Hədis əhli ilə qiyas əhlinin mübahisəsi
Hədis əhli qiyas əhlinin üslubunu əqlə istinad etməkdə ifratçılıqda və hədisə müraciətdə isə səhlənkarlıqda ittiham edir, başqa sözlə desək, onların bu əməlini gerçəkliklərin kəşf edilməsinə ötəri yanaşmaq kimi qiymətləndirirdi. Onlar deyirdilər ki, şəriət işləri pərakəndəliklərin toplanması və cəm şeylərin pərakəndə edilməsinə əsaslanır və bu adi əql səviyyəsindən xaricdir; əqlin sadəlövlük edərək şəriət hökmlərinin kök və ruhuna çata bilmək imkanına malik olmasını güman etməsi düzgün deyil. Qiyas əhli isə, bunun müqabilində hədis əhlini kütbeyinlik və qanmazlıqda günahlandırırdı.
«Üsuli-fiqh»də ayrılmazlıq adlı bir qanun var. Bundan məqsəd əqli hökmün şəriət hökmündən ayrılmamazlığıdır. Həmin qanun bu təbirlə bəyan edilir:
«Kullu ma həkəmə bihil əqlu həkəmə bihiş-şəru və kullu ma həkəmə bihiş-şəru həkəmə bihil əqlu».
(Yəni: Şəriət əqlin, əql də şəriətin hökmlərini təsdiq edir.)
Məqsəd budur ki, əql harada bir qəti xeyir və ya ziyan kəşf etsə, biz dəlil və səbəbdən nəticəyə çatmaq adlı məntiqi üslubla orada islam şəriətinin həmin xeyirin ələ gətirilməsi və ya zərərin uzaqlaşdrılması barəsində hökm verdiyini deyirik . Bu uslubla əldə olunan nəticə, hətta o barədə bizə nəql yolu ilə bir şey gəlib çatmamış olsa belə, məqbul sayılır. Həmçinin harada vacib, müstəhəb, haram və məkruh hökm varsa, dəlil və nəticədən səbəbə çatmaq adlı məntiqi üslubla həmin işdə xeyir və ya ziyanın olmasını kəşf edirik, hərçənd ki, bizim əqlimiz hal-hazırda həmin xeyir və ziyanı dərk etmir.
İslam fiqh alimlərinin, xüsusilə rəy və qiyasa çox meylli olanların fikrincə, əql ilə şəriət arasında tam uyğunluq vardır; islam hökmləri bir növ ehkamçılıq kimi başa düşülən sirli, məchul və anlaşılmaz hökmlər deyildir və həmin hökmlərin dərk edilməsində və kəşfində əql və düşüncənin də rolu vardır.
Bu alimlər, əvvəllər kəlam elminin bəhslərindən olan «işlərin yaxşı və pis olmasının əqliliyi» məsələsini «üsuli fiqh» elminə daxil ediblər. Onlar qeyd olunan məsələləri şəriət hökmlərinin «meyar» və «ölçüləri» kimi qəbul edərək deyirlər ki, həmin meyar və ölçülər içərisində əqlin hər şeydən aşkar və aydın dərk etdiyi şey ədalət və yaxşılığın yaxşılığı, zülm və haqsızlığın isə qəbahət və pisliyidir. Beləliklə ədalət və zülm islam fiqhində meyara çevrildi.
Hədis əhli islamda fiqhi mənbəyin üç şey - kitab (Quran), sünnə və icma olmasını hesab edir. Amma rəy və qiyas əhli fiqh mənbəyinin dörd şeydən, yəni dediyimiz üç mənbə və bir də rəy və qiyasdan ibarət olmasını bildirir.
Hədis əhli, rəy və qiyas əhlini bir neçə şeydə tənqid edirdi. Onlar misal çəkərək deyirdilər ki, rəy və qiyasa etimad etmək, insanı şəriət hökmlərinin kəşf edilməsində səhvə düçar edir. Rəy və qiyas əhli də bunun müqabilində onları mötəbərlik və düzlüyü məlum olmayan bir sıra hədislərə etimad etməkdə günahlandırırdılar.
Kitabın adı: İlahi ədalət
Müəllif: Ustad Mürtəza Mütəhhəri