olan bir qrupun razılaşdığı tərəf ilə olacaqdır.
10. Ömər aldığı yaraların şiddətli ağrısından qıvrılıb-açılan halda məclisdəkilərə deyirdi: "Məndən sonra ixtilafa yol verməyin və ikitirəlilikdən uzaq olun, əks halda xilafət Müaviyənin olacaq, hakimiyyəti sizdən alacaq." Bununla belə, o, Osmanın yaxın qohumu olan Əbdürrəhmana "veto" haqqı vermişdi. Osman və Müaviyə–hər ikisi Bəni-Üməyyə şəcərəsinin napak və xəbis meyvəsidir. Osmanın xilafəti sonralar Müaviyənin hakimiyyətinin möhkəmlənməsinə səbəb oldu.
Xəlifə bəzi valilərin mal-dövlətini müsadirə edir və onları məqamlarından çıxarırdı, lakin Müaviyə hökumətinə əsla toxunmur, onu Şamda mal-dövlət yığmaqda, öz hökumətinin əsaslarını möhkəmləndirməkdə azad buraxırdı. Halbuki onun, dövrün əksər valilərinin üslubu olan sadə bir vali kimi vəzifəsini yerinə yetirmədiyini, onun sarayının Qeysər və Kəsranın nümayəndələrinin saraylarından heç də geri qalmadığını bilirdi. Görəsən, demək olmazmı ki, bu işdə başqa bir məqsəd də var imiş, o da islamdan qabaq Bəni-Haşimlə qan düşməni olan Bəni-Üməyyənin mövqeyini möhkəmlətmək imiş. Bəli, əsas məqsəd bu idi ki, Bəni-Haşim nə vaxtsa islam mərkəzində (Mədinədə) hakimiyyəti və qüdrəti əlinə keçirsə və camaat da onlara tərəf meyl etsə, onda qüdrətli bir xarici dövlət müntəzəm surətdə onlara maneçilik törətsin. (Elə belə də oldu).
11. Ömər özünün azadlıq tərəfdarı olmasını aşkar etmək üçün deyirdi: "Oğlum Əbdüllaha rəy verməyin, çünki onun hətta öz arvadını boşamağa belə, ləyaqəti yoxdur." Lakin buna baxmayaraq onu şuranın məşvərətçisi seçdi və dedi: "Əgər şura üzvləri bərabər rəy toplasalar, hər iki tərəf oğlum Əbdüllaha təslim olsunlar. Amma Həsən ibni Əli və Əbdüllah Ibni Abbasın şuranın üzvü, yaxud məşvərətçisi olmasına icazə vermədi və dedi ki, onlar iclasda dinləyici kimi iştirak edə bilərlər.
12. Ümumiyyətlə, Ömər Əbu Bəkr kimi Əli (ə)-ı canişinlik üçün seçsəydi və bu yolla da çoxlu fəsadın qarşısını alsaydı nə olardı?! Bu halda Müaviyədən Mərvana qədər Bəni-Üməyyədə nə özbaşınalıq etməyə qüdrət, nə cürət və nə də ki, cürət etməyə fürsət olardı. Həmçinin beytül-malı qarət edərək öz mülkünə qatmaq, ayrı-seçkilik salmaq, camaatın xilafət hakimlərinin rəftarı, eləcə də islam qayda-qanunlarının ayaqlar altında tapdalanan cahiliyyət adət-ənənələrinin dirçəlməsi nəticəsində etiqadın sarsılması və s. kimi məsələlərin heç biri qarşıya çıxmazdı. Imam (ə)-ın fövqəl-adə əqli, fiziki və əxlaqi qüdrəti, düşmənçiliyin aradan qalxmasına sərf olunan bir o qədər şücaəti və səyləri islamın ali-insani qanunlarının, dəyərlərinin genişlənib yayılması, müxtəlif millət və tayfaların qəlblərinin islama cəlb edilməsi yolunda sərf olunsaydı, şübhəsiz, dünyaya və insaniyyətə tam başqa üfüqlər, parlaq bir gələcək ümidi verərdi.
13. Təəccüblüdür! Ömər bir tərəfdən Əbdürrəhmanı imanı yer üzündəki insanların yarısının imanından çox olan bir mömin hesab edir, digər tərəfdən isə bu Qüreyş sərmayədarını "Ümmətin Fironu" adlandırır. Tarixin sübut etdiyinə əsasən, həqiqətdə Əbdürrəhman ibni Ovf Qüreyşin məşhur sərmayədarı və möhtəkir bir şəxs idi. O, öləndən sonra külli miqdarda sərvət irs qoymuşdu. Məsələn, min baş inəyi, üç min baş qoyunu, yüz baş atı var idi, Mədinənin Cərf məntəqəsini iyirmi öküzlə əkib-becərirdi. Onun dörd arvadı var idi, öləndə arvadlarının hər birinə səksən min dinar (qızıl pul) irs çatmışdı. Bu məbləğ onun sərvətinin səkkizdə birinin dörddə biri (otuz ikidə biri) idi ki, arvadlarına çatmışdı. Xəstə ikən öz arvadlarından birini boşayanda onun irsiyyəsini səksən üç min dinarla razılaşmışdı. Bu halda belə bir şəxsin imanının yer üzünün adamlarının yarısının imanından çox olmasını demək olarmı?!
14. Əbdürrəhman Osmanın seçilməsində hiyləyə əl atdı. Əvvəlcə Əli (ə)-a təklif etdi ki, Allahın Kitabına, Peyğəmbərin sünnəsinə və Şeyxeynin yoluna uyğun olaraq əməl etsin. O bilirdi ki, əgər Şeyxeynin tutduğu yol Quran və Peyğəmbər sünnəsi ilə uyğun olsa, bu halda müstəqil bir iş deyil və onunla müxalifət olunsa heç bir dəyərə malik olmayacaq. Amma israr edirdi ki, Əli (ə)-la beyət gərək bu üç şərt əsasında olsun. O bilirdi ki, Əli (ə) axırıncı şərti heç vaxt qəbul etməyəcək. Buna görə də o həzrət bu şərti qəbul etmədikdə Əbdürrəhman mövzunu öz arvadının qardaşı Osmanla müzakirə etdi, o da dərhal qəbul etdi.
15. Hökumət Imam (ə) üçün əsl məqsəd yox, ilahi qanunların icra olunması üçün bir vasitə idi. Halbuki onun rəqibi üçün vasitə deyil, əsl məqsəd idi. Əgər Imam (ə) xilafətə Osmanın baxdığı niyyətlə baxsaydı, zahirdə Əbdürrəhmanın şərtini qəbul edib əməldə ondan boyun qaçırması çox asan bir iş olardı. Lakin bu işi görmədi, çünki o, haqqı heç vaxt batil yolla ələ gətirmək istəmirdi.
16. Imam (ə) elə ilk əvvəldən ikinci xəlifənin hiyləsindən və namizədlərin mənfur niyyətlərindən agah idi. Buna görə də şuranın tərkibindən və şərtlərindən agah olduqda əmisi Abbasa dedi: "Bu dəfə də biz xilafətdən məhrum olduq." Təkcə Imam (ə) deyil, Əbdüllah Ibni Abbas da şuranın belə bir tərkibindən agah olduqda dedi: "Ömər istəyir ki, Osman xəlifə olsun."
17. Ömər Məhəmməd ibni Məsləməyə göstəriş verdi ki, əgər azlıqda olanlar çoxluqda olanlarla razılaşmasalar, dərhal onları edam et, şuranın rəydə bərabər olan cinahı Əbdürrəhmanın olduğu cinahla razılaşmasa, onları dərhal öldür və əgər namizədlər üç gün müddətində canişin təyin etməkdə razılaşmasalar, hamısını qılıncdan keçir. Afərin bu hürriyyətə!! Dünyanın harasında azlıqda olanlar çoxluqda olanların qarşısında öldürülməlidir?!
Islam cəmiyyətinin rəhbərliyi düz on il belə bir daşürəkli şəxsin əlində idi. Onun nə düzgün bir tədbiri var idi, nə də insani mürüvvəti və duyğusu. Buna görə də onun barəsində deyirdilər: "Ömərin qamçısı Həccacın qılıncından qorxunc idi."
Osmanın xilafətə seçilməsi Bəni-Üməyyəyə o qədər azadlıq, qüdrət və cürət verdi ki, Osmanla bir nəsildən olan Əbu Süfyan bir gün Ühüd şəhidlərinin qəbristanlığına getdi və islamın böyük sərkərdəsi olan Həmzənin qəbrini (Həmzə Əbu Süfyan və onun dostları ilə olan müharibədə şəhid olmuşdu) təpikləyib dedi: "Əba-Yəli, dur ayağa! Üstündə döyüşdüyümüz şey bizim əlimizə düşmüşdür." Osmanın xilafətinin ilk günlərində qohum-əqrəbası onun evinə gəlmişdilər, həmin qoca dinsiz (Əbu Süfyan) oradakılara üz tutub dedi: "Xilafəti əldən-ələ ötürün, öz işçilərinizi Bəni-Üməyyədən seçin, çünki hakimiyyətdən başqa bir hədəf yoxdur–nə cənnət var, nə də cəhənnəm!"
Kitabın adı: Vilayət günəşi (birinci cild)
Müəllif: Ayətullah Cəfər Sübhani
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









