Pis söz danışmaq və söyüş söymək
dilin bəlalarından sayılır. Bu rəftar
nəticəsində insan dünya və axirətdə
heysiyyətini əldən verir. Pis söz
danışmaq din qardaşlığına ləkə vurur
və müsəlmanlar arasında nifaq salır.
Söyüş söymək öz-özlüyündə çox
çirkin bir əməldir. İnsan həyatını
qaraldan əməllərdəndir. Əgər insan
bu rəftarına diqqət edərsə, dünya
həqiqətlərini görən gözü düz yolu
seçə biləcəkdir.
Hətta Qurani Kərim düşmənlərə belə pis söz
deməyi bəyənmir. "Kafirlərin Allahın əvəzinə
çağırdıqlarını (bütlər və cinləri) söyməyin ki, onlar
da ədavət və nadanlıq üzündən Allahı söyərlər” .
("Ənam” 108).
Quran biz müsəlmanlara öyrədir ki, hər kəsə
ehtiram etməyi bacaraq. Hətta bütpərəsətlərə
belə. Hər bir kəsin hörmət etdiyi bir şeyə söyüş
söyməyi kəskin şəkildə qadağan edir. Ancaq bu, o
mənanı vermir ki, əgər bir insan bütpərəstirsə, bir
bütə ehtiram edirsə, biz də ona ehtiram
bəsləməliyik. Xeyr. Sadəcə olaraq onun hörmət
etdiyi bu bütə, ona görə söyüş söyməməliyik.
Çünki Quran ayələrindən belə bir nəticə çıxır ki,
əgər siz onların məbuduna söyüş söysəniz, onlar
da sizin məbudunuza söyüş söyəcəklər. Yəni, Allah
bizə bəyan edir ki, söyüşü kənara qoyun.
İmam Əli (ə) Siffeyndə olan zaman görür ki,
səhabələri şamlılara söyüş söyür və o Həzrət (ə)
bu işdən çox narahat olur. Öz səhabələrinə
buyurur: "Mənim xoşum gəlmir ki, siz söyüş
söyəsiniz. Ancaq əgər rəftarlarını yadlarına
salsaydınız, onların nalayiq əməllərini
xatırlatsaydınız, həqiqətə daha yaxın olardı. (Siz
gərək söyüşün yerinə) onlara deyəydiniz ki:
Allahım! Bizim və onların qanını hifz et! Bizimlə
onların arasını islah et! Onları yanlış yoldan düz
yola hidayət et! Onlar ki, cahildirlər, haqqı
tanısınlar. Onlar ki, Haqla düşmənçilik edirlər,
onları geri qaytar”.
Bir gün xəvariclərdən biri İmama (ə) işarə edib,
deyir: "Allah bu kafiri öldürsün, nə qədər bilikli və
fəqihdir?”. Səhabələri yerindən qalxdılar ki, onu
öldürsünlər, İmam (ə) buyurdu: Aram və sakit
olun! Söyüşün cavabı söyüşdür, yoxsa günahına
görə güzəşt etməkdir?”.
Hədislərdə oxuyuruq: "Allah behişti hər söyüş
söyənə və həyasıza haram etmişdir”.
Həzrət Peyğəmbər (s) buyurur: "Ən pis insanlar o
kəslərdir ki, söyüş söydüklərinə görə Allah onlarla
oturub-durmağı məkruh hesab etmişdir”.
Söyüşün ziyanları
Söyüş söyməyin bir çox ziyanları vardır ki, o
cümlədən ibarətdir: Allahın narazı olması, İlahi
əzaba düçar olmaq, nifaqa səbəb olar, ailədə və
cəmiyyətdə çaxnaşma salar, özünü başqası
tərəfindən söyülməyə məruz edir. Bir insan
başqasına söyərsə, həmin insan da onun bütün
müqəddəs saydığı kəslərə söyər və abrını aparar.
Söyüş əhli həmişə cahil insanlarla oturub-
durarlar. Çünki saleh insanlar onlarla oturub-
durmaq istəməzlər. Söyüş söyən insanın həmişə
cəmiyyətdə abrı gedər və ona heç kəs hörmət
qoymaz. Ona görə də bu əxlaqi rəzil sifətdən uzaq
olaq və dilimizə nəzarət etməyi bacaraq