Təvəssül töhiddir. yoxsa şirk? (5.Peyğəmbərə (s) dünyaya gəlməmişdən əvvəl və
vəfatından sonra təvəssül etmək)
(Əhli-sünnənin tanınmış mənbələrindən istifadə etməklə vəhhabilərin təvəssül barədəki şübhələrinə cavab)
Bəzən vəhhabilər Peyğəmbərə (s) təvəssül etməyinl caiz olduğunu sübut edən ayə və rəvayətlərlə qarşılaşaraq çıxılmaz vəziyyətdə qaldıqda, deyirlər ki, bunlar Peyğəmbər (s) həyatda olduğu zamana aiddir və o həzrətin vəfatından sonra təvəssül caiz deyil, çünki artıq dünyadan getmişdir (إِنَّکَ مَيِّتٌ وَإِنَّهُمْ مَّيِّتُونَ) və (bizim səsimizi eşitmir). Beləliklə, o həzrəti səsləmək və ona təvəssül etmək şirkdir.
Cavablarında deyirik:
1) Nə üçün şirkdir?!
Peyğəmbər (s) və ilahi övliyaların bizim səsimizi eşitməməsini fərz etsək belə, nə üçün bu əməl şirk hesab olunmalıdır? Ən azı bu əmələ irad tutula biləcək şey onun əbəs və bihudə olmasıdır. Yəni, siz səslərinizi eşitməyən, sizi görməyən və sizin halınızdan xəbərsiz olan kəsləri çağırırsınız. Belə olduğu halda, o, əbəs və yersiz iş sayıla bilər, nəinki şirk! Bu misal ona bənzəyir ki, siz divara xitab edir və davamlı olaraq belə deyirsiniz: "Məni sirab elə (susuzluğumu yatır)!" Kimsə oradan keçir və sizə deyir ki, nə üçün boş və yersiz bir iş tutursunuz? Başqa ifadə ilə desək, o həzrətin həyatda olduğu zaman təvəssül etmək caiz olduğu və Allah tərəfindən ona təşviq edildiyi halda, Peyğəmbərin (s) vəfatından sonra isə şirkə çevrilməsi necə mümkündür?
Təvəssül Peyğəmbər (s) həyatda olduğu müddətdə iman, vəfatından sonra isə şirk nişanəsidirmi?!
Nəticədə, Allah Rəsulunun (s) qəbri kənarında dayanıb o həzrətdən (Allahın izni ilə) xəstənizə şəfa verməsini diləmək və ya Allahdan sizin xəstənizə şəfa və ya sizin üçün bağışlanmaq diləməsini istəmək şirk deyil.
Ona görə ki, siz o həzrəti Allahla yanaşı müstəqil şəkildə qərar qəbul edən hesab etmirsiniz və əgər Allahın Rəsulu (s) səsinizi eşitməsə belə, siz şirkə düçar olmamış, sadəcə əbəs və bihudə bir iş görmüsünüz.
Təəssüflər olsun ki, digərlərini şirklə ittiham etmək vəhhabilər üçün su içmək kimi bir şeydir. Kim o həzrətə təvəssül etsə, onu şirk çomağı ilə əzişdirir və şirkin bütün nişanələrini ona nisbət verir və hətta onun üçün ölüm hökmü belə çıxarırlar. Bütün dünyanın da şahid olduğu kimi, vəhhabilərin bir qrupu bu əqidə ilə Pakistan, İraq, Əfqanıstan və digər ölkələrdə gecə-gündüz müsəlmanları öldürməklə məşğuldurlar və bəzən də intihar əməliyyatları ilə yüzlərlə insanı qanına qəltan edirlər. Bu günahsızlar müsəlman olması, şəhadət kəlməsini dillərinə gətirməsi, İslam dininin üsul və füruid-dininə (etiqad və əhkam məsələlərinə) istinad etməsi və qiblə əhli olmasına baxmayaraq, ilahi övliyalara təvəssül etdikləri üçün özünü “müsəlman” hesab edən bir dəstə tərəfindən qətlə yetirilirlər. Bu qətl və zorakılıqlar İslam və müsəlmanların simasını dünyada pis, xoşagəlməz və nifrət olunası kimi tanıtdırmışdır.
2) Peyğəmbərə (s) dünyaya gəlməmişdən qabaq təvəssül etmək
Hakim Nişaburi "Müstədrək" kitabında Ömər ibn Xəttabdan Allah Rəsulunun (s) belə buyurduğunu nəql edir: "Həzrət Adəm (ə) xətaya yol verdikdə, Allaha belə dedi:
يا ربّ أسالک بحقّ محمّد لمّا غفرت لي
"İlahi! Səndən Məhəmmədin haqqına xatir məni bağışlamağını diləyirəm!"
Allah-taala Adəmə (ə) buyurdu: "Ey Adəm! Mən hələ Məhəmmədi yaratmadığım halda, sən onu necə tanıdın?"
Adəm (ə) dedi: "İlahi! Məni yaratdığın zaman, başımı qaldırıb yuxarı baxdım və gördüm ki, ərşin sütunlarında belə yazılıb: "La ilahə illəllah, Muhəmmədun rəsulullah." Beləcə başa düşdüm ki, Məhəmməd (s) sənin dərgahında məxluqatın ən yaxşısı (ən üstünü) olduğundan, onun adı Sənin adının kənarında yer tutub." Allah buyurdu:
صدقتَ يا آدم! إنّه لأحبّ الخلق إلىّ أدعنى بحقّه فقد غفرت لک، و لو لا محمّد ما خلقتک
"Doğru deyirsən, ey Adəm! Həqiqətən, Məhəmməd mənim dərgahımda məxluqatın ən sevimlisidir. Məni onun haqqına and verdiyin üçün səni bağışladım. Əgər Məhəmməd olmasaydı, səni yaratmazdım.""
Hakim Nişaburi bu hədisi nəql etdikdən sonra yazır:
هذا حديث صحيح الاسناد
"Bu hədisin sənədləri səhihdir." (Hakim, "Mustədrək", c.2, səh. 65. Bu hədisi Müttəqi Hindi "Kənzul-ummal"da (c.11, səh. 455, hədis 32138), İbn Əsakir "Tarixu mədinəti Dəməşq", c.7, səh. 437-də nəql etmişdir. Süyuti "Durrul-mənsur", c.1, səh. 60-61-də İbn Abbasdan nəql edir ki, Allah Rəsulundan (s) həzrət Adəmin (ə) Allahdan öyrəndiyi və onun vasitəsi ilə tövbəsi qəbul olunduğu sözlərin nə olduğunu soruşdum. Peyğəmbər (s) buyurdu:)
3) Allahın Rəsuluna (s) vəfatından sonra təvəssül etmək
Peyğəmbərin (s) vəfatından sonra o həzrətə çoxlu sayda təvəssül edildiyini bildirən rəvayətlər nəql edilmişdir. Biz burada ixtisarı gözləyərək onların yalnız üç nümunəsini qeyd edirik:
a) Bilal ibn Harisin Peyğəmbərə (s) təvəssül etməsi
Əhli-sünnənin Beyhəqi, İbn Əbi Şeybə, İbn Həcər, İbn Kəsir kimi bir sıra tanınmış hədisçiləri, alimləri və başqaları nəql edir ki, Ömər ibn Xəttabın xilafəti zamanında camaat qıtlıqla qarşılaşmışdı. Bir kişi Peyğəmbərin (s) qəbri kənarına gəldi və o həzrətə xitab edərək belə dedi:
يا رسول الله! هلک الناس، استسق لاُمّتک
"Ey Allahın Rəsulu! Camaat quruluq və qıtlıq səbəbilə həlak olmaq üzrədir, onlar üçün yağış yağmasını istə!"
Allahın Rəsulu (s) onun yuxusuna gəldi və buyurdu:
ائت عمر فاقرأه منّى السّلام وأخبره أنّهم مسقون، وقل له: عليک الکيس
"Ömərin yanına get və mənim salamımı ona çatdır. Ona xəbər ver ki, tezliklə yağış yağacaq. Ona de ki, səxavət və bəxşiş kisəsini açsın."
Həmin kişi Ömərin yanına gəldi və məsələni ona bildirdi. Ömər ağladı və dedi:
يا ربّ، ما الو إلاّ ما عجزت عنه
"İlahi, mən əlimdən gələni etdim, amma aciz və qüdrətsiz idim." (Beyhəqi, "Dəlailun-nubuvvə", c.7, səh. 47, "Ma caə fi royətin-nəbi fil-mənam" bölməsi; İbn Əbi Şeybə, "Musənnəf", c.7, səh. 482-483, hədis 35; "əl-İstiab", c.3, səh. 11494, "Kənzul-ummal", c.8, səh. 431, hədis 23535; "Tarixu-mədinəti-Dəməşq", c.44, səh. 345; Zəhəbi, "Tarixul-İslam", c.3, səh. 273.)
İbn Həcər yazır: "İbn Əbi Şeybənin nəql etdiyi bu hədisin sənədi səhihdir." Daha sonra belə əlavə edir: "Bu yuxunu görən şəxs Peyğəmbərin (s) səhabələrindən biri olan Bilal ibn Harisdir." ("Fəthul-bari", c.2, səh. 412, "Sualun-nasi əl-imaməl-istisqaə izə qəhətu" bölməsi.)
İbn Kəsir də bu macəranı nəql etdikdən sonra yazır:
و هذا إسناد صحيح
"Bu rəvayətin sənədi səhihdir." ("əl-Bidayətu vən-nihayə", c.7, səh. 105, 18-ci ilin hadisələri.)
(Diqqət! Bu rəvayət əhli-sünnə rəvayətidir, vəhhabilər üçün dəlil olaraq istifadə olunur.)
Səhabələrin də sünnəsini höccət hesab edən əhli-sünnəyə əsasən, bu macərada Bilal ibn Haris adlı səhabələrdən biri Peyğəmbərin (s) qəbri kənarına gələrək o həzrətə təvəssül etmiş və başına gələn əhvalatı və yuxusunu digər səhabəyə nəql etmişdir. O, Bilalı məzəmmət etməmiş, küfrdə ittiham edərək onun can, mal və namusunu mübah saymamışdır.
b) Əbu Əyyub Ənsari Peyğəmbərin (s) qəbri kənarında
Hakim Nişaburi, Əhməd ibn Hənbəl və əhli-sünnədən olan digər alimlər nəql edirlər ki, bir gün Mərvan ibn Həkəm Peyğəmbərin (s) qəbri kənarından keçdikdə, bir şəxsin üzünü o həzrətin qəbrinə qoyaraq pıçıldadığını müşahidə edir. Mərvan onun boynundan tutub deyir:
أتدرى ما تصنع
"Nə etdiyini bilirsənmi?"
Həmin şəxs cavab verir: "Bəli, nə etdiyimi bilirəm!"
Mərvan diqqət etdikdə, həmin şəxsin Peyğəmbərin (s) məşhur səhabəsi Əbu Əyyub Ənsari olduğunu gördü.
Əbu Əyyub davamında deyir:
جئت رسول الله(صلى الله عليه وآله) و لم آت الحجر
"Mən daşın kənarına deyil, Allah Rəsulunun (s) yanına gəlmişəm."
Sonra sözlərinə belə əlavə edir:
سمعت رسول الله(صلى الله عليه وآله)، يقول: لا تبکواعلى الدّين إذا وليه أهله ولکن ابکوا عليه إذا وليه غير أهله
"Peyğəmbərin (s) belə buyurduğunu eşitmişəm: "Din ləyaqətli insanların və əhlinin əlinə düşdüyü zaman din üçün ağlamayın, amma əhli olmayanların (Mərvana işarə edir) əlinə düşdükdə, ona ağlayın!"" ("Müstədrək", Hakim, c.4, səh. 515; "Müsnədi-Əhməd", c.5, səh. 422; Heysəmi, "Məcməuz-zəvaid", c.5, səh. 245; "Tarixu mədinəti Dəməşq", c.57, səh. 249.)
Əbu Əyyub Ənsari kimi dəyərli səhabə bilir ki, Allah Rəsulunun (s) qəbri kənarına gəlmək o həzrətin hüzuruna gəlmək kimidir. O, Peyğəmbərin (s) maddi aləmdəki həyatı ilə bərzəx aləmindəki həyatı arasında heç bir fərq qoymur və həmin səbəbdən, üzünü qəbrin üzərinə qoyur və o həzrətlə pıçıltı ilə danışır. Digər tərəfdən, Allah Rəsulu (s) və Əhli-beytin (ə) düşməni olan Mərvan dayanır və o, bu səhnəyə tab gətirə bilməyərək etiraz edir və Əbu Əyyubun tutarlı cavabı ilə üzləşir.
c) Allah Rəsulunun (s) qəbrinin bərəkəti
Əhli-sünnənin məşhur alimi Darəmi öz kitabının "Allahın Peyğəmbərə (s) vəfatından sonra verdiyi kəramətlər" bölməsində belə nəql edir: "Mədinədə şiddətli quraqlıq olmuş və camaat Ayişəyə şikayətlənərək çıxış yolu tapmasını istəmişdi. Ayişə dedi:
انظروا قبر النبى(صلى الله عليه وآله)، فاجعلوا منه کوىّ الى السماء حتّى لا يکون بينه و بين السماء سقف
"Peyğəmbərin (s) qəbri kənarına gedin və o həzrətin qəbrində dəlik açın, belə ki, qəbirlə asiman arasında heç bir maneə olmasın." Sonra gözləyin. Onun dediklərinə əməl etdilər və nəticədə o qədər yağış yağmağa başladı ki, bir müddətdən sonra səhralarda otlar cücərdi və dəvələr ot-ələf yeməklə kökəldi." ("Sünəni-Darəmi", c.1, səh. 43-44.)
Görəsən, Ayişənin söylədikləri yağışın yağması üçün Peyğəmbərə (s) təvəssül etməkdən başqa, digər bir şey idimi? Belə isə, Ayişəni də küfrdə ittiham etmək lazımdır.
4. Digər ilahi övliyalara təvəssül etmək
Əhli-sünnə mənbələrində Peyğəmbərdən (s) əlavə, digər ilahi övliyalara təvəssül edilməsi də nəql edilmişdir:
a) Peyğəmbərin (s) əmisinə təvəssül etmək
"Səhih Buxari"də Ənəsdən belə nəql edilmişdir:
"Mədinədə nə zaman qıtlıq olsaydı, Ömər ibn Xəttab Abbas ibn Əbdülmüttəlibə təvəssül edər və yağış yağmasını istəyərdi. O belə deyərdi:
أللّهم إنّا کنّا نتوسّل إليک بنبيّنا وإنّا نتوسّل إليک بعمّ نبيّنا فاسقن
"İlahi, biz Peyğəmbər (s) dövründə qıtlıq zamanı onun vasitəsi ilə sənə təvəssül edərdik və sən də bizə yağış yağdırardın, indi isə Peyğəmbərin (s) əmisi vasitəsilə sənə təvəssül edirik, belə isə bizə yağış göndər." Bunun ardınca yağış yağar və camaat ondan istifadə edərdi." ("Səhih Buxari", c.2, səh. 16; "Əbvabul-istisqa", c.4, səh. 209, "Mənaqibul-muhacirinə və fəzluhum" bölməsi.)
Görəsən, vəhhabilər onların hər ikisini (Ayişə və Öməri) küfürdə ittiham edirlərmi?
b) İmam Kazimin (ə) qəbrinə təvəssül etmək
Əhli-sünnənin tanınmış alimi Xətib Bağdadi belə yazır: "Əbu Əli Xilal (242-ci il) deyirdi:
ما همّنى أمر فقصدتُ قبر موسى بن جعفر فتوسّلتُ به إلاّ سهّل الله تعالى لي ما اُحبّ
"Mənim üçün çətinlik qarşıya çıxdıqda, Musa ibn Cəfərin qəbrini ziyarətə gedər və o həzrətə təvəssül edərdim. Beləcə, Allah-taala çətinliyimi mənim istədiyim kimi aradan qaldırırdı."" ("Bağdad tarixi", c.1, səh. 133.)
c) İmam Əli ibn Musa ər-Rzanın (ə) qəbrinə təvəssül etmək
Əhli-sünnənin tanınmış rical alimi İbn Həbban yazır: "İmam Rzanın qəbri Tus (indiki Məşhəd) şəhərində Harun ər-Rəşidin qəbri kənarında yerləşir və məşhur ziyarətgahlardandır. Mən dəfələrlə onu ziyarət etmişəm." Daha sonra belə əlavə edir: "Tusda məskunlaşdığım zamanlarda mənim üçün bir çətinlik qarşıya çıxsaydı, Əli ibn Musa ər-Rzanın (ə) qəbrini ziyarət edər və onun ziyarətinin bərəkətinə çətinliyimin aradan qaldırılmasını Allahdan istəyərdim. Tez bir zamanda istəyim qəbul olar və çətinliyim aradan qalxardı. Mən bu məsələni dəfələrlə təcrübədən keçirmişəm." Sonda isə belə yazır:
أماتنا الله على محبّة المصطفى وأهل بيته صلّى الله عليه وعليهم أجمعين
"Allah bizi Mustafa (s) və Əhli-beytinin (ə) (onlara Allahın salam və salavatı olsun) məhəbbəti ilə dünyadan aparsın."
d) Peyğəmbər (s) xanədanı nicat vasitəsidir
Şafei məzhəbinin başçısı Şafei öz şeirlərində Allah Rəsulunun (s) xanədanını nicat tapması üçün vəsilə hesab edərək belə yazır:
"Peyğəmbər (s) xanədanı mənim şəfaətçimdir. Onlar mənim Allaha yaxınlaşmaq vəsiləmdir. Ümid edirəm ki, qiyamət günü onlara xatir əməl dəftərim mənim sağ əlimə veriləcək."
Qeyd: Bu məqalənin ardı var...
Müəllif: Höccətül-İslam Səid Davudi
Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı