“Bəqərə” surəsi (270-271)
270. وَمَا أَنفَقْتُم مِّن نَّفَقَةٍ أَوْ نَذَرْتُم مِّن نَّذْرٍ فَإِنَّ اللّهَ يَعْلَمُهُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنصَارٍ
"İnfaq etdiyiniz hər bir malı və ya nəzir etdiyiniz hər bir şeyi Allah hökmən bilir. Zalımlar üçün heç bir yardımçı yoxdur.”
1. Bir halda ki, Allah bizim infaqımızdan xəbərdardır, onda ən yaxşı mallarımızı ən uca məqsədlər yolunda xərcləyək.
2. İnfaq varlılara və çox mala aid deyil. Az malı da infaq etmək olar. Bəzən saralmış bir yarpaq neçə-neçə qarışqa üçün su üstündə gəmi olur.
3. İnfaq, əl tutma, nəzir üçün ən üstün təşviq Allahın xəbərdar olduğuna inanmaqdır.
4. Təşviq və xəbərdarlıq hər ikisi inkişaf amilidir.
5. Nəzirə vəfa etmək vacib, onun tərki isə zülmdür.
6. Özünə zülm etməyin tövbə yolu və kəffarəsi var. İnfaqı tərk etmək səbəbindən məhrumlara edilən zülmdə isə kimsəyə yardımçı yoxdur.
7. Xəsis adamlar şəfaətə çatmaz. (Bax: "Nisa”, 31. )
8. Əgər xəsisliyin səbəbi mal və xalq olarsa, bilin ki, Allahın qəzəbi gəldikdə nə malın, nə də xalqın faydası olmur.
9. Cərimə günaha uyğun olmalıdır. Dünyada infaqla kimsəyə əl tutmayana axirətdə kimsə əl tutası deyil.
271. إِن تُبْدُواْ الصَّدَقَاتِ فَنِعِمَّا هِيَ وَإِن تُخْفُوهَا وَتُؤْتُوهَا الْفُقَرَاء فَهُوَ خَيْرٌ لُّكُمْ وَيُكَفِّرُ عَنكُم مِّن سَيِّئَاتِكُمْ وَاللّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ
"Əgər sədəqəni aşkar versəniz, bu yaxşı işdir. Amma əgər onu məxfi şəkildə ehtiyaclılara çatdırsanız, bu sizin üçün daha yaxşıdır və günahlarınızın bir hissəsi bağışlanar. Allah etdiyiniz işlərdən agahdır.”
İmam Baqir (ə) bu ayə ilə bağlı buyurmuşdur: "Vacib zəkatı aşkar, amma müstəhəb zəkatı isə məxfi şəkildə verin.”(Əllamə Təbatəbainin əxlaq ustadı Ayətullah Mirzə Əli Ağa Qazi ilə bağlı bir əhvalat nəql olunur. Nəcəfdə onun bir tərəvəz satandan təravətini itirmiş göyərti aldığını görüb soruşurlar ki, nə üçün belə şeylər alır? O belə cavab verir: "Bu dükançı fəqir bir şəxsdir. Ona kömək etmək istəyirəm. Amma istəmirəm ki, abrını itirsin və kimdənsə nəsə almağa vərdiş etsin... )Vacib zəkatın aşkar verilməsi səbəbi onun ümumi vəzifə olması və riyadan uzaqlığı ola bilər. Ayə maddi yardımlar haqqında olsa da, İslam terminologiyasında bütün xeyir işlərə "sədəqə” deyilmişdir. Müsəlmanların yolu üstündən daşı götürmək də sədəqədir. Bu səbəbdən də məhrumlara elm, hörmət və vasitəçilik yolu ilə göstərilən yardımlar da sədəqə adlandırılmışdır.
1. Aşkar edilən infaq başqalarını bu işə həvəsləndirir, xəsisliklə bağlı böhtanları aradan qaldırır, bir növ infaqı əməli şəkildə təbliğ edir.
2. Fəqirə yardım göstərmək üçün onun müsəlman olması şərt deyil.
3. Sədəqə və zəkata xeyli pul xərclənsə də, ayədə fəqirlərin adının çəkilməsi onların bu işdə öndə gəlməsi nişanəsidir.
4. Fəqirlər sizin sorağınıza yox, siz fəqirlərin sorağına getməlisiniz.
5. Gizli edilən infaq riya və özünü göstərmədən uzaqdır, ixlasa daha yaxındır. Gizli infaq onu alanın abrını qoruyur.
6. İnsanda faydalanma və xeyirxahlıq meyli var. Əməldə isə bəzən şər ardınca gedilməsi ilə rastlaşırıq. Ona görə də ilahi peyğəmbərlər xeyirin nümunələrini bəşəriyyətə açıqlamışlar.
7. Fəqirlərə yardım kiçik günahların bir hissəsinin bağışlanması səbəbidir. ”Səyyiat” sözü kəbirə günahlar müqabilində işlədilmişdir və kiçik günahları bildirir.("Təfsiri-Məraği”. )
8. Mühüm olan Allahın elmidir. Xalqın məlumat və biliyi mühüm deyil.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti