Üsulidində ədalət
Əgər ilahiyyatın digər məsələlərində şübhə və iradlar varsa, onlar mütəkəllim, filosof və elm əhli üçün qarşıya çıxır. Həmin mətləblər çətin olmalarına baxmayaraq, ümumi kütlənin fikir dairəsindən xaric olduğu üçün, onlara tutulan iradlar və onların cavabları ümumi kütlənin dərkindən yuxarı səviyyədə irəli sürülür. Amma ilahi ədalət barəsindəki iradlar aşağı və ümumi kütlə səviyyəsindədir. Bu barədə həm savadsız təbəqə, həm də mütəfəkkir filosoflar fikirləşirlər.
Buna görə də, ədalət məsələsi xüsusi əhəmiyyət və mövqeyə malikdir. Elə bu cəhəti (Əşərilər deyil, Şiə və Mötəzilə kimi) islam alimlərinin, ədaləti «üsulidin» (dinin kökləri) məsələləri sıralarında yerləşdirmələri və onu ikinci əsas hesab etmələrinin səbəbi hesab etmək olar. Çünki belə olmayan surətdə, ədalət də Allahın sifətlərindən biridir və əgər ilahi sifətləri dinin əsaslarından sayırıqsa, onda gərək elm, qüdrət, iradə və bu kimi digər sifətləri də dinin köklərindən sayaq. Şiələrin, ədaləti üsulidinin əsaslarından biri saymasının əsas səbəbi başqa bir şeydir. Həmin səbəb budur ki, şiələrlə sünnilərin Allahın digər sifətlərində heç bir ziddiyyəti yox idi və əgər hansısa ziddiyyət var idisə də, o, qabarıq şəkildə irəli sürülmürdü. Amma onların arasında ədalət məsələsində kəskin ziddiyyət var idi və bu məsələ çox güclü şəkildə işıqlandırılırdı. Belə ki, ədalətə inam bəsləmək və ya inanmamaq təriqət və məzhəblərin nişanəsi sayılırdı. Məsələn, birinin şiə və ya sünni və əgər sünnidirsə Mötəzilə və ya Əşəri olması həmin inamla müəyyənləşdirilirdi. Təkcə ədalət Əşərilik, ədalətlə imamət birlikdə isə şiəlik əlaməti sayılırdı. Buna görə də deyilirdi ki, islamda üsulidin üç əsasdan ibarətdir, şiə məzhəbində isə həmin üç əsasdan əlavə, ədalət və imamət də vardır.
Kitabın adı: İlahi ədalət
Müəllif: Ustad Mürtəza Mütəhhəri