Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Ocak 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |
Əbu bəkrin Peyğəmbərdən (s) nəql etdiyi hədis
Quran ayələri barəsində aparılan bəhsdə isbat olundu ki, peyğəmbərlərin varisləri onlardan irs aparırlar və onların irsi vəfatlarından sonra sədəqə kimi yoxsulların arasında bölüşdürülmür. Indi gəlin sünnü alimlərinin nəql etdikləri və beləliklə də birinci xəlifənin Peyğəmbər (s)-in qızının ata irsindən məhrum etməsinə bəraət qazandırdıqları hədisi araşdıraq. Əvvəlcə hədis kitablarında mövcud olan hədisləri nəql edirik, sonra onların məfhumu barəsində mühakimə yürüdəcəyik.
1. "Biz peyğəmbərlər qızıl, gümüş, yer və irs qoymuruq. Biz inam, hikmət, elm və hədisi irs qoyuruq."
2. "Peyğəmbərlər irs üçün bir şey qoymurlar." (Yaxud: onlara irs yetişmir.)
3. "Peyğəmbər irs üçün bir şey qoymur." (Yaxud: ona irs yetişmir.)
4. "Irs üçün bir şey qoymuruq. Bizdən qalan şeylər sədəqədir."
Bunlar sünnü mühəddislərinin nəql etdikləri hədislərdir. Birinci xəlifə Fatimə (ə)-ın atasından irs aparmasının qarşısını aldıqda dördüncü hədisə istinad edirdi. Bu barədə Əbu Hüreyrənin nəql etdiyi beşinci bir hədis də vardır. Lakin onun hədislərinin nə vəziyyətdə olması məlum olduğu üçün, onu nəql etmirik (hətta "Əs-Səqifə" kitabının müəllifi Əbu Bəkr Cövhəri bu hədisin həqiqətdən çox-çox uzaq olduğunu etiraf etmişdir) və qeyd olunan dörd hədisi araşdırıb təhlil edirik.
Birinci hədis barəsində onu deməliyik ki, məqsəd peyğəmbərlərin özlərindən sonra heç nəyi irs qoymaması deyil, bunu çatdırmaqdır ki, Peyğəmbərin vəzifəsi öz şərəfli ömrünü qızıl-gümüş yığmağa, bağ-bağat salmağa sərf etmək, sonra isə onları öz varisləri üçün irs qoyub getmək deyil. Onlardan yadigar qalan şey qızıl və gümüş deyil, hikmət, elm, sünnədir. Bu mətləb isə "Əgər bir peyğəmbər öz ömrünü camaatı hidayət edib onlara yol göstərmək üçün sərf etsə və tam zahidliklə, qənaətlə keçinsə, onda onun vəfatından sonra "peyğəmbərlərin heç nəyi irs qoymamaları" hökmünə görə gərək onun qoyub getdiyi mal-dövlət dərhal onun varislərindən alınsın və sədəqə verilsin"–fikrinin tam əksidir. Daha dəqiq desək, hədisdə məqsəd budur ki, peyğəmbərlərin ümməti, yaxud varisləri onların vəfatından sonra mal-dövlət və sərvət irsinin intizarını çəkməməlidir. Çünki onlar bu iş üçün deyil, dini, şəriəti, elmi və hikməti camaatın arasında yayıb bunları özlərindən yadigar qoymaq üçün gəlmişlər.
Şiə alimlərinin Imam Sadiq (ə)-dan bu məzmunda nəql etdikləri bir hədis təsdiq edir ki, Peyğəmbər (s)-in məqsədi elə bu imiş. Imam Sadiq (ə) buyurur: "Alimlər peyğəmbərlərin varisləridir. Çünki peyğəmbərlər özlərindən dinar və dirhəm irs qoymurlar, onlar (camaat üçün) öz hədislərini yadigar qoyurlar."
Bu hədis və buna oxşar olan sair hədislərdə məqsəd budur ki, mal-dövlət toplamaq peyğəmbərlərə layiq bir iş deyildir. Onlara layiq olan iş öz ümmətləri üçün elm və iman qoyub getməkdir. Buna görə də bu, "əgər bir peyğəmbər özündən sonra bir şeyi irs qoyub getsə, onu varisinin əlindən tutub almaq lazımdır" kimi iddia üçün bir sənəd ola bilməz. Deməli, ikinci və üçüncü hədisdə də qısa və yığcam nəql olunduğuna baxmayaraq, məqsəd elə budur. Həqiqətdə Peyğəmbər (s) yalnız bir hədis buyurmuşdur, amma sonralar nəql edilərkən dəyişdirilmiş və qısa şəkildə nəql olunmuşdur.
Bura qədər ilk üç hədisi düzgün şəkildə təfsir edib onların Quranla olan ixtilafını aradan qaldırdıq. (Belə ki, Qurani-Məcid peyğəmbərlərin övladlarının onlardan irs aparmasını xəbər verir). Mühüm məsələ dördüncü hədisdir. Çünki qeyd etdiyimiz izahlar bu hədisi təfsir edə bilməz. Bu hədisdə aşkar şəkildə deyilir ki, bir peyğəmbərin, yaxud peyğəmbərlərin qoyub getdikləri mal-dövlət gərək "sədəqə" olaraq zəbt olunsun. Indi belə bir sual qarşıya çıxır: əgər hədisdə məqsəd bu hökmün bütün peyğəmbərlərə şamil olmasıdırsa, bu halda onun məzmunu Quran ilə müxalif olar və etibardan düşər. Yox, əgər məqsəd bu hökmün təkcə islam Peyğəmbərinə şamil olmasıdırsa və o, bütün peyğəmbərlərin arasında belə bir müstəsna xüsusiyyətə malikdirsə, bu halda Quranın ayələri ilə külli şəkildə müxalif və zidd olmasa belə, Quranın irs və onun varislər arasında bölünməsi qaydası (bu qayda külli və ümumidir, islam Peyğəmbərinə də şamildir) barəsində olan çoxlu ayələri qarşısında bu hədisə əməl etmək onunla şərtlənəcəkdir ki, qeyd olunan hədis, onunla Quran ayələrini məxsuslaşdırmaq mümkün olacaq bir həddə düzgün və mötəbər olmalıdır. Lakin xəlifənin istinad etdiyi bu hədis bir neçə cəhətdən etibarsızdır:
1. Peyğəmbər (s) səhabələri içərisində bu hədisi heç kəs deyil, yalnız birinci xəlifə nəql etmişdir. (Səhabələrdən heç kim bu hədisi nəql etməmişdir.) Onun bu hədisi təklikdə nəql etməsi əbəs deyildir və bu, danılmaz bir tarixi məsələdir. Hətta ibni Həcər təkcə onun bu hədisi nəql etməsini onun ələmiyyətinə (elmdə hamıdan üstün olmasına) dair bir dəlil gətirmişdir. Bəli, tarixdə yeganə hal budur ki, Əli (ə)-ın Peyğəmbərin mirası barəsində Abbasla etdiyi mübahisə zamanı Ömər onların arasında mühakimə yürütdükdə birinci xəlifənin nəql etdiyi hədisə istinad etdi və o məclisdə beş nəfər həmin hədisin doğruluğuna şəhadət verdi.
Ibni Əbil-Hədid yazır: "Peyğəmbərin vəfatından sonra Əbu Bəkr bu hədisi nəql etməkdə tənha idi və ondan başqa heç kəs bu hədisi nəql etməmişdi. Yalnız bəzən deyilirdi ki, Malik ibni Ovs da o hədisi nəql etmişdir. Amma Ömərin xilafəti dövründə mühacirlərin bəzisi onun doğruluğuna şəhadət vermişdir."
Bundan başqa görəsən birinci xəlifənin yalnız özünün iddiaçısı olduğu halda, özündən başqa bir kəsin xəbəri olmayan bir hədisi şahid gətirməsi düzgündürmü? Burada deyilə bilər ki, qazi məhkəmədə öz elminə (yəqininə) əməl edərək öz şəxsi elmi əsasında münaqişəni həll edə bilər. Habelə deyilə bilər ki, xəlifə bu hədisi Peyğəmbərin özündən eşitdiyinə görə öz elminə etimad edərək övladın mirasına aid olan ayələri məxsuslaşdıraraq onun əsasında qəzavət edə bilər. Amma xəlifənin Fədəki əvvəlcə verib, yenidən qaytarması kimi bir-birinə zidd olan işləri və tərəddüdü sübut edir ki, o, qeyd olunan hədisin düzgünlüyünə tam əmin deyilmiş. Buna əsasən, xəlifənin Fatimə (ə)-ın ata mirasını onun əlindən almaqda öz elminə əməl edərək Peyğəmbərdən eşitdiyi hədislə Allah Kitabına təxsis vurmasını necə iddia etmək olar?!
2. Əgər Peyğəmbərin özündən sonra qalan mal-dövlət Allahın hökmü əsasında milliləşdirilib müsəlmanların rifahı üçün sərf olunmalı idisə, onda nə üçün Peyğəmbər (s) bu məsələni özünün yeganə varisinə deməmişdi?! Görəsən Peyğəmbəri-Əkrəm (s)-in ilahi hökmü–öz qızına aid olduğu halda–ondan gizlətməsi, yaxud ona dediyi halda onun bu sözə etina etməməsi əqlə sığarmı?! Belə bir şey heç vaxt mümkün ola bilməz. Çünki Peyğəmbər (s)-in isməti (məsum olması) və onun əziz qızının günahdan uzaq olması onların barəsində belə bir ehtimal verilməsinə mane olur.
Fatimə (ə)-ın inkar etməsini də belə bir qanunun düzgün olmamasına dair bir sübut gətirməmişik. Qeyd olunan hədis də siyasi səbəblərə görə Peyğəmbər (s)-in əsil varisini öz haqqından məhrum etmək istəyənlərin beyninin məhsulu və onların şəxsi nəzərləridir.
3. Əgər xəlifənin nəql etdiyi hədis düzgün və etibarlı olsaydı, onda nə üçün Fədək məsələsi qrupların çəkişməsinə və təzadlı siyasətlərə düçar olurdu və hər xəlifə öz hakimiyyəti dövründə onunla müxtəlif tərzdə rəftar edirdi?! Tarixə müraciət etməklə məlum olur ki, xəlifələrin hakimiyyəti dövründə Fədəkin vəziyyəti heç vaxt sabit olmamışdır: Bəzi vaxtlar əsil sahiblərinə qaytarılmış, bəzi vaxtlar da müsadirə edilmişdir. Ümumiyyətlə, bu, hər bir əsrdə həssas bir məsələ, islami bir müşkül kimi qarşıya çıxırmış. Əvvəllərdə qeyd olunduğu kimi, Ömərin xilafəti dövründə Fədək Əli (ə) və Abbasa qaytarıldı. Osmanın xilafəti dövründə Mərvanın mülkünə qatıldı. Müaviyənin xilafəti dövründə isə (Həsən ibni Əli (ə)-ın vəfatından sonra) Fədək üç nəfərin (Mərvan, Ömər ibni Osman, Yəzid ibni Müaviyə) arasında bölüşdürüldü. Mərvanın xilafəti dövründə hamısı onun ixtiyarına keçdi. Mərvan da onu öz oğlu Əbdül Əzizə bağışladı. O da öz oğlu Ömərə hədiyyə etdi. Ömər ibni Əbdül-Əziz öz rəhbərliyi dövründə onu Zəhra (ə)-ın övladlarına qaytardı. Yəzid ibni Əbdül-Məlik xilafətə çatanda onu Fatimə (ə)-ın övladlarından aldı və bir müddət Bəni-Mərvan ailəsində (onların xilafəti süqut edənə qədər) əldən-ələ keçdi.
Abbasilərin xilafəti dövründə Fədək xas bir hərəkətə malik idi. Əbül-As Səffah onu Əbdullah ibni Həsən ibni Əli (ə)-a qaytardı, Əbu Cəfər Mənsur onu geri aldı. Məhdi Abbasi onu Fatimə (ə) övladlarına qaytardı. Musa ibni Məhdi və onun qardaşı onu geri aldı. Nəhayət, xilafət Məmuna çatanda Fədəki qaytardı. Mütəvəkkil xəlifə olanda onu öz həqiqi sahiblərindən geri aldı. Əgər Peyğəmbər (s) övladlarının irsdən məhrum olması haqda olan hədis həqiqi və düzgün olsaydı, heç vaxt Fədəkin belə təəssüflü və müəmmalı taleyi olmazdı.
4. Peyğəmbəri-Əkrəm (s)-in Fədəkdən savayı başqa mirasları da var idi, lakin birinci xəlifənin göstərdiyi təzyiqlər Peyğəmbər (s)-in irsinin məcmusundan yalnız Fədək üzərinə yönəlmişdi. Peyğəmbər (s)-dən sonra irs qalan şeylərdən biri onun zövcələrinin evləri idi ki, elə həmin vaxt onların əlində qaldı və xəlifə onlara əhəmiyyət vermədi, evlərin vəziyyətini aydınlaşdırmaq üçün onların sorağına heç kimi göndərmədi ki, nəticədə o evlərin Peyğəmbər (s)-in öz mülkü olmasımı, yoxsa, o həzrət öz sağlığında onları öz zövcələrinə bağışlaması məlum olsun. Əbu Bəkr nəinki bu barədə təhqiqat aparmadı, üstəlik öz cənazəsinin Peyğəmbər (s)-in pak qəbrinin yanında dəfn olunması üçün qızı Ayişədən icazə aldı, çünki o, öz qızını Peyğəmbər (s)-in varisi hesab edirdi. Əbu Bəkr nəinki Peyğəmbər (s)-in zövcələrinin evlərini müsadirə etmədi, heç Peyğəmbər (s)-in üzüyünü, əmmaməsini, qılıncını, atını və paltarlarını da Əli (ə)-dan almadı, onların barəsində bir söz də demədi.
Ibni Əbil-Hədid irs barəsindəki bu ayrı-seçkilikdən o qədər heyrətlənir ki, ona bəraət qazandırmaq üçün özündən bir dəlil düzəltmək istəyir, lakin onun gətirdiyi dəlillər o qədər əsassız və gülüncdür ki, nəql edib araşdırmağa dəyməz.
Görəsən irsdən məhrum olmaq təkcə Peyğəmbər (s)-in qızına məxsus idi, yoxsa onun bütün varislərinə şamil idi, yaxud ümumiyyətlə, heç cür məhrumiyyət mövcud deyilmiş və siyasi səbəblər Fatimə (ə)-ı irsdən məhrum etmişdi?
5. Əgər islam şəriətində Peyğəmbər (s)-in varislərinin onun mirasından məhrum edilməsi vacib və qəti bir hökm idisə, onda nə üçün Fatimə (ə) "Təthir" ayəsinin hökmünə görə hər növ aludəlikdən uzaq olduğu halda, öz odlu xütbəsində belə buyurur:
"Ey Əbu Quhafənin oğlu! Məgər Allahın Kitabında yazılıbdırmı ki, sənə öz atandan irs qalsın, mən isə atamdan irs aparmayam?! Qəribə bir şey deyirsən! Qəsdən Allahın Kitabını boşlayıb, ona arxa çevirdinizmi?! Təsəvvür etdiniz ki, mən atamın qoyub getdiyi mal-dövlətdən irs aparmıram və mənimlə atam arasında bağlılıq yoxdur Allah bu barədə sizin üçün xüsusi bir ayə nazil etmiş və o ayədə atamı irs qanunundan çıxarmışdırmı? Yoxsa deyirsiniz ki, iki din ardıcılları bir-birindən irs aparmırlar?! Mən və atam bir dində deyilikmi?! Yoxsa siz Quranın ümum və xüsusunu atamdan və əmioğlumdan yaxşı bilirsiniz?! Bu cilovlanmış və yəhərlənmiş miniyi götür ki, bunlar qiyamət günü səninlə üzbəüz olacaq. Əlbəttə, Allah ən yaxşı qazi, Məhəmməd (s) ən yaxşı rəhbərdir. Qiyamət mənim və sənin üçün ən yaxşı vədəgahdır. Qiyamət günü batilə uyanlar ziyankar olacaqlar!"
Qeyd etdiyimiz hədisin doğru və qəti olmasına ehtimal vermək–bu odlu xütbənin mövcudluğu ilə–düzgün bir işdirmi?! Bu necə qanundur ki, sırf şəkildə Peyğəmbər (s)-in əziz qızı ilə və onun əmioğlusuna aiddir və onların özləri bundan xəbərsizdir, hədisin aid olmadığı başqa bir şəxs isə ondan agahdır! Bu mövzunun axırında bəzi mətləbləri qeyd edirik:
a) Peyğəmbər (s)-in qızının dövrün xəlifəsi ilə olan münaqişəsi dörd şey barəsində idi:
1) Peyğəmbəri-Əkrəm (s)-in mirası.
2) Fədək (Peyğəmbər (s) sağlığında onu qızına bağışlamışdı və ona ərəbcə "nihlə" deyilir).
3) Zəvil-qürba payı. ("Ənfal" surəsinin 41-ci ayəsində gəlmişdir).
4) Hökumət və vilayət (rəhbərlik).
Həzrət Zəhra (ə)-ın xitabəsində bu dörd şeyə işarə olunmuşdu. Buna görə də bəzi vaxtlar "irs", bəzi vaxtlar isə "nihlə" sözünü işlətmişdi. Ibni Əbil-Hədid bu mövzu barəsində geniş şəkildə bəhs etmişdir. ("Nəhcül-bəlağə"nin şərhi, 16-cı cild, səh. 230)
b) Bəzi şiə alimləri (məsələn, Seyyid Mürtəza) "la nuvərrisu ma tərəkna sədəqəh" hədisini elə təfsir etmişlər ki, Peyğəmbər (s)-in qızının irs aparması ilə heç bir ziddiyyəti yoxdur. Onlar deyirlər ki, "nuvərrisu" ərəb ədəbiyyatı baxımından məlum feldir, "ma" movsulun məfuludur. "Sədəqə" sözü isə ya "hal", ya da ki "təmyiz" olduğuna görə mənsubdur. Bu halda hədisin mənası belə olacaq: "Sədəqə olaraq qoyduğumuz şeyi irs qoymuruq." Söz yoxdur ki, Peyğəmbər (s)-in sağlığında sədəqə kimi olan şey irs yetişəsi deyildi. Bu mətləb isə "Peyğəmbər (s) heç vaxt özündən bir şey irs qoymur" sözündən tamamilə fərqlənir. Amma bu təfsirdə bir irad vardır. Çünki bu mətləb təkcə Peyğəmbər (s)-ə məxsus deyil, belə ki, hər bir müsəlman şəxs də öz sağlığında bir şeyi sədəqə versə, yaxud vəqf etsə, o irs deyildir və heç vaxt övladına çatmaz.
v) Fatimə (ə)-ın sözlərinin məcmusu–istər o həzrətin xitabəsində, istərsə də xəlifə ilə mübahisəsində göstərir ki, o, mövcud vəziyyətdən çox narahat və öz müxaliflərinə qarşı qəzəbli idi, həyatda olduğu müddətdə onlardan razı olmamışdı.
Kitabın adı: Vilayət günəşi (birinci cild)
Müəllif: Ayətullah Cəfər Sübhani
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |