Qızlar ərə getdikdən sonra ərinin ixtiyarında və təbbi olaraq onların istəklərinə tabe olduqlarına görə Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) onları ər evində əsir adlandırır. Buna əsasən, ərin təqvası və dindarlığı qadının xoşbəxt olmasının ilkin və əsas şərtidir. Bu şərtin mövcudluğu ərinə hər növ əzab-əziyyət yetirməsinin qarşısını alır, onun hüquqlarına hörmət qoymasına səbəb olur. İmam Baqir (əleyhissalam)-ın səhabələrindən olan Əliyyibni Əsbat, Həzrətin hüzuruna gəlib qızını ərə vermək barədə vəzifəsinin nədən ibarət olduğunu soruşdu, Həzrət buyurdu: "Mən sənin məqsədini başa düşdüm, ey Əliyyibni Əsbat. Sən heç vaxt özün kimi kürəkən tapa bilməzsən.
Bu barədə çox ciddi olma, Allahın rəhməti sənə olsun. Çünki cəddim Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur ki, əgər elçiliyə gələn şəxs dindar və əxlaqlı olsa, qızınızı ona verin.”
İmam (əleyhissalam) bu hədisdə təqva və dindarlığı kürəkən seçməyin əsas şərti bilir. Başqa hədisdə buyurlur ki, bir kəs İmam Müctəba (əleyhissalam)-ın hüzuruna gəlib qızını ərə vermək barəsində Həzrətlə məşvərət etdi. Həzrət buyurdu: "Qızını təqvalı və Allahdan qorxan bir kəsə ərə ver. Çünki əgər o, qızını sevərsə, onun ehtiramını saxlayar, yox əgər sevməzsə, ona zülm etməz.” İmam Baqir (əleyhissalam) buyurur: "Bir kəs sizin qızınızın elçiliyinə gəlsə və siz onun dinini, əmanətdarlığını bəyənsəniz, onda hər kəs olursa olsun, qızınızı ona verin.” Bu və bunun kimi digər hədislər, ərin dindarlığı və təqvasını onun layiqliliyinin əsas şərti bilir və bu kimi şəxslərlə evlənib ailə qurmağı maneəsiz bildirir.
Dilin paklığı
Dilin yabançı və nalayiq sözlərdən təmiz olması imanın əsəri və kişiliyin həqiqətinin göstəricisidir. Habelə kişinin imtiyazlarından biri sayılır. Təqvalı və həqiqət görən bir şəxs heç vaxt ağzını söyüşlə, nalayiq sözlərlə aludə eləmir. Əgər müəyyən bir mətləbi bəyan edirsə, səhih məntiqlə, aydın dəlillərlə izhar edir. Əsas etibarı ilə söyüş və nalayiq sözlər şəxsin acizliyini, bacarıqsızlığını və məntiqsizliyini göstərir. Buna görə də bizim dini rəhbərlərimiz özləri bu qeyri-səhih yoldan uzaq olmaqla yanaşı, öz ardıcıllarını da bu işdən çəkindirmişlər.
Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:
"Dil vəhşi və yırtıcı heyvan kimidir, əgər onu azad buraxsan, ilan və əqrəb kimi sancar.”
Həzrətin nəzərində: "Dil nizədən də iti və kəsicidir.”
"Siffeyn” müharibəsində Əli (əleyhissalam)-ın qoşunu fəsad başçısına–Müaviyəyə qarşı nalayiq sözlər və söyüşlər yağdırmaq istədikləri vaxt həzrət öz əsgərlərini bu işdən çəkindirib buyurdu:
"Mən layiq görmürəm ki, siz onları söyəsiniz; əgər məntiqi dəlillərlə onların əməllərinin nəticəsini onlara anlatsanız, daha yaxşı, münasib və hədəfə daha yaxındır.”
Allah-taala buyurur:
"Ey iman gətirənlər, hətta bütpərətstlərə qarşı belə söyüş söyməkdən, nalayiq sözlər danışmaqdan uzaq olun, çünki əgər siz onların bütlərini söysəniz, onlar da anlamamazlıq üzündən sizin Allahınızı söyərlər.”
İmam Baqir (əleyhissalam) buyurur:
"Allah taala ağzı pis və nalayiq sözlərlə dolu olan (adət edən) şəxsləri düşmən tutur.”
Bunlar islami göstərişlərin nümunələrindəndir ki, ictimai hüquq, mədəniyyətin paklığı üçün bəyan olunmuşdur. İslam ardıcılları hətta öz düşmənləri ilə son dərəcə ali məntiqlə danışığa başlayıb hər növ xoşagəlməz və nalayiq sözlər danışmaqdan uzaq olmalıdırlar. Onlar hətta kafir və ya Müaviyə kimi münafiq olsalar belə. Çünki islam mədəniyyətində söyüş və nalayiq danışmağa hətta səbəbi də olsa belə, icazə verilməmişdir. Belə ki, Qurani məcid bu qanunun səbəblərindən birini bəyan edərək buyurur ki, söyüş söymək qarşı tərəfin cürətlənərək söyüş söyməsinə səbəb olur və beləliklə də ictimai mədəniyyətdə ədəbsizlik, söyüş söymək yayılır, dava-dalaş artır, qan tökülür. Buna görə də islam dini göstəriş verir ki, bir-birinizə qarşı söyüş söymək əvəzinə, məhəbbət və səmimiyyət göstərin, gözəl sözlərlə bir-birinizlə danışın.
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:
"İnsanın bütün gözəllikləri və məziyyətləri onun dilində, danışığında gizlənmişdir. Əgər yaxşı danışsan, deməli yaxşı adamsan; yox əgər pis, çirkin və nalayiq sözlər danışsan, onda sənin dəyərin həmin sözlər qədərində olacaqdır.”
Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:
"”Gözəl danışın, ta ki gözəl cavab eşidəsiniz.”
Bir tərəfdən söyüş söymək, nalayiq danışmaq hər yerdə və hər kəs üçün bəyənilməz işdir, digər tərəfdən isə onun günahı və zərəri ailənin səfa-səmimiyyətinə, eşq-məhəbbətlə dolu mərkəzinə həddindən artıq mənfi təsir qoyur. Əgər kişi ağzını söyüşlə açarsa, şübhəsiz ki, həyat yoldaşının incə qəlbini sındıracaq, dava-dalaş və nifaq toxumunu səpəcəkdir. Onun nəticəsi də ailə üzvləri arasında sui-zənn, yersiz həyəcanların yaramasına və xülasə ailəyə mənəvi zərbə dəyməsinə səbəb olacaqdır. Bundan əlavə, bu kimi bədrəftarlıqlar və söyüş axirətdə də əsər qoyur və ilahi əzaba səbəb olur.
Belə ki, Allah-taala buyurur:
"O kişilər ki, öz qadınlarına və ya sair kəslərə nalayiq sözlər deyirlər, öz iddiaları üçün 4 nəfər adil şəxs şahid gətirməlidirlər, gətirə bilməsələr, tənbeh olunmaları üçün onlara 80 şallaq vurulmalı və ictimaiyyətdə etdikləri şahidliklər qəbul olunmamalıdır. Çünki artıq o, fasiq olmuş və insani dəyərlərini itirmişdir.”
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) bir hdisdə buyurur:
"Əgər bir kəs öz arvadını zina ilə müttəhim edərsə, ona asimandan Allahın və mələklərin lənəti nazil olar, əməllərindən heç biri qəbul olmaz.”
Həzrət başqa bir hədisdə buyurur:
"Ey camaat, öz qadınlarınızı zina ilə müttəhim etməyin, çünki bu iş onlara təlaq verməyinizə oxşayır. Bilin ki, bu cür nalayiq əməllər insanın bir illik ibadətinin bada getməsinə səbəb olur.”
Bəli, kəbirə günahların əksəriyyəti dil vasitəsi ilə görülür. Ailədə dilin pis və nalayiq sözlərdən qorunması, danışığın gözəlləşdirilməsi həyat yoldaşının məhəbbətini cəlb etməkdə və övladların düzgün tərbiyə edilməsində son dərəcə təsirlidir. Müqəddəs islam dini kişinin danışığının gözəl olmasını onun gözəl imtiyaz və xüsusiyyətlərindən biri kimi qiymətləndirir.
Kitabın adı: İslamda evlənmə və ailə hüququ - 2