Allah-taala, Quranda bu mövzunu bizə aydınlaşdırır ki, hansı müəllimlə dərs oxuyaq və kimin dərsində oturaq. Buyurur:
"İnsan hələ bir yeməyinə baxsın! Həqiqətən, biz yağışı bol yağdırdıq. Sonra yeri yaratdıq. Belə ki, orada dən göyərtdik.”(Əbəsə surəsi-24 )
Ayənin zahiri mənası, insanın yeməkləri barəsindədir. Çünki, yağış yağması, yerin yarılıb dən bitməsi və bitkilərdən söz açılıb. Lakin, vəhyə alim olan İmamlarımız (əleyhissalam) bunları insanın ruhi və mənəvi qidalarına yozurlar. Mərhum Feyz Kaşani "Safi"təfsirində belə yazır: "İmam Baqir (əleyhissalam)-dan bu ayədə "qida və təam”ın mənasının nə olduğu soruşulur. Həzrət cavabında buyurur:
Məqsəd elmdir. İnsan bilməlidir ki, elmi kimdən və hansı müəllimdən alır?"
Həmin yerdə, Feyz Kaşani yazır: Təam iki qismdir: Cismani və ruhani. Çünki, insan cism və ruhdan tərkib tapmışdır. Cismani qidalara ehtiyacı olduğuna görə ona lazımdır fikirləşsin ki, yağış necə yağır, yer yarılır, toxumlar göyərir və çətinliklə yerdən çıxırlar. Həmçinin, insan özünün ruhi qidası barəsində də fikirləşməlidir. Elm və bilik, vəhy şəklində
Peyğəmbər (səllləllahu əleyhi və alehi və səlləm)-in müqəddəs qəlbinə necə nazil olur?
Tərbiyə olunmaq istedadı olan ruhlar bu vəhy yağışından istifadə edirlər. Bu qidadan məqsəd budur ki, öz elm və biliyinizi Əhli Beyt (əleyhimussalam) yolu ilə ələ gətirin.
Aydındır ki, sağlam olmayan qida insanın cisminə pis təsir qoyub, onu ölüm həddinə qədər çatdırdığı kimi eşidilən və görülənlər də insanın ruhuna birbaşa təsir qoyur. O həddə qədər ki, onu inhirafa çəkib insanın səadət və xoşbəxtliyini viran edir. Onun dünya və axirətini dağıdır. Biz bu mövzuda, keçmiş bəhslərimizdə qulaq və göz barəsində bəhs etmişik.
İmam Baqir (ə)-ın nəzərində müəllimin haqqı
İmam Baqir (əleyhissalam) buyurur:
"Alim və müəllimin hüzurunda oturarkən, özün danışmağın əvəzinə ondan mətləbi eşitməyə daha çox meyl et. Yaxşı qulaq asmağı öyrən. Necə ki, yaxşı söz danışmağı da öyrənməlisən. Söz danışarkən kimsənin sözünü kəsmə!”(Əl-həyat, cild.2, səh.273 )
Ümumiyyətlə, kiminsə danışarkən sözünü kəsmək, ədəbsizlik və məzəmmət olunmuş haldır. Xüsusilə, əgər danışan müəllimdirsə, şagird səbr etməlidir ki, müəllim danışıb qurtarsın, sonra danışsın. Əgər başa düşmədiyi mətləb varsa, bu vaxt soruşa bilər.
Bu hədisdə İmam Baqir (əleyhissalam), İmam Səccad (əleyhissalam)-ın işarə etdiyi müəllim hüququna toxunmuşdur. O da yaxşı qulaq asmaq və müəllimin sözünü yarıda kəsməməkdir.
Həzrət Əli (ə)-ın nəzərində müəllimin haqqı
İmam Sadiq (əleyhissalam) buyurur ki, Həzrəti Əli (əleyhissalam) buyurur:
"Müəllimin və ustadın hüquqlarından biri də budur ki, ondan çox sual etməyəsən. Libasından tutmayasan. Onun yanına gələrkən və onun yanında başqa bir dəstə oturarkən, hamıya salam söylə və müəlliminə qarşı xüsusi salam və ehtiram göstər. Onunla üzbəüz oturub ədəb dizlərini yerə vur. Onun arxa tərəfində oturma və gözünlə ustadın dediyinin xilafına bir şeyi işarə etmə. Onun hüzurunda çox oturmaqla müəllimini yorma. Həqiqətən, alim, meyvə verən ağaca oxşayır. İntizarda olmaq da lazımdır ki, ağacdan meyvə düşsün. Müəllimin ağzına göz dikmək lazımdır ki, elm meyvələri nə vaxt insana tərəf töküləcək? Həzrəti Əli (əleyhissalam) bu hədisdə, İmam Səccad (əleyhissalam)-ın buyurduğu mətləblərə işarə etmişdir.
İndi elə bir müəllim və şagirdə işarə edək ki, özü Allahın "Ulul-Əzm" peyğəmbərlərindən olub. Görək bu şagird, müəlliminin müqabilində hansı ədəbə riayət edir, sorğu-sual və elm öyrənməklə, bizlərə bilik öyrənmək yolunu necə öyrədir?
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi