Təvəssül töhiddir, yoxsa şirk? (4.Peyğəmbərə (s) o həzrətin həyatda olduğu zamanda təvəssül etmək)
(Əhli-sünnənin tanınmış mənbələrindən istifadə etməklə vəhhabilərin təvəssül barədəki şübhələrinə cavab)
İlahi övliyalara, imamzadələrə təvəssül etməyin digər növlərindən biri insanın onlardan Allah dərgahında dua etmələri və bağışlanmaq diləyərək günahlarının əfv edilməsini istəməsidir. Bu cür hacətlər də xöşbəxtlikdən Quranda aşkarcasına bəyan edilmişdir:
a) Bəni-İsrail səhrada giriftar olduğu zaman, həzrət Musaya (ə) xitab olaraq dedi:
يَا مُوسَى لَنْ نَصْبِرَ عَلَى طَعَام وَاحِد فَادْعُ لَنَا رَبَّکَ يُخْرِجْ لَنَا مِمَّا تُنْبِتُ الاْرْضُ مِنْ بَقْلِهَا وَقِثَّائِهَا وَفُومِهَا وَعَدَسِهَا وَ بصلها
"Ey Musa, biz bir növ yeməyə heç cür dözməyəcəyik. Buna görə də, bizim barəmizdə öz Rəbbini çağır ki, bizim üçün yerin bitirdiyi şeylərdən – göyərti, xiyar, sarımsaq, mərci və soğan çıxarsın." ("Bəqərə" surəsi, ayə 61.)
Bəni-İsrail o həzrətdən Allah dərgahına dua edərək müxtəlif cür göyərti bitirməsini və beləliklə, onların çətinliyini aradan qaldırmasını istəyir. (O həzrət onlara əməllərinin şirkəqarışmış olduğunu söyləmədi, əksinə belə buyurdu: "Siz ən yaxşı yeməyin yerinə ən pisini seçirsinizmi?" Daha sonra sözlərinə belə davam etdi: "İndi ki, belə istəyirsiniz, çalışın bu biyabanda elə bir şəhərə daxil olasınız ki, orada sizin üçün hər bir şey olsun.")
b) Həzrət Yəqubun (ə) oğlanları öz səhvlərini başa düşdükləri zaman, o həzrətə xitab edərək dedilər:
يَا أَبَانَا اسْتَغْفِرْ لَنَا ذُنُوبَنَا إِنَّا کُنَّا خَاطِئِينَ
"Ey ata, bizim üçün günahlarımıza görə Allahdan bağışlanmaq dilə, həqiqətən, biz səhv etmişik."
Həzrət Yəqub (ə) onların istəyinə cavab olaraq buyurdu:
سَوْفَ أَسْتَغْفِرُ لَکُمْ رَبِّى إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيم
"Tezliklə sizin üçün öz Rəbbimdən bağışlanmaq istəyərəm (qoyun cümə axşamı olsun və ya Yusifə qovuşmaq günü gəlib çatsın). Şübhəsiz, o, çox bağışlayan və mehribandır." ("Yusif" surəsi, ayə 97-98.)
Beləliklə, günahkarlar ilahi övliyalardan, peyğəmbərlərdən Allah dərgahına onların günahlarının bağışlanması üçün dua etmələrini istəyə bilərlər.
c) Allah-taala günah edən fərdlərə deyir ki, əgər Allah Rəsulunun (s) yanına gedib günahlarının bağışlanmasını diləməkdən əlavə, o həzrətdən onlar üçün bağışlanmaq diləməsini istəsələr, Allah onları bağışlayar.
وَلَوْ أَنَّهُمْ إِذْ ظَّلَمُوا أَنفُسَهُمْ جَاءُوکَ فَاسْتَغْفَرُوا اللهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللهَ تَوَّاباً رَّحِيم
"Əgər onlar özlərinə (günah və itaətsizlik etməklə) zülm etdikdən sonra sənin yanına gəlib Allahdan bağışlanmaq istəsəydilər, sən onlara bağışlanmaq diləyərdin və Allahın tövbələri qəbul edən və mehriban olduğunu anlayardılar." ("Nisa" surəsi, ayə 64.)
Beləliklə, günahların bağışlanması yollarından biri, Allahın tövsiyə etdiyi kimi, Allah Rəsulundan onun üçün bağışlanmaq diləməsini istəməkdir. Həmin ayələr də bu qismdən olan təvəssülə aşkarcasına dəlalət edir. Peyğəmbərə (s) həyatda olduğu zaman təvəssül etməklə aydın olur ki, Quranda ilahi övliyalara maddi və mənəvi çətinliklərin aradan qaldırılması üçün təvəssül etməyə icazə verilmiş və ona təşviq olunmuşdur. İndi diqqət yetirməliyik ki, görəsən, Peyğəmbər (s) həyatda olduğu zaman o həzrətə təvəssül edilirdimi? Görəsən, o həzrət camaatın istəyinə müsbət cavab verirdimi?
Rəvayətlərdə o həzrətə çoxlu sayda təvəssül edilməsi nəql edilmişdir. Biz əhli-sünnə mənbələrindən onların iki nümunəsinə işarə edirik:
1. Kor bir kişinin Allahın Rəsuluna (s) təvəssül etməsi.
Tirmizi özünün "Sünən" kitabında Osman ibn Hüneyfdən nəql edir ki, kor bir kişi Allah Rəsulunun (s) yanına gəlib dedi:
اُدع الله أن يعافينى
"Ey Allahın Rəsulu (s), Allahdan mənə şəfa verməsini diləyin!"
Həzrət buyurdu:
إن شئتَ دعوتُ، و إن شئتَ صبرتَ فهو خير لک
"Əgər istəyirsənsə, sənə dua edərəm, amma səbr eləsən, bu, sənin üçün daha yaxşıdır."
Həmin şəxs dedi: "Sizin dua etməyinizi istəyirəm."
Allahın Rəsulu (s) ona kamil və yaxşı şəkildə dəstəmaz almasını və sonra bu duanı oxumasını göstəriş verdi:
أللّهم إنّى أسألک وأتوجّه إليک بنبيّک محمّد نبىّ الرّحمة؛ يا محمّد! إنّى توجّهت بک إلى ربّي في حاجتي هذه لتقضى لي، أللّهم فشفّعه فىّ
"İlahi! Mən sənə rəhmət peyğəmbəri Məhəmmədin (s) vasitəsi ilə üz tutur və səndən istəyirəm. Ey Məhəmməd (s)! Mən sənin vasitənlə hacətimi yerinə yetirməsi üçün Allaha üz tutmuşam. Belə isə, İlahi, hacətimin yerinə yetməsi üçün onu mənə şəfaətçi elə!" ("Sünəni-Tirmizi", c.5, səh. 229, hədis 3649 (Tirmizi bu hədisi nəql etdikdən sonra belə deyir: "Haza hədisun husnu səhih."); "Sünəni-İbn Macə", c.1, səh. 441, hədis 1385 (İbn Macənin nəqlinə uyğun olaraq, Peyğəmbər (s) ona buyurdu: "Dəstəmaz al, iki rükət namaz qıl və sonra bu duanı oxu!" İbn Macə bu hədisi Əbu İshaqdan belə nəql edir: "Haza hədisun səhihun.")
Hakim Nişaburi də bu hədisi nəql etdikdən sonra aşkarcasına bildirir ki, həmin hədis Buxari və Müslimin şərtlərinə əsasən, (özləri bu hədisi nəql etməsələr belə) səhih hədisdir. (Hakim, "Mustədrək", c.1, səh. 313.) "Müsnədi Əhməd"də nəql edilənlərə uyğun olaraq həmin kişi Peyğəmbərin (s) göstərişlərinə əməl etdi və şəfa tapdı. ("Müsnədi-Əhməd", c.4, səh. 138.)
2. Quraqlığın aradan qaldırılması üçün dua.
"Səhih Buxari"də Ənəs ibn Malikdən (Allah Rəsulunun (s) məşhur səhabəsi) nəql edilib ki, illərin birində Mədinədə qıtlıq və quraqlıq olmuşdu. Peyğəmbər (s) cümə namazının xütbəsini oxumaqla məşğul olduğu zaman, bir ərəb ayağa qalxıb dedi:
يا رسول الله هلک المال وجاع العيال، فَادْعُ الله لن
"Ey Allahın Rəsulu (s), bizim mallarımız tələf olmuş, ailəmiz isə acdır. Bizim üçün Allaha dua edin!"
Allahın Rəsulu (s) mübarək əllərini göyə qaldırdı, həmin zaman səmada buluddan bir əsər-əlamət yox idi. Canım ixtiyarında olan Allaha and olsun, əllərini hələ yerə endirməmişdi ki, buludlar dağlar kimi zahir oldu və o həzrət minbərdən yerə düşməmiş yağış yağmağa başladı və onun damlaları o həzrətin mübarək saqqalından axmağa başladı. Yağışın yağması o biri günlərdə də (bir həftəyə qədər) davam etdi. Sonrakı cümə günü o həzrətdən yağışın kəsməsi üçün dua etməsini istədilər. ("Səhih Buxari", c.1, səh. 224, "Kitabul-cumə", bu macəra "Səhih Müslim"də azacıq fərqlə nəql edilmişdir, c.3, səh. 24-25.)
Görəsən, ərəb olan həmin şəxs ey Allahın Rəsulu (s) deməsi və o həzrətdən dua etməsini istəməsi ilə kafir və qanı da (öldürülməsi də) halal oldumu?!
Qeyd: Bu məqalənin ardı var...
Müəllif: Höccətül-İslam Səid Davudi
Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı