"Ali-İmran” surəsi (27-28)
27. تُولِجُ اللَّيْلَ فِي الْنَّهَارِ وَتُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَتُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَتُخْرِجُ الَمَيَّتَ مِنَ الْحَيِّ وَتَرْزُقُ مَن تَشَاء بِغَيْرِ حِسَابٍ
"(Pərvərdigara,) Sən gecəni gündüzə və gündüzü gecəyə gətirirsən. Diridən ölü, ölüdən diri çıxarırsan. İstədiyinə saysız-hesabsız ruzi verirsən.”
İnsanda tövhid ruhunu çiçəkləndirmək üçün bu və bundan qabaqkı ayədə Allahın qüdrət nişanələri on iki dəfə yada salınır.
Gecənin gündüzə və ya gündüzün gecəyə daxil olunması dedikdə, müxtəlif fəsillərdə gecə və gündüzün uzunluğunun artıb-əskilməsi və ya tədrici qürubla tülu (gün çıxması) nəzərdə tutulur. Əvvəlki məna daha məntiqli görünür.
Allahın dirini ölüdən çıxarması qüdrətinin bir nümunəsi cansız qida maddəsindən diri hüceyrələr yaratmasıdır.
Bəzən ölü qəlbli kafirlərin mömin övladları, diri qəlbli möminlərin kafir övladları olur. Bu da ayədəki məfhumun nümunələrindən biridir.(Təfsire-Məcməul-bəyan”, c. 2, s.728. )
«Hesabsız ruzi» dedikdə firavan və saysız ruzi nəzərdə tutulur. Ruzinin hesabı Allahın əlindədir. Belə bir məna da nəzərdə tutula bilər ki, Allahın ruzisinin hesabı sizin əlinizdə deyil. Belə ki, bu ruzi güman etmədiyiniz yerdən sizə verilir.
Ruziyə münasibətdə insanlar arasındakı fərq ilahi hikmətlərdən biridir. İnsanların bir-birinə möhtac olması ictimai həyatın formalaşması amillərindəndir. Bu yolla insanlarda səxavət, fədakarlıq, səbir, qənaət kimi sifətlər çiçəklənir. Əgər ruzi eyni bölünərdisə, yuxarıda sadalanan sifətlər insanlarda üzə çıxmazdı. Birində hansısa nemət olduqda və bir başqası həmin nemətdən məhrum qaldıqda bu çatışmazlığı aradan qaldırmaq üçün insanlar bir araya gəlir, varlılarda səxavət, kasıblarda qənaət, iffət və səbir kimi sifətlər çiçəklənir.
1. Gecə və gündüzün əvəz olunması, fəsillərin yaranması ilahi bərəkət və lütflərdən biridir.
2. Yaranışdan əlavə bütün dəyişiklik və tədbirlər Onun əlindədir.
3. Allahın qüdrəti məhdud deyil. O, ölüdən diri, diridən ölü ərsəyə gətirir.
4. İlahi lütf çeşməsi nəhayətsizdir. Ruzi hesabsızdır, yəni ruzi çeşməsi üçün heç bir məhdudiyyət yoxdur.
28. لاَّ يَتَّخِذِ الْمُؤْمِنُونَ الْكَافِرِينَ أَوْلِيَاء مِن دُوْنِ الْمُؤْمِنِينَ وَمَن يَفْعَلْ ذَلِكَ فَلَيْسَ مِنَ اللّهِ فِي شَيْءٍ إِلاَّ أَن تَتَّقُواْ مِنْهُمْ تُقَاةً وَيُحَذِّرُكُمُ اللّهُ نَفْسَهُ وَإِلَى اللّهِ الْمَصِيرُ
"İman əhli möminləri qoyub, kafirləri dost tutmamalı və onları rəhbər seçməməlidirlər. Belə edənlərin Allah yanında heç bir dəyərləri yoxdur. Kafirlərdən qorxub təqiyyə edən istisnadır. (Daha mühüm məqsədlər naminə müvəqqəti olaraq onlarla keçinin.) Allah sizə xəbərdarlıq edir. Qayıdış Allaha doğrudur.”
Əvvəlki ayələrdə Allahın sonsuz qüdrəti ilə bağlı verilən məlumatları nəzərə aldıqda kafirlərin hakimiyyətinin qəbuluna yer qalmır.
Bu ayədə xarici siyasətin siması, kafirlərlə rəftar qaydası, təqiyyə və təqiyyədən sui-istifadənin qarşısının alınması şərtləri bəyan olunmuşdur.
Təqiyyə müxaliflərin əzab-əziyyəti qorxusundan həqiqi əqidəni gizlətmək, təhlükədən uzaq olmaq üçün onlarla mübarizəni tərk etməkdir. Təqiyyə bəzən vacib, bəzən isə haram olur. Quranda "Nəhl” surəsinin 106-cı ayəsində təqiyyə haqqında danışılmışdır. Bu ayə Əmmar Yasirin şəninə nazil olmuşdur.
1. Möminlərin kafir hakimiyyətini qəbul etməsi qadağandır. (Əgər dünya müsəlmanları yalnız bu ayəyə əməl etsəydilər, indi İslam məmləkətlərinin vəziyyəti başqa cür olardı.)
2. İslam cəmiyyətində müdiriyyət və rəhbərlik üçün iman əsas şərtdir.
3. Siyasi əlaqələr kafirlərin hakimiyyətinin qəbuluna və onlara qəlbən bağlılığa səbəb olmamalıdır.
4. Hər hansı rabitə və ya rabitənin qırılması düşüncə və əqidə əsasında olmalıdır. Ailə, tayfa və irqi bağlılıqlar rabitə üçün əsas ola bilməz.
5. Hər kəs kafirlərin ardınca getsə, Allah onu özbaşına buraxar və Öz qeybi yardımlarından məhrum edər.
6. Bəzən uca məqsədlərə çatmaq naminə kafirlərlə zahiri əlaqələr qurmaq olar.
7. Təqiyyə dinin hifzi üçündür. Təqiyyə bəhanəsi ilə məbada kafirlərə meyl edəsiniz və təqiyyə adından sui-istifadə olunsun.
8. Din təhlükədə olduğu hallarda hər şey fəda olunmalıdır və Allahdan qeyrisindən qorxmaq olmaz.
9. Məadı xatırlamaq təqvanın ən üstün amilidir.
10. Dünyanın bir neçə günlük ləzzəti və rifahından ötrü məbada kafirlərin hakimiyyətini qəbul edəsiniz. Hamının qayıdışı Allaha doğrudur.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti