“Bəqərə” surəsi (223-224)
223. نِسَآؤُكُمْ حَرْثٌ لَّكُمْ فَأْتُواْ حَرْثَكُمْ أَنَّى شِئْتُمْ وَقَدِّمُواْ لأَنفُسِكُمْ وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّكُم مُّلاَقُوهُ وَبَشِّرِ الْمُؤْمِنِينَ
"Qadınlar sizin əkin yerlərinizdir. İstədiyiniz vaxt, istədiyiniz yerdə öz əkin yerinizə gəlin. Özünüz üçün (yaxşı əməllər) nəzərdə tutun. Allahdan çəkinin və bilin ki, Onunla görüşəcəksiniz. Möminlərə müjdə ver.”
Bu ayədə qadınlar əkinəcəyə bənzədilmişlər. Doğurdan da bu bağça doqquz ay müddətində bəşəriyyətə övlad çiçəyini təqdim edir. Bəşəriyyətin əkin sahəsi olmadan yaşaya bilmədiyi kimi, qadın olmadan da bəşər nəsli davam edə bilməz.
Qadın kam almaq vasitəsi deyil. O, bəşər nəslinin davam rəmzidir. Demək, qadınla yaxınlıqda pak bir nəsil intizarında olmaq lazımdır; insan bütün məqamlarda müqəddəs hədəflərə malik olmalıdır. "İttəqqullah” cümləsi xəbərdarlıq edir ki, icazə verilməmiş yollarla cinsi ehtirası söndürmək olmaz. Bu yolu seçənlər qiyamət günü üzüqara olar. Saleh əməl və qiyamət günü xeyir mücəssəməsi olan övladlar və nəsil yetişdirin.
1. Münasib həyat yoldaşı münasib əkinəcək kimidir. Yaxşı məhsul götürmək üçün münasib toxuma ehtiyac var.
2. İstər toxum, istərsə də torpaq təvəllüddə mühüm rola malikdir. Gələcək nəslin necəliyində və davamında qadın və kişinin rolu var.
3. Qısa müddətli qadağaların ardınca, uzun müddətli bəhrələnmə dövrü gəlir.
4. Yaxınlıq üçün kişi qadına yaxınlaşmalıdır.
5. Meyllərdə ilahi yön olmalıdır. Əgər yaxınlıq zamanı pak övlad və qiyamət ehtiyatı nəzərdə tutularsa, bu yaxınlıq da ilahi rəngdə olar.
"Səhihe-Buxari”də deyilir: İlahi övliyalar yaxınlıq zamanı mücahid övlad qəsdində olurlar.
6. Əgər pak nəsil yetirsəniz, özünüz ondan bəhrələnəcəksiniz.
7. Qadın əşya deyil. O, azadlığın bünövrəsini qoyan, tarixə sərmayə yatıran, axirət hədiyyələrini gətirəndir.
8. Doğub-törəmə izdivacın əsas məqsədlərindəndir.
9. Yaxınlıq zamanı təqvanı gözləyin.
10. Nəfs istəkləri təqva vasitəsi ilə nəzərə alınmalıdır.
11. Təqvaya çatmaq üçün ən yaxşı vasitə axirətə imandır.
224. وَلاَ تَجْعَلُواْ اللّهَ عُرْضَةً لِّأَيْمَانِكُمْ أَن تَبَرُّواْ وَتَتَّقُواْ وَتُصْلِحُواْ بَيْنَ النَّاسِ وَاللّهُ سَمِيعٌ عَلِيمٌ
"Yaxşılıq etmək, çəkinmək, xalq arasındakı islahla bağlı andlarınızda Allahı tutacaq qərar verməyin. Həqiqətən, Allah eşidən və biləndir.”
Çoxsaylı təfsirlərdə, o cümlədən "Məcməül-bəyan”, "Ruhul-bəyan” kimi kitablarda bu ayənin nazil olma şəni haqqında deyilir ki, həzrət Peyğəmbərin yaxınlarından olan Abdullah ibn Rəvahənin kürəkəni və qızı arasında ixtilaf düşərkən Abdullah onların işinə qarışmamaq barədə and içdi. Ayə nazil oldu və bu sayaq andlar qadağan edildi.
"Əymən” and mənası bildirən "yəmin” sözünün cəm formasıdır. "Urzət” sözü isə təhlükə astanasında olmaq mənasını verir.
Əməlinizə don geyindirmək və məsuliyyətdən qaçmaq məqsədi ilə andı vasitə seçməyin. Harada gəldi, Allahın müqəddəs adına əl atmayın. Bu iş özü də bir növ ədəbsizlikdir. İmam Sadiq (ə) buyurmuşdur: "Nə doğrudan, nə də yalandan Allaha and içməyin.”("Təfsiri-Məcməul-bəyan”. )
1. Allahın adı və müqəddəsliklərin hörməti saxlanılmalıdır.
2. Yaxşı işlərin, xalqın islahının qarşısını andla almaq olmaz.
3. Üstün dəyərlər və xeyir işlər yersiz bəhanələrlə tərk olunmamalıdır.
4. Unutmayın ki, Allah danışıqlarınızı eşidir və danışmadıqlarınızı da bilir. Hər bir söz və düşüncənin hesabını aparın.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti