“Bəqərə” surəsi (169-170)
169. إِنَّمَا يَأْمُرُكُمْ بِالسُّوءِ وَالْفَحْشَاء وَأَن تَقُولُواْ عَلَى اللّهِ مَا لاَ تَعْلَمُونَ
("Həqiqətən, şeytan) sizə yalnız çirkinliyi və pisliyi, Allah haqqında bilmədiyiniz şeyləri deməyi əmr edir.”
"Ruhul-bəyan” təfsirində bəyan olunmuşdur ki, şeytan öz vəsvəsələrində mərhələlər ötüb keçir: Əvvəlcə küfrə dəvət edir. Elə ki, müvəffəq olmadı, bidətə çağırır. Yenə də bir şey əldə edə bilməsə, böyük günahlara çağırır. Növbəti dəfə əliboş qaldıqda kiçik günahları önə çəkir. Bəndəni kiçik günahlara da batıra bilməyən şeytan ibadət əvəzində mübah işləri əhəmiyyətli göstərir. Bu dəfə də əli boşda qaldıqda ən aşağı mərhələdəki ibadətlərə çağırır ki, insan uca məqamlardan məhrum olsun.
Şeytanın əmri onun vəsvəsələrindən ibarətdir. O insanın azadlığını əlindən alıb, onu günaha məcbur edə bilməz.
Şeytanın əmrinə təslimçilik bizim zəifliyimizi göstərir. Zəif insan şeytanın vəsvəsələrini özünə ağa kimi qəbul edir.("Nəhcül-bəlağə”, hikmət. 147. ) İlahi övliyalar isə elə bir məqama çatmışlar ki, şeytan onlara nüfuz edə bilmir.("Təfsiri-Safi”. )
1. Şeytanın düşmənçilik əlamətləri Allaha qarşı günah və iftiraya sövq edən vəsvəsələrdir.
2. Şeytan həm günaha batmaq əmri verir, həm də onu ört-basdır etmək yolunu göstərir. Pislik və günaha əmr Allaha qarşı həmin iftira və günah göstərişi və bu göstərişə don geydirilməsidir.
3 Elmə malik olmadan dini hökmlər haqqında fikir yürütmək və fitva haramdır.
4. Hətta şəkk-şübhə məqamında da bir şeyi Allaha aid etmək olmaz. İndi özünüz qiymətləndirin ki, hansısa sözü bilərəkdən Allaha aid etmək nə deməkdir! Ona görə də Quranın təfsiri və hökmlərin bəyanında diqqətli olmaq lazımdır.
170. وَإِذَا قِيلَ لَهُمُ اتَّبِعُوا مَا أَنزَلَ اللّهُ قَالُواْ بَلْ نَتَّبِعُ مَا أَلْفَيْنَا عَلَيْهِ آبَاءنَا أَوَلَوْ كَانَ آبَاؤُهُمْ لاَ يَعْقِلُونَ شَيْئاً وَلاَ يَهْتَدُونَ
"O zaman ki, onlara (müşriklərə) deyilər: "Allahın nazil etdiyinə tabe olun!" Onlar deyərlər: "Biz atalarımızın getdiyi yolla gedərik." Əgər ataları bir şey anlamayıb, hidayət olmayıblarsa necə?”
Əvvəlki ayə bizim nəzərimizə çatdırdı ki, şeytanın addımlarına və göstərişlərinə tabeçilikdən uzaq olaq. Bu ayə şeytan yollarından biri olan kor-koranə təqlidçiliyə işarədir.
Düşüncəli şəkildə tabeçilik və itaətin eybi yoxdur. Quran o insanların təqlidini məzəmmət edir ki, nə özləri düşüncə sahibi olublar, nə də peyğəmbərləri qəbul ediblər.
İlahi hidayət bütün əsr və zamanlarda mövcud olmuşdur. Quranda buyurulur ki, onların babaları hidayəti, doğru yolu qəbul etmirdilər. Bu ayədən məlum olur ki, ilahi hidayət hər bir zaman olmuşdur, lakin insanlar haqqın səsini qəbul etməmişlər. Həzrət Əli (ə) "Nəhcül-bəlağə” də buyurmuşdur: "Yer üzü heç vaxt səmavi rəhbərsiz qalmır. (Bu rəhbər) istər aşkar, istər məxfi şəkildə xalqı Allahın yoluna dəvət edir.”("Bəqərə”, 168. )
1. İrtica və geri çəkilmək qadağandır. Babaların sünnət və yolu düşüncə və dəlilə əsaslanmırsa, qəbul edilə bilməz.
2. İrqi və milli təəssüblər haqqın qəbul olunmasında maneədir.
3. Ata-babaların dəvətləri və əqidələri gələcək nəsillərə təsir edir.
4. Haqq yol ağıl və vəhy vasitəsi ilə əldə olunur.
5. Təcrübə və biliyin növbəti nəslə ötürülməsi yaxşıdır. Amma xürafatın növbəti nəslə çatdırılması zərərdir.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti