Xəbərdarlıq
Əxlaqsızlığı pis və acı dillik və nalayiq sözlər danışmaqla qarışdırmamalıyıq. Qeyd olunan məsələ nəinki söyüş söyməyin, həm də əxlaqsızlığın cəzasıdır. Pis danışmaq, söyüş söymək bəyənilməyib, xoşagəlməz sifətlərdəndir. Bu iş bir müsəlmandan hətta öz düşmənləri qarşısında belə gözlənilməməlidir. Əmirəl-Mö`minin (əleyhissalam) "Siffeyn” döyüşündə səhabələrindən bir dəstəsini düşmənə acı söz dediyini gördükdə buyurdu:
"Sizin nalayiq söyən və pis danışan olmağınızı xoşlamıram.”
Müsəlman gərək düşmənlərini də yaxşı dua etsin və Allahdan onların hidayət olunmalarını diləsin.
Acı dilliyə aid bir hekayə
İmam Sadiq (əleyhissalam)-dan bir hədisdə oxuyuruq ki, bir gün həzrətin dostlarından biri İmamla birgə yol gedirmiş. O geriyə qalmış nökərini səsləyir, amma nökər cavab vermir, ikinci dəfə də onu çağırır, lakin bir cavab eşitmir, üçüncü dəfə yenə onu səsləyir, amma nökərdən cavab gəlmədikdə onu bu sözlərlə söyüb deyir ki, ey haramzadə, səni çağırıram!
İmam Sadiq əleyhissəlam bu nalayiq sözü eşitcək dayanır, əlini belinə qoyub buyurur: "Nə dedin”? Yoldaşı cavab verir: "Yəbnə Rəsulullah, mən ki, sadəcə ona "vələdəzina” dedim, çünki onun ata-anası müsəlman deyil, Hindistan əhlindəndir.
Həzrət buyurur: Mənim onun ata-anası ilə işim yoxdur, nə üçün söyüş söyürsən?”
Sonra o həzrət sözünə davam edərək buyurur: Bundan sonra mənimlə yoldaşlıq etməyə haqqın yoxdur.
Deyirlər, nə qədər ki, İmam Sadiq (əleyhissalam) sağ idi, nə o səhabəni hüzuruna qəbul edirdi, nə də onunla yola çıxırdı.
Digər bir hədis
Başqa bir hədisdə gəlmişdir ki, bir gün yəhudilər İslam peyğəmbərinə (səlləllahu əleyhi və alih) acı, nalayiq sözlər demək üçün hiylə qururlar. Bir-bir həzrətin hüzuruna daxil olub ona salam əvəzi olaraq belə deyirlər: "Əssamu əleykum”. Yə`ni sizin üçün ölüm diləyirik. Həzrət isə mətanətlə onların cavabında təkcə "ələykum” (yə`ni sizə olsun) buyurur.
Ayişə yəhudilərin bu ədəbsizliyindən əsəbiləşib onları söyməyə başlayır, "ölüm olsun sizə, ey donuz və meymun balaları!”-deyir.
Amma, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) Ayişəni söyüş söyməkdən saxlayıb, buyurur:
"Əgər söyüş söyməyin həqiqəti təcəssüm etsə (cism surətinə düşsə) onlar ən çirkin surətlərə malik olarlar.”
Nəticə
Yuxarıdakı hədislərdən belə nəticə alırıq ki, müsəlmanlar ədəbli, mə`rifətli olub dillərini nalayiq və boş-boş danışıqdan, eləcə də söyüş söyməkdən saxlamalıdırlar.
Əgər qadın müqəssir olarsa, onun təqsiri sizin nalayiq, bihudə danışmağınıza dəlil olmamalıdır. Sizin haqqınız aradan getmiş olarsa, həyat yoldaşınızı, yaxud başqa bir kəsi söyməyə haqqınız yoxdur, əks halda qəbir əzabına düçar olacaq, qiyamət günü söydüyünüz söyüşlərə layiq, müvafiq sifətlərlə məhşur olacaqsınız.
İkinci məsələ: Uşaqlara olan tə'sir
Diqqət edilməli ikinci məsələ uşaqların ata-ananın rəftar, əməl və sözlərindən tə`sirlənməsidir. Bu əsasa görə gərək valideynlər nalayiq, boş-boş sözlər işlətməkdən çəkinsinlər. Ev mühitində, övladların gözü qarşısında baş verən bütün hadisələr, onların beyninə yazılaraq rəftarlarında mütləq öz əksini tapacaqdır. Bu barədə hədislərdən oxuyuruq: "Uşaq olan otaqda qadın və kişi yaxınlıq etməməlidir. Çünki övladlar ata-ananın hərəkətindən birbaşa tə`sirlənirlər.”
İbrətamiz hekayət
Bə`ziləri deyir ki, qadın əri ilə ixtilafa düşən zaman, uşaqlarını anası evinə aparır ki, ata-anasının soyuq münasibət və ixtilaflarını görüb ondan pis tə`sirlənməsinlər.
İnsafən bu yaxşı əməldir. Ailə mühitinin bir saat soyuqluğu belə övladın şəxsiyyətinin yaranmasına mənfi tə`sir göstərir.
Kitabın adı: Ailə səadətinə necə nail olaq?
Müəllif: Ayətullah Hüseyn Məzahiri