"Ali-İmran” surəsi (21-22)
21. إِنَّ الَّذِينَ يَكْفُرُونَ بِآيَاتِ اللّهِ وَيَقْتُلُونَ النَّبِيِّينَ بِغَيْرِ حَقٍّ وَيَقْتُلُونَ الِّذِينَ يَأْمُرُونَ بِالْقِسْطِ مِنَ النَّاسِ فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ
"Allahın ayələrini inkar edənləri, peyğəmbərləri nahaqdan öldürənləri və xalqı ədalətə çağıranları öldürənləri dərdli əzabla müjdələ.”
"Təfsire-Kəbir”, "Təfsire-Məcməul-bəyan”, "Təfsire-Qurtubidə” oxuyuruq: Bəni-İsrail günün əvvəlində, bir saat ərzində ilahi peyğəmbərlərdən 43-nü və yaxşı işə çağıranlardan 112-ni şəhadətə yetirdi.
Aydın məsələdir ki, İslam peyğəmbərinin dövründə peyğəmbərləri şəhid edənlər yox idi. Amma həmin dövrdə yaşayan bir dəstə insan öz babalarının bu əməllərinə razı olduğundan Allah bu ayədə qəlbən razılıq səbəbindən babalarının günahına şərik olanları "bəşşirhum” xitabı ilə hədələmişdir.
Sual: Əmr be məruf və nəhy əz münkərin vacib olması şərtlərindən biri bu işdə təhlükə olmamasıdır. Bu ayədə isə nəhy əz münkər yolunda canından keçən haqqında xoş sözlər söylənilmişdir. Bunun səbəbi nədir?
Cavab: Əvvəla, fərdlərin şəraiti və əmr be mərufla nəhy əz münkər növləri fərqlidir. Bəzən pis iş görən Yezidin hökuməti olur. İmam Hüseyn (ə) bu hökumətin pis işlərinin qarşısını almaq üçün Kərbəlaya gedir və şəhid olur. Həzrət buyurur: «Mənim bu hərəkət və qiyamda məqsədim əmr be məruf və nəhy əz münkərdir.» Bəzən isə vəziyyət başqa cür olur. İnsan aradan qaldırmaq istədiyi günahın zərəri ilə mal və canının əldən çıxmasını müqayisə etməli, daha əhəmiyyətli saydığı vəzifəyə əməl etməlidir. İkincisi, olsun ki, bu ayədə haqqında xoş söz deyilənlər öz şəhadətlərini əvvəlcədən görməyənlərdir. Onlar öz aqibətlərini öncədən görməsələr də, zalımlar onları şəhadətə çatdırmışlar.
1. Azğın və küframiz etiqadlardan peyğəmbərlərin qətlə yetirilməsi kimi təhlükəli əməllər doğur.
2. Bəzən peyğəmbərlər və övliyaların şəhadəti bahasına da olsa, haqqı demək lazım gəlir.
3. Düşmənlər haqqı ört-basdır etmək üçün peyğəmbərləri qətlə yetirirlər.
4. Bəzən zalım hakimlər dəyərli insanları qətlə yetirmək üçün təbliğatlar, şayiələr vasitəsi ilə öz çirkin işlərinə haqq donu geyindirirlər.
5. Ədalətə dəvət edən, yaxşı işləri əmr və pis işləri qadağan edənlərin adı peyğəmbərlərlə bir sırada çəkilir. Ona görə də bu insanları qətlə yetirənlər peyğəmbərləri qətlə yetirənlər kimidir.
22. أُولَـئِكَ الَّذِينَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالآخِرَةِ وَمَا لَهُم مِّن نَّاصِرِينَ
"Onlar əməlləri dünya və axirətdə puça çıxmış və heç bir yardımçıları olmayan kəslərdir.”
1. Bəzən bir əməl insanın qalan bütün əməllərini puça çıxarır.
2. Peyğəmbərləri qətlə yetirmək kimi günahlar üçün şəfaət yoxdur.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti