“Bəqərə” surəsi (251-252)
251. فَهَزَمُوهُم بِإِذْنِ اللّهِ وَقَتَلَ دَاوُدُ جَالُوتَ وَآتَاهُ اللّهُ الْمُلْكَ وَالْحِكْمَةَ وَعَلَّمَهُ مِمَّا يَشَاء وَلَوْلاَ دَفْعُ اللّهِ النَّاسَ بَعْضَهُمْ بِبَعْضٍ لَّفَسَدَتِ الأَرْضُ وَلَـكِنَّ اللّهَ ذُو فَضْلٍ عَلَى الْعَالَمِينَ
"Sonra onlar (Talut və köməkçiləri) Allahın izni ilə düşmən qoşununu məğlub etdilər. (Talutun köməkçilərindən olan şücaətli, mömin gənc) Davud Calutu öldürdü. Allah ona hökumət və hikmət əta etdi, istədiyindən ona öyrətdi. Əgər Allah xalqın bir hissəsini başqaları ilə dəf etməsə, hökmən yer üzünü fəsad bürüyər. Amma Allahın aləmlərə lütf və ehsanı var.”
Rəvayətlərə görə Davud həmin bu döyüşdəki şücaətinə görə peyğəmbərlik məqamına çatdı. Onun övladı Süleyman da ilahi peyğəmbərlərdən oldu.
Rəvayətdə oxuyuruq ki, həzrət Peyğəmbər (s) buyurdu: "Allah bir saleh müsəlmana görə onun yüz min qonşusunun üzərindən bəlanı uzaqlaşdırar.” Sonra həzrət həmin ayəni oxumuşdur(Bax: "Nisa”, 41. )
Ötən ayələrdən məlum olur ki, bir neçə şey qələbə amilidir: güclü və layiqli rəhbər, mömin ardıcıllar, təvəkkül, səbir və ardıcıllıq, ilahi məqsəd.
1. Səy və cihad sizdən olsa da, düşmənin məğlubiyyəti Allahın əlindədir.
2. Mücahidlərin xalisanə duaları qəbul olur.
3. Parlaq istedad, ləyaqət, fədakarlıq və müsbət keçmiş olmasa, kimsə Allahın xüsusi lütfünə çatmaz.
4. Cəbhə və cihadda qılıncın ağzı düşmən komandanlığına doğru olsun.
5. Döyüşdə mərdanəlik göstərənlərin adını yaşadın.
6. Düşmən rəhbərin məhvi onun qoşununun məhvinə bərabərdir.
7. Təcavüzkar və zalımın qarşısında müqavimət göstərilməsə, fəsad yer üzünü bürüyəcək.
8. Fəsad əhli ilə müharibə zəruridir. Zərərli ünsür aradan götürülməsə, başqa ünsürlər də həmin yola sövq ediləcək.
9. İlahi iradə və fəzl təbii yollarla gerçəkləşir.
10. Təcavüzkara qarşı cihad və müdafiə hökmü ilahi fəzldir.
252. تِلْكَ آيَاتُ اللّهِ نَتْلُوهَا عَلَيْكَ بِالْحَقِّ وَإِنَّكَ لَمِنَ الْمُرْسَلِينَ
"Haqq olaraq sənə oxuduqlarımız ilahi ayələrdir. Doğurdan da, sən (İlahi tərəfindən) göndərilmişlərdənsən.”
Bu ayə ilə Quranın ikinci cüzü başa çatır. Sonda buyurulur ki, ötən ayələrdə xatırlanan hadisələr ibrət üçündür.
Minlərlə insanın bir anda ölümü və peyğəmbərin duası ilə onların yenidən dirilməsi, ad-sansız, amma ləyaqətli və bilikli gənc çobana rəhbərlik məqamının əta olunması, azsaylı dəstənin çoxsaylı düşmən dəstəsinə qalib gəlməsi, bir gəncin şücaəti və ona peyğəmbərlik məqamının verilməsi və bütün başqa nöqtələr ilahi ayələrin cilvəsi, İslam peyğəmbərinin (s) buyuruqlarının və risalətinin haqq olması nişanəsidir.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti