Şiəlikdə fiqh üslubu
Şiəliyin fiqh və ictihadı da onun kəlam və fəlsəfəsi kimi müstəqil şəkildə irəliləyib. Şiə fiqhində şəriət hökmlərinin zati xeyir və ziyanlara tabeliyi prinsipi və əql ilə şəriətin uyğunluğu qaydası təsdiq edildi və əqlin ictihaddakı haqqı qorundu. Amma rəy və qiyas, hədis əhli və sünnilər arasındakından da çox məzəmmət edildi.
Hədis əhli və sünnilər qiyası, əqlin şəriət hökmlərinin əldə edilməsində dəlil kimi istifadəsində yararsızlığına görə səhv sayırdılar. Amma şiələrin onu səhv hesab etməsinin səbəbi bu deyildi və onlar həmin məsələyə iki cəhətdən irad tuturdular. Həmin səbəblərdən biri rəy və qiyasın elmə deyil, gümana əməl etməsi və eləcə də əqlə deyil, xəyala tabe olması, ikinci səbəb isə rəy və qiyasa müraciət edilməsinin zəruriliyi fikrinin, islamın ümumi əsas və meyarlarının yetərli olmaması mənasını verməsidir. Bu isə islama qarşı zülm və ya nadanlıqdır. İslamda bütün hökmlər barədə ümumi və külli şəkildə danışılıb və fərdlər sonsuz olduqları üçün onların haqqında ayrı-ayrı danışmaq mümkün də deyil. İslamın ümumi meyarları elə tənzimlənib ki, onları sonsuz sayda olan fərdlərə müxtəlif zaman, məkan və dəyişkən şəraitlərdə tətbiq etmək mümkündür. Buna görə də fiqh aliminin vəzifəsi hər bir cüzi məsələnin hökmünü Quran və ya sünnədən çıxarmaq deyildir. Həmçinin o, hər hansı bir məsələnin hökmünün olmaması bəhanəsi ilə təxəyyül və qiyasçılıqla məşğul olmaq vəzifəsi daşımır. Fiqh aliminin vəzifəsi «təfri» yəni cüzi məsələləri əsas kökə uyğunlaşdırmaqdır . İslamın əsas və ümumi qanunları kitab və sünnədə mövcuddur. Onların digər məsələlərə tətbiqi üçün yalnız xüsusi elmi hazırlıq lazımdır və o da ictihad, yəni islamın ümumi qanunlarının dəyişən və ötəri cüzi məsələlərə düşünülmüş tətbiqidir.
«Üsuli-kafi» kitabında «Kitab və sünnədə ümumi qanunu olmayan məsələ yoxdur» adlı bir fəsil vardır.
Deməli, ədalət və şəriət hökmlərinin zati xeyir və ziyanlara malikliyi prinsipi və təbii olaraq, işlərin yaxşı və pisliyinin əqliliyi və əqlin qənaətbəxş dəlil olması məsələləri şiə islam fiqhinin təməli kimi mötəbər tanınıb. Beləliklə «ədalət» məsələsi islam fiqhində də öz yerini tapdı.
Şiə fiqhində əql və xəyal, başqa sözlə desək, əqli dəlil ilə məntiqi təmsil olan zənni qiyas arasında fərq qoyuldu. Onlar fiqhi mənbəyin dörd şey, yəni kitab, sünnə, icma və əql olmasını bildirdilər. Bu fiqh məktəbində rəy və qiyasın rədd edilməsinə baxmayaraq, əql və dəlil mötəbər sayıldı.
Kitabın adı: İlahi ədalət
Müəllif: Ustad Mürtəza Mütəhhəri