Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Hüzuri-qəlbin əmələ gəlməsində mühüm tə’siredici amillər
Hüzuri-qəlbin malik olduğu dəyər qədər də, onun özünü əldə etmək çətindir. İnsan namaza daxil olan zaman şeytan dərhal vəsvəsə etməyə başlayır, qəlbi daim o tərəfə bu tərəfə çəkir, onu müxtəlif gərəksiz fikirlərlə, puç xəyallarla məşğul edir. Hesab çəkir, plan cızır, tədbir tökür, keçmiş və gələcək məsələlər barəsində fikirləşir, mühüm elmi məsələləri həll edir, çox hallarda tamamilə unutduğu mövzuları məhz namaz halında xatırlayır, özünə gəldiyi zaman artıq namazı tamam etmiş olur. Əgər bə’zən namaz fikrinə düşsə də, dərhal bu fikrdən keçir.
Çox təəccüb və təəssüf yeridir: Biz nə edə bilərik ki, bu inadkar və namazı oyun-oyuncağa çevirən nəfsi cilovlayıb onu öz ixtiyarımıza keçirək?! Namaz halında pərakəndə vəziyyətdə olan fikirləri özümüzdən necə uzaqlaşdırıb yalnız Allahı xatırlaya bilərik?! Bu yolu ötüb keçən və buna müvəffəq olan şəxslər bizim üçün daha yaxşı yol göstərə bilər. Yaxşı olar ki, qələmi onlara verək. Lakin mən hüzuri-qəlbin əldə olunmasına faydalı ola bilən bə’zi mətləblərə işarə edirəm:
1. Xəlvət yerin seçilməsi :
Əgər namazı tək halda, yaxud müstəhəb namaz qılırsa, yaxşı olar ki, səs-küyün ona maneçilik törətməməsi üçün xəlvət bir yer seçsin. Namaz qılınan yerdə şəkil, yaxud namaz qılanın diqqətini özünə cəlb edə biləcək bir şey olmasın, ümumi mərkəzlərdə qılmasın. Yaxşı olar ki, evdə də namaz qılmaq üçün xəlvət bir yeri seçsin, namazı həmişə orada qılsın. Namaz halında yalnız səcdə yerinə baxsın, yaxud gözlərini yumsun. Hüzuri-qəlb üçün faydalı olmasını ayırd etdiyi bu işlərdən hər birini seçsin. Yaxşı olar ki, kiçik otaqda, yaxud divara yaxın olan yerdə namaz qılsın ki, çox görünən şey olmasın.
Əgər namazı camaatla qılırsa, yalnız səcdə yerinə baxsın, əgər imam qiraəti ucadan oxuyursa, onun qiraətinə qulaq assın.
2. Maneələrin aradan qaldırılması :
Namazdan qabaq əvvəlcə hüzuri-qəlbə maneə olacaq şeyləri aradan qaldırmaq, sonra namaza başlamaq lazımdır. Məsələn, əgər bövl və ğait ona təzyiq göstərirsə, əvvəlcə özünü rahatlasın, sonra dəstəmaz alıb namaza başlasın. Əgər çox ac və susuz olduğuna görə aram deyilsə, əvvəlcə aclığını və susuzluğunu aradan qaldırsın, sonra namaz qılsın. Həmçinin əgər çox yediyinə görə namaz qılmağa halı yoxdursa, bir qədər gözləyib hal tapandan sonra namaza başlasın. Əgər çox yorğun olduğuna, yaxud yuxusuzluğuna görə namazda hal tapa bilmirsə, əvvəlcə yorğunluğunu və yuxusunu aradan qaldırsın, sonra namaza başlasın. Əgər hər hansı bir mövzunu ayırd etmək, yaxud nigarançılıq yaradan və pərişan bir hadisənin baş verdiyinə görə fikri qarışmışsa, mümkün olan surətdə namazdan qabaq nigaranlıq törədən amilləri aradan qaldırıb sonra namaza başlasın.
Böyük maneələrdən biri dünyəvi işlərə şiddətli məhəbbət və bağlılıqdır. O cümlədən mal-dövlət, şan-şöhrət, cah-cəlal, məqam, arvad, övlad və s. Bu kimi işlərə məhəbbət bəsləmək namaz halında insanın fikrinin o tərəfə bu tərəfə getməsinə, Allahdan yayınmasına səbəb olur. Buna əsasən namaz qılan şəxs bu kimi işlərdən əlaqəsini kəsməlidir ki, hüzuri-qəlb və Allaha diqqət onun üçün müyəssər olsun.
3. İman qüvvəsinin gücləndirilməsi :
İnsanın Allaha olan diqqəti Onun barəsindəki mə’rifət və agahlığı qədərdir. Əgər iman yəqin həddinə çatmış olsa və mə”budun qüdrət, hüzur, əhatə və elmini kamil şəkildə dərk etmiş olsa, təbiidir ki, Onun qarşısında xüzu və xuşu edəcək, unutqanlıq və qəflət üçün heç bir əsas olmayacaqdır. Allahı hər bir yerdə hazır və nazir, özünü isə Onun məhzərində görən bir şəxs Allahla danışıq məqamı olan namaz halında da Ondan qafil olmayacaqdır. Belə ki, əgər böyük qüdrət sahibi olan bir padşahla danışırsa, bütün duyğu və hiss üzvləri tamamilə cəm olur və kiminlə danışdığını, nə dediyini bilir. Əgər Allahı da qüdrət və əzəmətlə tanısa, onda namaz halında Ondan qafil olmayacaqdır. Deməli, insan imanını gücləndirmək və kamil mə’rifət əldə etmək üçün daim çalışmalıdır ki, namaz halında da hüzuri-qəlb tapa bilsin.
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “ Allaha elə ibadət et ki , sanki Onu görürsən . Sən Onu görməsən də , O səni görür .”
Əban ibni Təğlib deyir: İmam Cə’fər Sadiqə (ə) ərz etdim: «Əliyyibni Hüseynin (ə) namaz halında rənginin qaçdığını gördüm (bunun səbəbi nədir)?!»
Buyurdu: «Bəli, o qarşısında durduğu mə’budu tam tanımışdır.»
4. Ölümü yad etmək :
Hüzuri-qəlbin yaranmasında faydalı olan işlərdən biri də ölümü yad etməkdir. Əgər insan ölümü yad etsə, ölümün nə vaxtının, nə də necə baş verəcəyinin mə’lum olmadığını, hər an və hər bir şəraitdə baş verəcəyinə diqqət yetirsə, hətta qıldığı namazın onun axırıncı namazı olmasını ehtimal versə, namazını heç vaxt qəflətlə qılmaz. Yaxşı olar ki, namaz qılan şəxs namazdan öncə ölüm fikrinə düşsün, belə təsəvvür eləsin ki, əcəli gəlib çatıb, Əzrail (ə) onu qəbzi-ruh etmək üçün hazır dayanıb, bir saat, yaxud bir neçə dəqiqədən artıq fürsəti yoxdur. Belə ki, ondan sonra əməl dəftəri bağlanacaq, əbədi dünyaya daxil olacaqdır. Orada onun əməlləri araşdırılacaq, nəticəsi ya əbədi səadət və xoşluqda Allah dərgahına yaxınların yanında olmaqdan, ya da bədbəxtçilik, əzab və cəhənnəmin dibində işgəncədən ibarət olacaqdır. Ölümü gözləri önündə canlandırmaqla daha yaxşı hüzuri-qəlbi tapıb, özünü Allahın hüzurunda bilib, namazı tam xüzu, xüşu və vida halında qıla bilər. Namaza başlamazdan əvvəl bu haləti yaratmalı və namaz boyu da da onu davam etdirməlidir.
İmam Cə’fər Sadiq (ə) buyurur: “ Vacib namazı axırıncı namazını qılan şəxs kimi vaxtında qıl . Bu cür şəxs namaz qılmaqdan ötrü bir daha fürsət tapmayacağını bilir . Namaz vaxtı səcdə yerinə bax . Əgər bir şəxsin sənin yanında olduğunu və sənin namazına nəzarət etdiyini görsən namazı yaxşı qılarsan . Bil ki , sən elə bir şəxsin hüzurundasan ki , səni müşahidə edir , lakin sən onu görmürsən .”
5. Hazırlıq :
Namaz qılan şəxs maneələri aradan qaldırdıqdan sonra xəlvət və münasib yerdə namaza başlayır. Namazdan öncə Allahın sonsuz əzəmət və qüdrətini, özünün isə sonsuz zəlillik, bacarıqsızlıq və zəifliyini xatırlasın. Aləmlərin Rəbbinin hüzurunda, Əzrailin qarşısında dayandığını, onunla danışdığını bilsin. O, elə bir əzəmət və qüdrət sahibi qarşısında dayanmışdır ki, hər bir şeyə, hətta gizlin fikirlərə belə, agahdır.
Ölümü, əməllərin dəqiq şəkildə araşdırılmasını, cənnət və cəhənnəmi gözləri önündə canlandırsın. Ehtimal versin ki, onun ölümü çox yaxındır, hətta, elə bu namaz onun son namazı ola bilər. Bu fikrini o qədər davam etdirsin ki, nəfsi aram olsun, hal tapsın. Sonra hüzuri-qəlb ilə azan və iqaməni deməyə başlasın, ondan sonra bu duanı oxusun: “ Allahummə iləykə təvəccəhtu və mərzatəkə tələbtu və səvabəkəbtəğəytu və bikə aməntu və ələykə təvəkkəltu . Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd , vəftəh məsamiə qəlbi bi zikrikə və səbbitni əla dinikə və dini Nəbiyyikə və la tuziğ qəlbi bə ’ də iz hədəytəni və həb li min lədunkə rəhmətən . İnnəkə əntəl - Vəhhab .” Yə ’ ni : « Pərvərdigara ! Yalnız Sənə üz gətirdim , yalnız Sənin razılığını istədim , yalnız Sənin savabını tələb etdim , yalnız Sənə iman gətirdim , yalnız Sənə təvəkkül etdim . Pərvərdigara ! Məhəmməd və onun Əhli - beytinə salavat göndər , qəlbimin qulaqlarını Öz zikrin üçün aç , məni Öz dinində və Peyğəmbərinin dinində sabitqədəm et , məni hidayət etdikdən sonra yolundan azdırma , Öz dərgahından mənə rəhmət əta et . Həqiqətən Sən çox əta edənsən .!”
Duanı oxuyarkən onun mə’nasına diqqət yetirsin, sonra desin: “Ya Muhsinu, qəd ətakəl-musii. Ya Muhsinu əhsin iləyyə.”
Əgər diqqət və xüşu halındadırsa, təkbirətul-ehramı deyərək namaza başlasın. Lakin hələ hazır olmadığını, hal əmələ gəlmədiyini bilsə, «əuzu billahi minəş-şeytanir-rəcim» deyib şeytanın vəsvəsələrindən Allaha pənah aparsın. Bu işi hazırlıq tapana qədər davam etdirsin.
Bu zaman hüzuri-qəlb ilə, mə’nasına diqqət yetirməklə təkbirətul-ehramı desin və namaza başlasın. Amma kiminlə söhbət etdiyini, nə dediyini anlasın. Dilin qəlblə münasib olmasına, yalan danışmamasına diqqət yetirsin. “Allahu Əkbər”in nə demək olduğunu bilirsənmi? Yə’ni, Allah vəsf edildiyindən çox-çox böyükdür. Nə dediyinə düzgün şəkildə diqqət yetir. Dediklərinə doğrudanmı imanlısan?!
İmam Cə’fər Sadiq (ə) buyurur: “Namaz qılmaq məqsədi ilə üzü qibləyə dayandıqda dünya və onda olan şeyləri, insanları, onların vəziyyətlərini və məşğuliyyətlərini birdəfəlik unut, qəlbini səni Allahdan saxlayan hər bir işdən boşalt, Allahın əzəmət və cəlalını batin gözləri ilə müşahidə et. Allahın hüzurunda dayandığını yada sal, insanın öncədən göndərdiyi əməllərin Onun hüzurunda aşkar olacağı və Allaha doğru qaytarıldığı bir gündə Onun hüzurunda dayanacağına diqqət yetir. Namaz zamanı xovf (qorxu) və rəca (ümid) arasında ol. Təkbirətul-ehram deyən zaman yerdə və göydə olanları çox kiçik hesab et, çünki namaz qılan şəxs təkbir deyəndə Allah onun qəlbinə nəzər salır. Əgər o, təkbirin həqiqətinə diqqət yetirmirsə, Allah ona belə xitab edir: “ Ey yalançı ! Məni aldatmaq istəyirsənmi ?! Öz izzət və cəlalıma and olsun , səni Öz zikrimin ləzzətindən , Öz dərgahıma yaxınlıqdan , Mənimlə münacatın ləzzətindən məhrum edərəm !”
Bəli, namazdan əvvəl niyyət və təkbirətul-ehram halında hazırlıqlı olmaq hüzuri-qəlbdə çox tə’sir qoyur. Lakin bunlardan da mühüm məsələ bu halətin davam etdirilməsidir. Əgər azacıq qəflətə yol verilsə, nəfs o tərəf, bu tərəfə pərvaz edir və hüzur haləti aradan gedir.
Deməli, namaz qılan şəxs bütün namaz boyu öz nəfsini tam nəzarət altına almalı, qəlbin qapısını Allahdan başqasının üzünə bağlamalı, dağınıq fikir və xəyalların qarşısını almalıdır. O, özünü daim Allahın hüzurunda görməli, namazını elə qılmalıdır ki, sanki Allahla danışır, Onun müqabilində rüku və səcdə edir. Çalışmalıdır ki, qiraət halında zikrlərin mə’nasına diqqət yetirsin, nə dediyini, hansı böyük qüdrət sahibi ilə söhbət etdiyini bilsin və bu halı namazın axırına qədər davam etdirsin. Əlbəttə, bu, çox çətin bir işdir, lakin cidiyyət və nəzarət nəticəsində asan olar. “ Vəlləzinə cahədu fina lənəhdiyənnəhum subuləna .” (Hər kəs Bizə tərəf gəlməyə cəhd etsə, Biz, hökmən onu Öz yollarımıza hidayət edərik.) Əgər ilk əvvəl tovfiq tapmırsa, mə’yus olmasın, daha cidiyyətlə, qətiyyətlə əməl meydanına daxil olsun ki, tədriclə nəfsinə hakim kəsilsin. Dağınıq xəyal və fikirləri qəlbindən çıxartsın, qəlbini Allaha doğru yönəltsin. Əgər bir gün, yaxud bir neçə həftədə, yaxud bir neçə ayda mümkün olmazsa, yenə də mə’yus olmamalıdır. Çünki hər bir halda bu mümkün olan işdir. Bə’zi insanlar namazın əvvəlindən axırına qədər hüzuri-qəlb halında olur və namaz halında Allahdan başqa heç nəyə diqqət yetirmir.
Biz də belə bir gözəl məqama çatmaqdan ümidsiz olmamalıyıq, kamil mərtəbəyə çatmasaq da, heç olmazsa, mümkün qədərinə nail olmağa sə’y göstərməliyik ki, bunu da qənimət sayaq.
Kitabın adı: Nəfsin saflaşdırılması
Müəllif: Ayətullah İbrahim Əmini
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |