Quranın ecazı ilə toplanması arasında olan uyğunluq
7-ci irad:
Onlar deyirlər: Tarixdə göstərilir ki, Əbu Bəkr Quranı vahid kitab halına salmaq istədikdə Ömərə və Zeyd ibni Sabitə, məscidin kandarında oturub, iki nəfər tərəfindən Quran ayəsi olması təsdiq edilən cümlələri yazmağı və nəticədə onları kitab halına salmağı əmr etdi. Qərara alınmışdı ki, onların toplayıb təsdiq etdikləri və vahid nüsxə halına saldıqları nümunə hamı tərəfindən qəbul edilsin. Əgər Quran həqiqətən möcüzə olsaydı, nə onların şəhadətinə ehtiyac olardı, nə də kimlərinsə onu vahid nüsxə halına salmasına.
Cavab:
Bu iddianı da bir neçə səbəbə görə rədd edə bilərik:
1. Quranın möcüzə olması onun kəlmələrinin ayrı-ayrılığında deyil, fəsahət və bəlağətindədir. Quranın bir yerə yığılması məsələsinə gəldikdə isə, qeyd etməliyik ki, orada artıq kəlmə və hərflərin əlavə olunması və ya çıxarılması tamamilə adi hal ola bilərdi. Bunun üçün də iki nəfər şəxsin – əgər bunu həqiqət hesab etmək olarsa – şəhadət verməsini (yəni toplanmış nüsxələrə nəzarət etmələri) tamamilə məntiqi hesab etmək olardı.
2. İnsanlar Quranın fəsahəti qarşısında acizdirlər - dedikdə, bu heç də o demək deyildir ki, onlar ona oxşar, hətta bir kəlmə və ya bir ayə gətirməyə belə qadir deyillər. Quran ayələrinə oxşar ikinci bir ifadəni bəyan etmək bəlkə də onlar üçün mümkün olmuşdur, lakin müsəlmanlar heç vaxt belə bir iddia irəli sürməmişlər. O ki qaldı Qurana, o da öz müxaliflərini öz ayələrinə oxşar bir ayə deyil, bir surə gətirmələrini tələb edir. Buna əsasən deyə bilərik ki, iki nəfərin, yığılmış nüsxələrə və ya oxunan ayələrin düzlüyünə şəhadət verməsi tamamilə məqsədəuyğun bir haldır.
3. Səhabələrdən ikisinin məsciddə bir şahid kimi iştirak etmələri haqda nəql olunmuş rəvayətə gəldikdə isə, onun mötəbərliyinə bir o qədər də istinad etmək olmaz. Çünki, rəvayət mütəvatir hədislər silsiləsinə daxil deyildir.
4. Rəvayətin məzmunu bu haqda nəql olunmuş digər rəvayətlərlə ziddiyyət təşkil edir. Belə ki, Quran Əbu Bəkrin xilafəti dövründə deyil, Peyğəmbər (s) hələ sağ olarkən bir yerə yığılmışdır. Gələcək fəsillərdə bu mətləbi təsdiq edəcək digər hədis və rəvayətlərə işarə edəcəyik. O ki qaldı Quran hafizlərinə, hələ Peyğəmbərin (s) zamanında onların sayı yüzlərlə, bəlkə də minlərlə idi. Belə olduğu bir halda səhabələrdən yalnız ikisinin Quran nüsxələrinə və tilavətinə etdikləri nəzarət bir o qədər də düzgün olmazdı.
Qaranlıq cəhalət rejimindən yaxa qurtarmış müsəlmanlar gecə-gündüz Quranı tilavət edir və onu zehnlərinə həkk edirdilər. Quran hafizlərinin bol olduğu bir şəraitdə belə bir məsuliyyətli işin yalnız iki nəfərə tapşırılması bir o qədər də inandırıcı olmazdı.
Kitabın adı: Əl-bəyan 1-ci cild
Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi