“Bəqərə” surəsi (185-186)
185. شَهْرُ رَمَضَانَ الَّذِيَ أُنزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِّلنَّاسِ وَبَيِّنَاتٍ مِّنَ الْهُدَى وَالْفُرْقَانِ فَمَن شَهِدَ مِنكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ وَمَن كَانَ مَرِيضًا أَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِّنْ أَيَّامٍ أُخَرَ يُرِيدُ اللّهُ بِكُمُ الْيُسْرَ وَلاَ يُرِيدُ بِكُمُ الْعُسْرَ وَلِتُكْمِلُواْ الْعِدَّةَ وَلِتُكَبِّرُواْ اللّهَ عَلَى مَا هَدَاكُمْ وَلَعَلَّكُمْ تَشْكُرُونَ
"Ramazan ayı bir aydır ki, Quran onda nazil olmuşdur. (Quran) aşkar dəlillərlə xalqı hidayət edən və haqqı batildən ayıran vasitədir. Sizlərdən hər kəs bu aya yetişsə oruc tutmalıdır. Xəstə və ya səfərdə olan şəxs başqa günləri həmin sayda oruc tutsun. Allah sizin üçün çətinlik yox, asanlıq istəyir. (Orucun qəzası) onun üçündür ki, müəyyən olmuş günlərin sayını tamlaşdırasınız və sizi hidayət etdiyi üçün Allahı yada salasınız. Bəlkə şükür edən olasınız.”
"Ramazan” sözü yandırmaq mənasını verən "rəmz” kökündəndir. Bu elə bir yanmadır ki, tüstüsü və külü olmur. Uyğun sözün bu ay haqqında işlədilməsinin səbəbi həmin ayda insanın günahlarının yanmasıdır.
Ramazan ayı Quranın nazil olduğu aydır. Bu ay Quranda adı çəkilən yeganə aydır. Qədr gecəsi də bu aydadır. "Təfsiri-Bürhanda” həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: Bütün səmavi kitablar ramazan ayında nazil olmuşdur. Ramazan ayı Allahın ən üstün ayıdır.” Həzrət Peyğəmbər (s) şəban ayının axırıncı cümə günü Ramazan ayının əzəməti haqqında müfəssəl bir xütbə oxumuşdur. Bu xütbə bəzi təfsir və rəvayət kitablarında nəql edilmişdir.(Bax: "Bəqərə”, 116.) "Səhifeye-Səccadiyyədə” də imam Səccadın (ə) Ramazan ayının sona yetməsi ilə bağlı qəlb alovlandıran bir münacatı vardır.
İslam asan bir dindir və onun bünövrəsi çətinliklər üzərində qurulmamışdır. Kim xəstə və ya müsafirdirsə, oruc tutmamalıdır. Belələri buraxdıqları günlərin sayı qədər növbəti günlərdə qəza orucunu yerinə yetirməlidirlər. Əgər dəstəmaz almaq çətindirsə, təyəmmüm etmək olar. Əgər namazda ayaq üstə durmaq çətinlik yaradırsa, oturaq halda namaz qılmağa icazə var. Bu qanun fiqhdə "qaideyi-la hərəc” adı ilə məşhurdur.
Ramazan ilahi qonaqlıq ayıdır.
Ramazanda möminlər "ya əyyuhəlləzinə amənu kutibə ələykumus-siyam” dəvətnaməsi ilə ilahi qonaqlığa çağırılmışlar. Bu qonaqlığın xüsusiyyətləri vardır:
1. Süfrə sahibi Allahdır. O, qonaqları Özü şəxsən dəvət etmişdir.
2. Qəbul vasitəsi Qədr gecəsi Quranın nazil olması, mələklərin enməsi, duaların qəbulu, ruhların lətafəti və cəhənnəmdən uzaqlıqdır.
3. Qəbul zamanı Ramazan ayıdır. Rəvayətlərin bildirdiyinə görə, onun əvvəli rəhmət, ortası bağışlanma, sonu isə mükafatdır.
4. Qədr gecəsi qəbul belədir ki, həmin gecə qonaqların bir illik ehtiyacı təmin olunur. Mələklərin nazil olması ilə Qədr gecəsində yer üzü zinətlənir.
5. Bu ayın qidası ruhi qidadır və mənəvi təkamül üçün bu qida zəruridir. Bu qonaqlığın qida lütfü Quran ayələridir. Ramazan ayında tilavət olmuş bir ayə digər aylarda bütün Quranı oxumağa bərabərdir.
Bu qonaqlığın dünyəvi qonaqlıqlara heç bir oxşarı yoxdur. Bu qonaqlıqda alim, qəni, xaliq, əbədi, əziz, cəlil Allah cahil, fəqir, fani, yaranmış və zəlil insanları süfrə ətrafına toplayır. O buyurur: "Mən sizin dualarınızı qəbul edər və Ramazan ayında çəkdiyiniz hər nəfəs üçün bir təsbih mükafat əta edərəm.” (Peyğəmbərin Şəban xütbəsindəki axırıncı cümləsindən.)
Qonaqlığın ədəbləri:
"Vəsailuş-şiədə” oruc tutan şəxsin əxlaqı haqqında geniş bir rəvayətdə oxuyuruq: "Oruc şəxs yalandan, günahdan, yersiz mübahisədən, həsəddən, qeybətdən, haqqa qarşı çıxmaqdan, söyüşdən, danlaqdan, qəzəbdən, tənədən, zülm və xalqa əziyyətdən, qəflətdən, günahkarlarla ünsiyyətdən, söz gəzdirməkdən, haram yeməkdən uzaq olsun. Namaz, səbir və sədaqətə, qiyamətin xatırlanmasına xüsusi diqqət yetirsin.”(Bax: "Ər-rəhman”, 29. )
Bu qonaqlıqda iştirakın şərti təkcə aclığa dözüm deyil. Hədisdə nəql olunmuşdur: Səmavi rəhbərlərin itaətindən çıxan, ailə və şəxsi məsələlərdə zövcəsi ilə pis rəftar edən, onun şəri istəklərini yerinə yetirməyən, valideynini narazı salan kəsin orucu qəbul deyil. Belə şəxs ilahi ziyafətin şərtlərini yerinə yetirməmişdir.
Oruc bədəndən çöküntü maddələri çıxarmaq kimi tibbi faydaya malik olsa da, səhər oyanmaq, ruhun lətafəti, bu ayda duaların qəbulu başqa bir aləmdir. Əsil məhrum o şəxsdir ki, bütün bu xeyir və bərəkətlərdən məhrum qalsın.
1. Ramazanı dəyərli edən həmin ayda Quranın nazil olmasıdır. İnsan da elə dəyərli ola bilər ki, Quran onlara nüfuz etmiş olsun.
2. Hidayətin mərhələləri vardır: biri ümumi mərhələ, digəri xüsusi mərhələ.
3. Ramazan ayının çatmasına əminlik yarandıqda oruc vacib olur.
4. Xəstə və müsafir üçün orucun qəzasını tutmaq vacibdir.
5. Qəza orucu üçün xüsusi bir vaxt təyin olunmayıb.
6. İlahi hökmlərdə onların yüngüllüyü və insanın taqəti nəzərə alınıb.
7. Çətinlik və sıxıntı vacib vəzifələri insanın çiynindən götürür.
8. Qəza orucu üzürlü günlərin sayı qədər olmalıdır.
9. İbadətin yerinə yetirilməsində hidayət və tovfiq Allah tərəfindəndir. Təkbir Allahın uca tutulmasını və Ondan qeyrilərinə diqqətsizliyin göstəricisidir.
10. Oruc, insanın hidayəti və şükür etməsi üçün zəmin yaradır.
186. وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ فَلْيَسْتَجِيبُواْ لِي وَلْيُؤْمِنُواْ بِي لَعَلَّهُمْ يَرْشُدُونَ
"Əgər bəndələrim səndən Mənim haqqımda soruşsalar, (de ki,) həqiqətən, Mən yaxınam. Mənə üz tutanın duasını Məni çağırdığı vaxt cavablandırıram. Belə isi, Mənim dəvətimi qəbul etməli və Mənə iman gətirməlidirlər. Bəlkə yetkinləşələr.”
Bəziləri Allahın rəsulundan soruşurdular: "Allahı necə çağıraq? Allah bizə yaxındır, yoxsa uzaq? Onu yavaş çağıraq, yoxsa ucadan?" Onların cavabında bu ayə nazil oldu.
Dua edən kəs Allahın məhəbbətini elə cəlb edir ki, bu ayədə Allah Öz lütfünün izharı üçün altı dəfə "Özüm” təbirini işlədir: Əgər bəndələrim Özüm haqqımda söruşsalar, onlara de ki, Mən Özüm onlara yaxınam. Əgər Məni çağırsalar, Özüm onların duasını qəbul edərəm. Belə ki, Özümə iman gətirsinlər və Öz dəvətimi qəbul etsinlər...
Bu məhəbbətli əlaqə o zaman yaranır ki, insan Allahla münacat etmək istəsin.
Dua etmək külli varlıqla yoldaş və həmrəngdir. Quran ayələrinə əsasən, bütün varlıq aləmi təsbih və qünutdadır.(Bax: "Ğafir”, 14. ) bütün mövcudlar öz ehtiyacını Onun dərgahına izhar edir.(Bax: "Əraf”, 56. ) Biz də Ondan istəyək ki, varlıq aləmində ixtilaf vasitəsi olmayaq.
Quranda dua haqqında sifarişlər vardır. O cümlədən:
1. Dua və istək xalisanə olmalıdır.(Bax: "Ənbiya”, 90. )
2. Dua qorxu və ümidlə müşayiət olunmalıdır.(Bax: "Əraf”, 55.)
3. Dua eşq, rəğbət və qorxu ilə yanaşı gerçəkləşməlidir.(Bax: "Məryəm”, 3. )
4. İnsan zəlilliklə və gizli şəkildə dua etməlidir.(Kafi”, c. 2, "Kitabud-dua”. )
5. Dua gizlincə oxunmalıdır.("Bihar”, c. 77, s. 54. )
"Üsuli-Kafi”də duanın əhəmiyyəti, rolu, qaydaları barədə, dua zamanı diqqət, israr və istəklərin zikri haqqında, cəm halda dua və duanın qəbul olmasına iman barədə yüzlərlə hədis nəql olunmuşdur.("Bihar”, c. 104, s. 273. )
Sual: Nə üçün bəzən dualarımız qəbul olmur?
Cavab: Dualarımızın qəbul olmamasının səbəbi ya şirk, ya da cəhalətimizdir. "Təfsiri-Əl-Mizanda” oxuyuruq ki, Allah bu ayədə buyurmuşdur: "Özüm qəbul edərəm o dua edənin duasını ki, yalnız Məni çağırsın və tam ixlasla Məndən istəsin.”
Demək, dua qəbul olmadısa, bunun səbəbi ya xeyirsiz şey istəməyimiz, ya xalisliklə istəməməyimizdir. Başqalarından kömək gözləməklə edilən dua da qəbul olmur. Bəzən insan öz məsləhətinə olmayan şeylər istəyir. Rəvayətlərin buyurduğuna əsasən, bu halda həmin duanın əvəzinə bəlalar bizdən uzaqlaşdırılır. Bəzən də duanın nəticəsi gələcəyimizə və ya nəslimizə saxlanılır. Bəzən də duanın əvəzi axirətdə verilir.
"Üsuli-Kafi”də oxuyuruq: Haram yeyənin, əmr be məruf və nəhy əz munkəri tərk edənin, etinasız şəkildə dua edənin duası qəbul olmaz.
Dua o demək deyil ki, iş-güc, fəaliyyət tərk olunsun, Allaha təvəkkül təlaşla yanaşı olmalıdır. Hədisdə oxuyuruq: İşsizin duası qəbul olmaz.
Dua ayəsinin oruc ayələri arasında yerləşməsinin səbəbi bu ola bilər ki, Allah ayı ilə dua arasında yaxınlıq çoxdur.
Sual: Əgər Allahın işləri qanuna, sabit amil və sünnətlərə əsaslanırsa, duanın nə faydası var?
Cavab: Müsafirin namaz və orucu vətənində olan insanın namaz və orucundan fərqləndiyi kimi, dua edənin də halı Allahdan xəbərsiz insanın halından fərqlənir. Allahın lütfü birinciyə yox, ikinciyə aiddir. Bəli, dua və Allahla söhbət insanın tutumunu artırır. Necə ki, Allah övliyalarına təvəssül və onların ziyarəti insanın şəraitini dəyişir. Uşaq atası ilə olduqda təklikdə olduğu vaxtdan daha çox məhəbbət görür. Beləcə, dua, ziyarət və təvəssül şəraiti dəyişir. Amma bu o demək deyil ki, dua Allahın qəti qanunlarını gücdən salır.
Allahın öz bəndəsi ilə yaxınlığı haqqında Feyz Kaşani deyir:
Sordum: niyə pünhan qalmış o nur üz?
Dedi: üz açıqdır, əgər baxsa göz.
Dedim: çoxmu çəkər hicran, ayrılıq?
Dedi: nə qədər ki, gözdə var sarıq.
|
1. Dua hər yerdə və hər zaman faydalıdır. Çünki Allah buyurmuşdur: "Mən yaxınam”. (Müqəddəs yerlərdə dua ilə bağlı qeydlər duanın yalnız həmin yerdə qəbul olması yox, fəziləti bəyan edir.)
2. Allah bizə yaxındır. Bəs biz necə? Əgər bəzən Allahın qəzəbinə düçar oluruqsa, bunun səbəbi günahlara görə ondan uzaq düşməyimizdir.
3. Allah duaları xüsusi vaxtlarda yox, hər zaman qəbul edir. "Ucibu” davam nişanəsidir.
4. Allah hər şeyi bilsə də, bizim vəzifəmiz dua etməkdir.
5. Dua imanla yanaşı olduqda qəbul edilir.
6. Dua inkişaf və hidayət vasitəsidir.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti