"Ali-İmran” surəsi (13-14)
13. قَدْ كَانَ لَكُمْ آيَةٌ فِي فِئَتَيْنِ الْتَقَتَا فِئَةٌ تُقَاتِلُ فِي سَبِيلِ اللّهِ وَأُخْرَى كَافِرَةٌ يَرَوْنَهُم مِّثْلَيْهِمْ رَأْيَ الْعَيْنِ وَاللّهُ يُؤَيِّدُ بِنَصْرِهِ مَن يَشَاء إِنَّ فِي ذَلِكَ لَعِبْرَةً لَّأُوْلِي الأَبْصَارِ
"(Bədr döyüşündə) iki dəstənin üzbəüz durmasında sizin üçün nişanə var idi. Bir dəstə Allah yolunda savaşırdı, digər kafir dəstə (şeytan və nəfs istəkləri yolunda). Kafirlər müsəlmanları ikiqat artıq görürdülər. (Bu, onları qorxudurdu). Allah istədiyini Öz yardımı ilə möhkəmləndirər. Həqiqətən, bu işdə bəsirət əhli üçün öyüd və ibrət var.”
Ayə müsəlmanların və kafirlərin qarşılaşdığı Bədr döyüşü haqqındadır. Bu döyüşdə müsəlman dəstəsi üç yüz on üç nəfərdən ibarət idi. Onların yetmiş yeddisi mühacir (Mədinəyə hicrət edən), iki yüz otuz altısı isə ənsar (mədinəli müsəlman) idi. Mühacirlərin bayraqdarı Həzrət Əli (ə), ənsarın bayraqdarı isə Səd ibn Übadə idi. Müsəlmanların yetmiş dəvəsi, iki atı, altı zirehi və səkkiz qılıncı vardı. Amma düşmən qoşunu mindən yuxarı döyüşçü və yüz atlıdan təşkil olunmuşdu. Müsəlmanlar bu döyüşdə iyirmi iki şəhid verməklə (on dörd mühacir, səkkiz ənsar) kafirlərdən yetmişini öldürüb, yetmişini əsir götürərək qalib gəldilər.
Bədr döyüşü əvvəlcədən planlaşdırılmamışdı. Məkkə mühacirlərinin qəsb olunmuş malı əvəzində kafirlərin malının müsadirəsi cəhdi hərbi qarşıdurma ilə nəticələnmişdi(ərəbcə)
Sual: Ayədə oxuyuruq ki, kafirlər müsəlmanları iki qat artıq görürdülər. Halbuki "Ənfal” surəsinin 44-cü ayəsində buyurulur ki, müsəlmanlar kafirlərə az göründülər. Bu, ziddiyyət deyilmi?
Cavab: Bəli, döyüşün başlanğıcında müsəlmanlar kafirlərə az göründü və onlar Məkkə kafirlərindən kömək istəmədən hücuma keçdilər. Döyüş başlandıqdan sonra isə müsəlmanlar onlara çox görünməyə başladı. Beləcə, kafirlər uğursuzluğa düçar oldular. Müsəlmanların əvvəlcə az, sonra çox görünməsi tam məntiqidir.(Təfsire-Safi”. )
1. Döyüşdə məqsəd Allah və Allahın dini olmalıdır.
2. Müsəlman mücahidlərin bir məqsədi var. (Düşmən döyüşçülərinin isə məqsədləri fərqlidir.)
3. Əgər Allah istəsə, qavrayışlar dəyişər və göz, qarşısındakını ikiqat görər.
4. Qeybi yardımlardan biri düşmən qəlbində qorxu yaradılmasıdır.
5. Bədr döyüşündən məlum oldu ki, Allahın iradəsi daim insanların iradəsinə qalibdir. Yalnız döyüş təchizatı, maddi imkanlar qələbəyə səbəb ola bilməz.
6. Allah istədiyi kəsə yardım göstərsə də, bu yardımın şərti xalqın Allah dininin qələbəsi yolunda ayağa qalxmasıdır.
7. Tarixin bəyanında məqsəd öyüd-nəsihət götürülməsidir.
8. Hadisələr hamı üçün ibrət olsa da, yalnız bəsirət sahibləri buna müvəffəq olur.
9. Bədr döyüşündən ibrət götürməyənlər bəsirət sahibi deyil.
14. زُيِّنَ لِلنَّاسِ حُبُّ الشَّهَوَاتِ مِنَ النِّسَاء وَالْبَنِينَ وَالْقَنَاطِيرِ الْمُقَنطَرَةِ مِنَ الذَّهَبِ وَالْفِضَّةِ وَالْخَيْلِ الْمُسَوَّمَةِ وَالأَنْعَامِ وَالْحَرْثِ ذَلِكَ مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا وَاللّهُ عِندَهُ حُسْنُ الْمَآبِ
"Qadınlara, oğlan övladlara, qızıl və gümüşdən, yaxşı atlardan, dördayaqlılardan və əkin sahələrindən olan çoxlu var-dövlətə eşq və bağlılıq xalqın gözündə cilvələnmiş nəfs istəklərindəndir. (Halbuki) bunlar dünya həyatının ötəri bəhrəsidir. Yaxşı sonuc yalnız Allahın yanındadır.”
"Qənatir” sözü "qintar” sözünün cəm forması olub çoxlu mal mənasını bildirir. Həmin sözün ardınca gələn "müqəntərə” sözü daha artıq təkid üçündür. Necə ki, "alaf və uluf” minlərcə min deməkdir.
"Xəyl” həm at, həm də süvariyə işarədir. Gözəl biçimə malik olan, yaxşı təlim görmüş, xüsusi üstünlüklərə malik atlara "xəylil-musəvvəmə” deyilir.
İnsana dünyanı gözəl göstərən bəzən onun şəxsi xəyalı, bəzən şeytan təlqinləri, bəzən isə ətrafdakıların təsiri olur.(bax: "Kəhf”, 104; "Fatir”, 8; "Ənam”, 43; "Ğafir”, 37. )
Ayədə sadalanmış dünya cilvələri həmin dövrə aiddir. Hər bir dövrün özünə aid görüntüləri ola bilər. "Qızıl və gümüş” sərvət toplamağa, "at” isə nəqliyyat vasitəsinə işarədir.
Sual: Allah mal və övladın zinət olduğunu qəbul etdiyi halda ("Kəhf”, 46), nə üçün ayədə bu şeylər tənqid olunur?
Cavab: Bir şeyin zinət olması ayrı məsələdir, insanın ona qul olması isə ayrı bir məsələ. Ayədə var-dövlətə, övladlara ifrat bağlılıq tənqid olunur.
"Bənin” sözü qızlara da şamil edilə bilər. Necə ki, "abirin” sözü yoldan ötən qadınlara da aid ola bilər.
İmam Sadiq (ə) "Hubbuş-şəhəvati minən-nisa” cümləsi ilə bağlı buyurmuşdur: «İnsanlar dünya və axirətdə ən çox qadınlardan ləzzət alırlar... Behişt əhli də yemək-içməkdən daha çox izdivaca meyillidir.»("Kafi”, c.5, s. 321. ) Bu rəvayət qadının ləzzət baxımından daha üstün rola malik olduğunu göstərir.
1. Maddiyyata təbii meyl bütün insanlarda mövcuddur. Təhlükəli olan isə dünyanın zinətlərinə, görüntülərinə aldanıb, nəfsi özbaşına buraxmaqdır.
2. Dünya gözəllikləri böyük şəxsiyyətlər üçün deyil, adi insanlar üçündür. (Tarixin böyük qadın şəxsiyyətlərindən olan Asya (Fironun arvadı) saray və qızıl-gümüşü dəyərsiz sayırdı.)
3. Ailə-övlada ifrat bağlılıq insanın dünyaya vurğunluğunun ən böyük səbəbidir.
4. Unutmayaq ki, dünyanın zinətləri və gözəllikləri axirətdən xəbərsizliyin müqəddiməsidir.
5. Pis aqibətə düçar olmağın amillərindən biri dünyaya vurğunluqdur. Çünki yaxşı sonuc yalnız Allahın yanındadır.
6. Tərbiyə üsullarından biri maddiyyatın kiçik, mənəviyyatın əzəmətli göstərilməsidir.
7. Təhlükəli meyllərə ən yaxşı nəzarət yolu onların Allahın əbədi lütfü ilə müqayisə olunmasıdır.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti