Ölkənin və əhalinin gündəlik işlərindən xəbərdar olmaq
Adil hakimin xüsusiyyətlərindən biri də ölkənin işlərinə agah olub, cəmiyyətdə baş verənləri bilməkdir. O cümlədən, əhalinin giriftarçılığını, çatışmamazlıqlarını və onların aradan qaldırılması yollarını bilmək lazımdır. Həzrəti Əli (əleyhissalam) bu mövzuda Malik Əştərə buyurur:
"Ey Malik! Rəiyyətlə özün arasında uzun pərdə çəkmə. Əhalinin işləri səndən gizlində qalmasın. Çünki, hakimlərin rəiyyətdən xəbərsizliyi və onların işlərinə göz yummaları, hakimin gündəlik işlərindəki nöqsanıdır. Əgər əhalinin işləri hakimə gizlin qalsa və bir-birlərindən xəbərdar olmasalar, sözsüz ki, hakim, bilməyi lazım olan işlərdən məhrum qalacaqdır. Bu da səbəb olar ki, kiçik mövzular hakimin nəzərində böyük, böyük məsələlər isə ona kiçik görünsün. Yaxşı əməl sahibinin işi qəbih, qəbih iş görən isə yaxşı şəxs kimi tanınar. Həmçinin, haqqla batil qatışıb biri digərinə oxşayar.”
Həzrət bu sözləri ilə hakimin əhali ilə sıx rabitədə olmaqına işarə edir. Hakim, cəmiyyətin bütün işlərinə alim və ölkədə baş verən hadisələrə tanış olmalıdır. Bu da hakim dairənin müvəffəqiyyətlərindən sayılır.
Bura kimi ayə və rəvayətlərdə ədalətli hakimin xüsusiyyətlərindən bəhs etmişik. İndi də cəmiyyətdə zalim və sitəmkar hakimin roluna nəzər salaq.
Tüğyangər və zalim hakimlər
Qeyd etdik ki, Allah-taala Qurani-Kərimdə iki növ hakimə işarə edir: Adil hakimlər və nurlu rəhbərlər; Zalim hakimlər. Tüğyangər hakimləri, Quran belə bəyan edir:
"Biz onları (dünyada insanları) Cəhənnəm oduna (küfrə, şirkə) çağıran rəhbərlər etdik. Qiyamət günü onlara (Allahın əzabından qurtarmaq üçün) heç bir kömək edilməyəcəkdir!”(Qəsəs surəsi- 41 )
Burada qarşıya çıxan sual budur ki, peyğəmbərlərin dəvətləri insanları xeyir və səadətə dəvət etmələri olan halda, Allah-taala batil rəhbərləri necə qərar verir? Sualın cavabında demək lazımdır ki: Zalim rəhbər olmaları əslində, onların öz əməllərinin nəticəsidir. Bilirik ki, hər bir səbəbin təsiri Allahın izni ilədir. Onlar elə bir yol qarşıya alıblar ki, azğın rəhbərliklə nəticələnir. Bunun da dəlili odur ki, onlar cəhənnəmliklərin başçısıdır. Dünyada yollarını azmışların başçıları olduqları kimi Cəhənnəmdə də cəhənnəmliklərin başçısı olacaqlar. Ona görə də dünya və axirətdə Allahın lənətində qərar tutublar. Həmin ayənin ardınca Allah-taala buyurur:
"Bu dünyada onlara lənət damğası vurduq. (Hamı onlara lənət oxuyar.) Qiyamət günü isə onlar çirkin, iyrənc (və Allahın rəhmətindən kənar edilmiş) kimsələr olacaqlar.”(Qəsəs surəsi- 42 )
Allahın lənəti, yəni, Onun rəhmətindən uzaq olmaq. Mələklərin və möminlərin lənəti isə onlara nifrinlə birlikdədir.
İlahi rəhbərlər düzgün yola dəvət edirlər. Lakin, zalim hakimlər cəhənnəm atəşinə və yolsuzluğa dəvət edirlər.
Yenə də bu iki dəstənin xüsusiyyətlərindən, İmam Sadiq (əleyhissalam)-dan nəql olunan hədisdə gəlib: Həzrət buyurur:
"Adil hakimlər, Allahın əmrini xalqın və özlərinin əmrlərinə üstün və müqəddəm bilirlər. Onun hökmünü ən üstün hökm bilirlər. Halbuki, zalim hakimlər öz hökmlərini Allahın hökmünə üstün bilib, özlərinin əmrlərini Onun əmrindən əvvəl sayırlar.”(Təfsiri Nümunə, cild.16, səh.92 )
Dünyada hər bir rəhbər, bir cəmiyyəti öz arxasınca apardığı kimi, bu kiçik dünyanın böyük təcəssümü sayılan axirətdə də belə olacaqdır. Buşr ibni Ğalib, İmam Sadiq (əleyhissalam)-dan belə nəql edir:Həzrətdən "O gün bütün insanları öz rəhbərləri ilə çağıracağıq."- ayəsinin şərhini soruşdum. Həzrət buyurdu:
Bir hakim düzgün yola dəvət edir, bir dəstə də ona cavab verirlər. Başqa bir rəhbər zəlalətə çağırır, bir dəstə də ona cavab verib çağırışına gedirlər. Birincilər behiştdə, ikincilər isə cəhənnəmdədirlər. Budur Allahın dediyi sözlərin mənası: Bir dəstə cənnətdə və bir dəstə cəhənnəmdədir!”(Təfsiri "Nurus-Səqəleyn”, cild.3, səh.192 )
İmam Sadiq (əleyhissalam) buyurur:
"Həqiqətən, zalim və sitəmkar hakimin himayəsində, haqq köhnələr, batil təzələnər. Zülm, fəsad və təcavüz aşkar olub hər yeri tutar.”(Əl-həyat, cild.2, səh.405 )
İslam Peyğəmbəri(səllləllahu əleyhi və alehi və səlləm) buyurur:
"Hər bir şeydən ötrü bəla vardır. İslam dinin də bəlası, fasid və tüğyangər hakimlərin hakimiyyətidir!”(Nəhcül-Fəsahə )
İmam Baqir (əleyhissalam) buyurur:
"Üç nəfər var ki, cəmiyyətdə və insanlar arasında ehtiramı yoxdur:
Birinci: O kəs ki, bidət qoymaq niyyətində olar.
İkinci: Zalim hakim.
Üçüncü: Öz fasiqliyini aşkar edən fasiq.”
Yuxarıdakı bəyanlardan, tüğyangər hakimin, haqqı aradan aparıb, batil və fəsadı canlandırmaqdakı rolu məlum olur.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi