Namazın fərdi xüsusiyyətlərindən biri budur ki, gün ərzində özünü beş dəfə Allah dərgahında hiss edən insanın ruhi qüvvəsini, əzmini və qərarını möhkəmləndirir. Nəticədə, müşkülatlar müqabilində dağ kimi dayanır.
Namazın, şəxsdə başqa bir təsiri də budur ki, insan, özünü maddiyyat aləmindən ayırıb, İlahi səfərə çıxdığına görə qəlbi dünya aləminin kin-küdurətindən təmizlənir və aramlıq mərhələsinə yetişir. Nəql olunur ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) nə vaxt qarşıya çıxan hadisələrin təsirindən qəmgin olsaydı, namazın pənahına gedər və çoxlu namaz qılardı. Çünki, namaz, Allahla görüş halıdır. Allahın görüşünə tələsdiyinə görə dərd və qəm ondan ayrılırdı. Həzrət buyurur:
"Sizlərdən hər kim namaza dursa, Allahla münacat halətində olar və bütün diqqəti Allahadır. Bilir ki, Onunla özü arasında heç bir fasilə yoxdur. Dualarını eşidir və nidasına cavab verir. Duasını qəbul edir.(Qapançının "Risalətul-hüquq” kitabının şərhi, cild. 1, səh. 282 )
Namazın şəxsə başqa təsirlərindən biri də mal, məqam və dünyanın enişli-yoxuşlu həyatı üzündən insanda olan təkəbbür və qüruru aradan aparır. Bu da insandan ötrü, çalışdığı kamal nöqtəsidir.
İmam Xomeyni (Allah ona rəhmət eləsin) namazda qiyam, ruku və səcdələrin sirri barəsində buyurur:
"Namaz, möminin kamal meracı, təqva əhlinin Allaha yaxın olmaq vasitəsi olduğuna görə biri digərinə müqəddimə olan iki işin möhkəmləndiricisidir. Birinci: Təqvanın həqiqəti sayılan, təkəbbür və özünü böyük sanmaqlıq halətini tərk etmək; İkinci: Merac və Allaha yaxınlaşmağın həqiqəti sayılan, "Allahı sevmək" və "haqq tələblik" halətidir. Ona görə də rəvayətdə var:
"Namaz, hər bir təqvalı insanın Allaha yaxın olmasının amilidir.”
Qiyam, ruku və səcdə məqamları ilə iki halət hasil olur. "Qiyam" halətində, Haqqın hər işdə əsas və mütləq qüdrətli olduğunu bilərək, "özünü sevməklik" haləti tərk olunur. "Səcdə"də isə "özünü öymək" haləti tərk olunur. Mütləq şəkildə Allahsevər və Allahtələblik haləti vücuda gəlir. Bütün alimlərin məqamları bu üç halətdən ələ gəlir.(Adabi namaz, səh. 350 )
Namazın fərdi təsirlərindən biri də insanın özünü islah etməsinə can atması və ən ali şəkildə əxlaqi fəzilətləri ələ gətirməsinə çalışmasıdır. İnsan, öz qəlbini rəzilət tikanlarından islah edir. Ona görə də Qurani-Kərim, doğru möminləri namazdan ələ gətirdikləri xüsusiyyətlərlə tərifləyir. "Möminin" surəsində buyurur:
"Həqiqətən, möminlər nicat tapmışlar! O kəslər ki, namazlarında müti olub (Ona) boyun əyərlər!”(Möminin surəsi, ayə:1-2 )
Ayədəki "əfləhə" sözü ərəbcədən, "fələh" və "fəlah" köklərindən olub, əslində, "yarılmaq" və "kəsilmək" mənasındadır. Sonradan hər növ qələbə və məqsədə yetişməklərə də aid olunmuşdur. Əslində, qələbə və nicat tapanlar, öz yollarında olan maneləri aradan aparırlar. Yollarını, son məqsədlərinə kimi yararaq irəli gedirlər. Rağib İsfahani özünün "Müfrədatul-Quran" kitabında bu mənanı şərh edərək yazır: "Fəlah" iki qismdir. Dünyadakı fəlah və axirətdəki fəlah. Dünyadakı fəlah üç şeydə xülasə olur: Əbədilik, ehtiyacsızlıq və izzət. Axirətdəki fəlah isə dörd şeydə olur:
1. Fənasız əbədiyyət;
2. Fəqrsiz ehtiyacsızlıq;
3. Zillətsiz izzət;
4. Cəhlsiz və nadansız elm. Bu ayədə möminlər təvazökarlıq sifəti ilə tanıtdırılır.
Ayədə "xaşiin" sözü ərəbcədən, "xuşu" kökündən olub, insanın təvazökar, cismi və ruhi cəhətdən ədəbinə deyilir. Bütün bu halət böyük bir şəxsin yaxud, mühüm bir həqiqətin müqabilində əmələ gəlir. Onun təsiri insanın bədənində zahir olur. Bu ayə işarə edir ki, möminlərin namazı ruhsuz və sözlərdən ibarət olub, mənasız deyil, bəlkə də, Allaha elə diqqət edirlər ki, Ondan başqa hər şeydən ayrılırlar.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi