“Bəqərə” surəsi (268-269)
268. الشَّيْطَانُ يَعِدُكُمُ الْفَقْرَ وَيَأْمُرُكُم بِالْفَحْشَاء وَاللّهُ يَعِدُكُم مَّغْفِرَةً مِّنْهُ وَفَضْلاً وَاللّهُ وَاسِعٌ عَلِيمٌ
"Şeytan (infaq zamanı) sizi fəqirlik və yoxsulluqla qorxudaraq çirkin işlərə çağırır. Allah isə Öz tərəfindən sizə bağışlanma və rifah vədi verir. Allah vüsətbəxş və biləndir.”
İnfaq zamanı şeytan insanın sorağına gəlir və təlqin edir ki, bu gün infaq etsən, sabah özün fəqir olacaqsan. İnsana təlqin olunur ki, bu gün infaq etməyib toplasın, qocalıq və xəstəlik zamanı özünə xərcləsin - bütün bunlar şeytani təlqinlər və vədlərdir.
Qiyamət günü ilahi mərhəmətə olan ehtiyacımız bu mərhəmətə dünyadakı ehtiyacımızdan qat-qat artıqdır. Nəbadə dünya həyatındakı rifah fikri ilə Allahın mərhəmətini əldən verək. Çünki:
Əvvəla, insan qocalıb ehtiyaclı olmaya da bilər, amma qiyamətdəki ehtiyac qətidir.
İkincisi, bu gün sabah üçün topladığınız mal əldən çıxa da bilər. Amma bu günkü infaq qiyamət günü üçün qorunasıdır.
Üçüncü, bu gün topladığımız maldan qocalıq vaxtı faydalanmaya da bilərik. Amma bu günkü infaqdan qiyamət günü hökmən səmərə götürəsiyik.
Dördüncüsü, insanın topladığı maldan qocalıq zamanı istifadəsi müvəqqətidir. Amma qiyamətdə infaqdan bəhrələnmə insan üçün əbədidir.(Bax: Nisa”, 77. )
1. Şeytan insanı sevdiyi şeyləri infaq etməkdən çəkindirir.
2. Sizin xəsisliyiniz fəqirləri günaha və çirkin işlərə sövq edir.
3. İnsan Allah və ya şeytan yolunu seçməkdə azaddır.
4. İnsanı infaqdan çəkindirən və gələcəkdəki ehtiyaclarla qorxudan, eləcə də günaha həvəsləndirən ətrafdakılar şeytandırlar.
5. Fəqirlik və günah arasında əlaqə var. Bir çox günahların səbəbi fəqirlik qorxusudur.
6. İnfaq edilməməsi və ya xoşagəlməz şeylərin infaq edilməsi çirkinlik və günah nümunələrindəndir.
7. İnfaq malı artırar və günahların bağışlanmasına səbəb olar.
8. İnfaqın maneələri və şeytani düşüncələrlə mübarizə aparın. Fəqirlik qorxusu zamanı Allahın fəzl və lütfünü yada salın.
9. Sizi dar baxışlılıq, qorxu və mənfi təsirlərə məruz qoyan düşüncələr və xəyallar şeytanidir. Sizi hərəkətə gətirən, yaxşı işlərə həvəsləndirən düşüncələr isə ilahidir.
269. يُؤتِي الْحِكْمَةَ مَن يَشَاء وَمَن يُؤْتَ الْحِكْمَةَ فَقَدْ أُوتِيَ خَيْرًا كَثِيرًا وَمَا يَذَّكَّرُ إِلاَّ أُوْلُواْ الأَلْبَابِ
"(Allah hikmət və bəsirəti istədiyi kəsə verər. Kimə hikmət verilmişdirsə, həqiqətən, ona çoxlu xeyir verilmişdir. Düşüncə sahiblərindən savay kimsə (bu nöqtəni) dərk etməz.”
"Əlbab” sözü beyin mənasını verən "lubb” sözünün cəm formasıdır. Heç də bütün insanlar "ulul-əlbab” - düşüncə sahibi sayılmır. Yalnız ağlını işə salanlar, həqiqi səadət yolunu tapanlar düşüncə sahibi adlanır.
Hikmət dedikdə mərifət, sirlərin tanınması, həqiqətlərdən xəbərdarlıq, həqiqətə çatmaq nəzərdə tutulmuşdur. Allah bəzi insanlara onların paklığı, təqvası və təlaşına görə hikmət əta edər. Onlar bu hikmət vasitəsi ilə şeytani vəsvəsələri ilahi ilhamlardan seçər, quyunu yoldan, şüarı şüurdan fərqləndirərlər. Bu, böyük bir xeyirdir.
Rəvayətdə oxuyuruq: Hikmət mərifət və dində "təfəqqöh”, dərrakədir. Hikmət Allaha itaət, imamları tanımaq və kəbirə günahlardan çəkinməkdir.(Bax: "Muddəssir”, 48. )
1. Var-dövlət xeyir olsa da, daha böyük və çox xeyir bəsirət və fərqləndirmə gücüdür. Bu xeyirdən infaq edənlər böyük xeyirə çatar.
2. Şeytan fəqirlik, Allah isə bağışlanma və fəzl vəd edir. Amma bu iki yoldan hər birini tanımaq və seçmək üçün hikmət lazımdır.
3. Dünya bütün var-dövləti ilə cüzidir.("Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 289. ) Hikmət isə böyük xeyirdir. Əgər hikmətə və bəsirətə çatmaq üçün bütün maddi imkanlar fəda olunsa, buna dəyər.
4. Hikmət ən böyük hədiyyə və bütün xeyirlərin anasıdır. Hikmətə çatan bir çox şeylərə çatacaq.
5. Dünyapərəstlər var-dövlətə, maddi hesablara arxalanırlar. Onlar xeyir-zərəri maddi baxımdan ölçürlər. Amma aqil uzaq görənlər və düşüncəli yol tanıyanların hesabı başqa baxımdandır.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti