Deyilmi?
Ey Cənnət istəyən mömin, cavab ver!
Əli vilayəti Cənnət deyilmi?
Ey özün Behiştdən çıxardan bəşər!
Bu işin hələ də qəflət deyilmi?
Əli imaməti əslidir dinin,
Əli imamıdır insanın, cinin.
Qəbul etməyirsiz Quranın dilin,
Əli tükənməyən sərvət deyilmi?
Tohidi naqisdir Əlisiz kəsin,
Vəlisi şeytandır Əlisiz kəsin.
Söylə, nəyi vardır Əlisiz kəsin?
Əli insanlara rəhmət deyilmi?
İzzətin günahda axtaran bəşər,
Haqqını nahaqda axtaran bəşər.
Fikirləş bir anlıq, a nadan bəşər!
Əli vilayəti izzət deyilmi?
Əli bir bəşərdir, amma günahsız,
Əlisiz kimsələr bilin, nahaqsız.
Oxuyun, Əhzabın təthir ayəsin!
Əli başdan-başa ismət deyilmi?
Əli incisidir bəşəriyyətin,
Əli muncisidir hər cəmiyyətin.
Əli munisidir əhədiyyətin,
Əlinin sözləri hikmət deyilmi?
Səməndər, Əlidən yazsın qələmin!
Əli İmamındır, sənin nə qəmin?
Hər iki aləmdə O, nicat gəmin,
Əliylə yaşamaq şöhrət deyilmi?
Müəllif: Səməndər Qarabağlı