“Bəqərə” surəsi (173-174)
173. إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ الْمَيْتَةَ وَالدَّمَ وَلَحْمَ الْخِنزِيرِ وَمَا أُهِلَّ بِهِ لِغَيْرِ اللّهِ فَمَنِ اضْطُرَّ غَيْرَ بَاغٍ وَلاَ عَادٍ فَلا إِثْمَ عَلَيْهِ إِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ
"Həqiqətən, Allah (qeyri-şəri yolla) ölmüş heyvanı, qanı, donuz ətini, Allahdan qeyrisinin adı ilə kəsilənləri haram etmişdir. Amma çarəsiz qalan şəxs həddi aşmadan, ehtiyacı qədərində yesə, onun üçün günah yoxdur. Həqiqətən, Allah bağışlayan və mehribandır.”
Əvvəlki ayənin ardınca buyuruldu ki, Allahın halal buyurduqlarını özbaşına haram saymayın. Allah yalnız ölmüş hevanı, qanı, donuz ətini və - cahiliyyət dövründəki kimi - Allahdan qeyrilərinin adı ilə kəsilənləri haram etmişdir.
İmam Sadiq (ə) buyurmuşdur: "Ölmüş heyvan əti bədəni zəiflədir, nəsil artımını qət edir, qəfil ölümə səbəb olur. Qanı içmək qəlbin daşlaşması və qəsavət səbəbidir.("Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 145. )
Tibbi araşdırmalara əsasən, donuz əti iki təhlükəli parazitin törədicisidir. Bəzi ölkələrdə hətta sağlamlıq baxımından donuz əti qadağan olunmuşdur. Həzrət İsanın İncilində də günahkarlar donuza oxşadılmışdır.
Əlbəttə ki, yaşamaq üçün heç bir qida tapmayan insan çarəsiz qaldıqda haram qidalardan istifadə edə bilər. Amma bu işdə ifrata varmaq, həddi aşmaq olmaz. Yəni yalnız ölümdən yaxa qurtarmaq üçün zəruri həddə qədər istifadə etmək mümkündür. Haram qidalardan ləzzət məqsədi ilə istifadə olunması qadağandır. İstisna şəkildə verilmiş bu icazə Allahın lütf və mehribançılığına əsaslanır. İmam Sadiq (ə) buyurmuşdur: "Əgər bir insan zəruri bir vəziyyətdə bilərəkdən haram qidalardan istifadə etməyib ölsə, kafir kimi ölmüşdür.”("Nisa”, 10. )
Haram qidaların dörddən çox olduğunu nəzərə alsaq, hazırkı ayədə "innəma” kəlməsini cahiliyyət dövrünün qadağalarına aid olduğu qənaətinə gələrik.
İstisna hallara aid qaydalar təkcə qidalarla bağlı deyil. Qarşıya çıxan istənilən bir məsələdə belə yüngülləşdirmələr var. İmam Sadiqdən (ə) soruşurlar ki, əgər həkim xəstəyə istirahət və yatmaq göstərişi vermişdirsə, namaz necə olsun? İmam bu ayəni oxuyur və buyurur: "Namazı yatdığı yerdə qılsın.”("Təfsiri-Məraği”. )
İslam hökmləri məsləhətə əsaslanır. Əgər əvvəlki ayədə qidalanma paklığa əsaslanaraq mübah sayılırdısa, bu ayədə pak olmayanların haramlığı bildirilir.
İlahi qadağalar yalnız tibbi məsələlərə əsaslanmır. Məsələn, ölmüş heyvan ətinin və qanın haram buyrulmasında məqsəd bəzən etiqadi məsələlərə hörmətdir. Allahdan qeyrisinin adı ilə kəsilmiş heyvan ətinin qadağası kimi qadağalar şirki aradan qaldırmaq üçündür. Bəzən bir şəxsin süfrəsindən çəkinməyimizin səbəbi onun gigiyenik qaydalara riayət etməməsi olur. Bəzən isə bir şəxsdən uzaqlaşmaq məqsədi ilə onun süfrəsində əyləşmirik.
1. İslam qidalanma məsələlərinə kamil diqqət yetirir. Zərərli və haram qidalar haqqında təkrar-təkrar xəbərdarlıq olunur.
2. Nəyisə haram buyurmaq yalnız Allahın ixtiyarındadır.
3. Heyvanları zibh edərkən (kəsərkən) Allaha diqqət və Onun adının çəkilməsi zəruridir. Bunun səbəbi heç bir işdə tövhid xəttindən çıxmamaq və şirklə, bütpərəstliklə mübarizə aparmaqdır.
4. Yalnız insanın məcbur olduğu istisna hallarda hökm dəyişir. İnsanın özünü qəsdən belə bir vəziyyətə salması caiz deyil. "Uzturr” qeyri-məlum formada işlənmişdir.
5. İslam heç bir mərhələdə maneə ilə qarşılaşmayan ictimai bir dindir. Fövqəladə vəziyyətlərdə istənilən vəzifə dəyişə bilir.
6. Qanun tənzimləyənlər tənzimləmə zamanı xüsusi şərtləri nəzərə almalıdırlar.
7. Məcburi şəraitlərdən sui-istifadə etməyin.
174. إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنزَلَ اللّهُ مِنَ الْكِتَابِ وَيَشْتَرُونَ بِهِ ثَمَنًا قَلِيلاً أُولَـئِكَ مَا يَأْكُلُونَ فِي بُطُونِهِمْ إِلاَّ النَّارَ وَلاَ يُكَلِّمُهُمُ اللّهُ يَوْمَ الْقِيَامَةِ وَلاَ يُزَكِّيهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ
"Allahın kitabdan nazil etdiyini gizləyənlər və bunun müqabilində kiçik əvəz alanlar öz qarınlarına yalnız od tökürlər. Allah qiyamət günü onlarla danışmaz, onları təmizləməz. Onlar üçün dərdli əzab vardır.”
Nə qədər ki, İslam peyğəmbəri məbus olmamışdı, yəhudi və məsihi alimləri xalqa onun gəlişi haqqında vədlər verir, Tövrat və İncildəki nişanələri sadalayırdılar. İslam peyğəmbərinin zühurundan sonra isə onlar bu son risaləti təsdiq etməyi öz var-dövlət və məqamlarının əldən çıxması ilə bir tutdular. Onların həqiqəti gizlətməkdə məqsədləri bu idi ki, bir neçə gün öz kürsülərində çox otursunlar və daha çox hədiyyə əldə etsinlər. Amma onlar qazandıqları böyük günahın müqabilində çox az qazanc əldə edirdilər. Bu qazanc qarınlarına doldurduqları oddan başqa bir şey deyildi. Necə ki, digər bir ayədə yetimlərin malını yemək od yeməyə oxşadılır.("Furqan”, 75. )
Allah qiyamət günü möminlərlə ünsiyyətdə olduğu halda haqqı gizlədən bu insanlarla xoş danışmaz. Bu danışıq fəzada dalğalar yaranması, ilham və qəlb dili vasitəsi ilə gerçəkləşər. Bütün yaxşı insanlar həmin gün "Kəlimullah” olarlar.
Əvvəlki ayədə donuz əti və ölmüş heyvan ətinin qadağan olunmasının ardınca bağışlanmadan danışılır. Bu ayədə isə haqqı gizlətməyin qadağan olması və əqidə ilə bağlı günahlar haqqında söhbət açıldıqdan sonra danışıq əhvalı daha da sərtləşir və bağışlanma məsələsinə toxunulmur. Bəlkə də növbəti ayədə bu hədələr daha da şiddətlənsin.
Haqqın gizlədilməsi təkcə İslam peyğəmbərinin risaləti ilə bağlı deyil. Həzrət Peyğəmbərin (s) həqiqi canişinləri barəsində də həqiqəti gizlədənlər belə bir əzaba düçar olasıdır. Öz təfsir və tarix kitablarında Qədire-Xum əhvalatı həqiqətlərini ört-basdır edib ayələri təhrifə məruz qoyanlar, xalqı məsum imamlardan yayındırıb başqalarına üz tutmağa sövq edənlər haqqı gizlədənlər cərgəsindədirlər.
1.Alimlər üçün ən böyük təhlükə dünyapərəstlikdir.
2. Dini istənilən bir qiymətə satmaq zərərdir. Çünki səmavi kitabların həqiqəti və maarifi bütün mənafelərdən üstündür.
3. Haram qidalar od şəklində təcəssüm edər.
4. Hər bir əşyanın batini bir surəti var və qiyamət günü həmin batini surət aşkar olar.
5. Cəza günaha mütənasib olmalıdır. Dünyada haqqı xalqdan gizlədənlər qiyamətdə Allah kəlamını eşitmək ləzzətindən məhrum qalarlar.
6. Qiyamət əzabları həm cismə, həm də ruha aiddir.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti